“İbrahimbəyov çaşmayıb, komanda alıb danışır”

“İbrahimbəyov çaşmayıb, komanda alıb danışır”
  05 Aprel 2013    Oxunub:1298
“Rüstəm İbraimbəyov da, Əkrəm Əylisli də Söyün Sadıqovdan çox-çox təhlükəli adamlardırlar”.
AzVision.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Sahib Alıyev deyib.

S. Alıyev kinodramaturq Rüstəm İbrahimbəyovun “erməni xalqı Azərbaycanın düşməni deyil” açıqlamasına münasibət bildirərək, Rüstəm İbrahimbəyovun təkcə yazdıqları ilə deyil, mahiyyət etibarı ilə də azərbaycanlı olmadığını bildirib:

“Rüstəm İbrahimbəyovun dünən Rusiyada “partlat”dığı açıqlamalar onun kimliyini bir daha, özü də bu dəfə geriyə dönüşsüz və heç bir şübhə yeri qoymadan ortaya qoyur. Professor Nizami Cəfərov hələ bir neçə il öncə deyəndə ki, bu adam Azərbaycan yazıçısı deyil, onu topa tutanlar vardı. İndi isə bəlli olur ki, İbrahimbəyov təkcə yazdıqlarıyla yox, mahiyyətilə də azərbaycanlı deyil.
“Dağlıq Qarabağın kimin olması məsələsi danışıqlar və müzakirə predmetidir, münaqişənin hərbi yola həlli böyük cinayətdir” deyən, SSRİ-nin dağılmasına göz yaşı axıdan, bizi “slavyan-türk birliyi” kimi qiymətləndirdiyi Avrasiya İttifaqına səsləyən bir adam sizcə, çaşıbmı. Yox çaşmayıb, komanda alıb ona görə belə danışır.

Əkrəm Əylislinin “Daş yuxusu”nda müqəddəsləşdirdiyi ermənilərə Dağlıq Qarabağı hədiyyə etmək fikrindədir Rüstəm İbrahimbəyov. Söyün Sadıqovun “xalq diplomatiyası” yolu ilə. Onların hər üçünün komandanı haradan aldıqları bəllidir. Bəlli olmayan bu üçlükdən kimin hansının üzərində kurator olmasıdır. Amma kimin hansına kuratorluq etməsindən asılı olmayaraq Rüstəm İbraimbəyov da, Əkrəm Əylisli də Söyün Sadıqovdan çox-çox təhlükəli adamlardırlar. Çünki onlar Söyündən daha tanınmış, daha istedadlı və daha məkrli “azərbaycanlı”lardır. Dırnaq ona görədir ki, bu üçlük formaca azərbaycanlı olsalar da mahiyyətcə kimlikləri bəlli deyil. Yazıqlar olsun”.



Teqlər:  





Xəbər lenti