İrəvanda polis etirazçılar əvəzinə həmkarlarına atəş açdı - VİDEO

         İrəvanda polis etirazçılar əvəzinə həmkarlarına atəş açdı -    VİDEO
  04 İyun 2022    Oxunub:1178
Xəbər verdiyimiz kimi dünən İrəvanda keçirilən mitinq zamanı polislə etirazçılar arasında toqquşma olub. Bu gün Ermənistan Səhiyyə nazirliyi 60 nəfərin xəstəxanaya müraciət etdiyini, onların 39-nun polis olduğunu bəyan edib.
İrəvandakı xaos 39 polisi xəstəxanalıq edib
Yerli media polislərin xəsarət almasının əsas səbəblərindən birini müxalifətçilərin onlara daş və şüşə qablar atmasında deyil, asayiş keşikçilərinin məsuliyyətsiz davranışında görüb. Media sübut kimi xaosun baş verdiyi axşamkı mitinqdən videogörüntüləri də dərc edib.

Videoda mitinqi dağıtmaq üçün istifadə olunan xüsusi səs-tüstü qumbaralarının atılması aşkar sezilir. Maraqlısı isə budur ki, xüsusi qumbaradan istifadə edən polis onu radikal davranışlar sərgiləyən kütləyə deyil, polis kordonunun olduğu əraziyə atıb.

“Hayastan” fraksiyasının deputatı Qeqam Manukyan polisin bu davranışını tənqid edərək deyib ki, Proşyan-Dəmirçiyan küçələrinin kəsişdiyi ərazidə baş verən bu insident polisin qəzəbini əks etdirir. O iddia edib ki, xəstəxanalara yerləşdirilən polislər elə özlərinin atdıqları tüstü və səs mərmisinin partlaması nəticəsində xəsarət alıblar.

- Bunu təsdiq edən video da var. Bir neçə mərmi "hökumət daçaları"nın yaxınlığına düşüb. Məndə olan məlumata görə, bəzi yüksək rütbəli polislər, rəis müavinləri başqa xidmətlərdən idarə olunduqları üçün narahatlıq keçiriblər, sakitləşə bilməyiblər. Səhər efirdə bütün reallığı ətraflı faktlarla təqdim edəcəyəm, - erməni deputat deyib.


Ermənistan parlamentinin keçmiş aparat rəhbərinin müavini, hüquq müdafiəçisi Arsen Babayan isə atılan səs qumbaralarının köhnə olduğunu iddia edib. Bu səbəbdən də onlar trayektoriyasını dəyişərək elə polislərin özlərinə xəsarət yetiriblər. Babayan qeyd edib ki, Ermənistan Polisi Davitaşendəki 1032 və Arqavanddakı 1033 saylı hərbi hissələrin şəxsi heyətinə qarşı xüsusi tədbirlər həyata keçirib.

- Polis qoşunlarında xidmətdə olan xüsusi texnikanın istifadə müddəti də başa çatıb və 2017-ci ildən sonra bir dənə də olsun "Svirel" tipli işıq və səs mərmisi alınmayıb. Onların rəfdə saxlanma müddəticəmi 4 ildir. Mütəxəssislərin fikrincə, vətəndaşların və polis əməkdaşlarının aldığı xəsarətlərin ağır olmasına səbəb bu sursatların istifadə müddətinin bitməsidir.

Onun istifadə müddətinin bitdiyini ancaq hazırda yalnız polisdə olan gilizlərə, sursatlara baxış keçirməklə yoxlamaq olar. Təsadüfi deyil ki, videolardan birində polisin məlum sursatları sialaha həddindən artıq ehtiyatla yerləşdirdiyi və istifadə etdiyi aydın görünür,- Babayan deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Polis   Mitinq  



Xəbər lenti