Stoltenberq dünyanın gözlədiyi yeni doktrinanın detallarını açıqladı

   Stoltenberq dünyanın gözlədiyi yeni doktrinanın    detallarını açıqladı
  14 İyun 2022    Oxunub:1051
NATO-nun yeni Strateji Doktrinası dünyada baş verən dəyişiklikləri, Rusiya və Çinin alyansın təhlükəsizliyinə təsirini əks etdirəcək. AzVision.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Afinanın AMNA xəbər agentliyinə müsahibəsində deyib.
"Türkiyə müttəfiqlərindən daha çox terrordan əziyyət çəkib" - Stoltenberq
- Madriddə keçiriləcək NATO Sammitində mühüm qərarlar qəbul edəcəyik. O cümlədən yeni Strateji Doktrina qəbul olunacaq. O, təhlükəsizlik durumunun kollektiv şəkildə qiymətləndirilməsini təmin edəcək və Alyansın gələcək adaptasiyası üçün plan rolunu oynayacaq, - Stoltenberq qeyd edib.

Onun sözlərinə görə, 2010-cu ilin Strateji Doktrinası Avropada sülhün hökm sürməsindən irəli gəlib.

- Bu gün isə Çinin artan təsiri dünyanı dəyişir, təhlükəsizliyimizə və demokratiyamıza birbaşa təsir göstərir. Bundan əlavə, kiber təhdidlər və iqlim dəyişikliyi kimi digər çağırışlar 2010-cu il Doktrinasında demək olar ki, qeyd olunmur. Lakin indi bunlara göz yummaq olmaz, - baş katib deyib.

Stoltenberqin sözlərinə görə, strateji rəqabət dövründə tərəfdaş ölkələrlə daha sıx əməkdaşlıq tələb olunur.
Alyans rəhbəri qeyd edib ki, NATO ilə Avropa İttifaqı arasında əməkdaşlıq artıq bir sıra məsələlər, o cümlədən Ukraynaya dəstək üzrə görünməmiş səviyyəyə qalxıb. Stoltenberq onu da vurğulayıb ki, bu gün alyans getdikcə mürəkkəbləşən təhlükəsizlik mühitində fəaliyyət göstərir və eyni zamanda bir çox problemlərlə üzləşir.

Qeyd edək ki, iyunun 28-30-da Madriddə NATO sammiti keçiriləcək.
Tural Tağıyev
AzVision.az



Teqlər:   NATO   Doktrina   Rusiya   Çin  



Xəbər lenti