Şuşa Bəyannaməsi: Ən yeni tariximizin şanlı səhifəsi

    Şuşa Bəyannaməsi:       Ən yeni tariximizin şanlı səhifəsi
  15 İyun 2022    Oxunub:2128
Bu gün Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətlərini ehtiva edən tarixi Şuşa Bəyannaməsinin birinci ildönümüdür. Cənubi Qafqazda formaşalmış yeni geosiyasi reallığı rəsmiləşdirən bu sənədin Azərbaycanın mədəniyyət mərkəzi olan qədim Şuşada imzalanması xalqımızın ən yeni tarixinin şanlı səhifələrindən biridir.
Şuşa Bəyannaməsinin imzalanması gününün özü bu sənədin tarixi əhəmiyyətini şərtləndirən əsas amillərdən biridir. Bəli, məhz 15 İyun-Azərbaycanın Milli Qurtuluş gününə təsadüf edən bu tarixi məqam Ulu Öndər Heydər Əliyevin “bir millət, iki dövlət” müdrik kəlamının məntiqi sübutunun göstəricisidir. Ərazilərimizin işğaldan azad edilməsindən, yalnız Azərbaycan mədəniyyətinin beşiyi yox, həm də xalqımızın qeyrət simvolu olan Şuşada bu sənədin imzalanması onun tarixi əhəmiyyətini daha da artırır. Azərbaycan Prezidenti İlham Əliyevin torpaqlarımızın işğaldan azad edilməsi ilə Ulu Öndər Heydər Əliyevin ruhu qarşısında həm də öz oğulluq borcunu yetirdiyinə görə xoşbəxt olduğunu vurğulaması və 44 günlük Vətən müharibəsində xalqımıza siyasi-mənəvi dəstək göstərən qardaş Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanla Şuşada belə tarixi sənədi imzalaması bunun əyani sübutudur.

Digər tarixi faktor isə Şuşa Bəyannaməsinin Qars müqaviləsinin 100 illiyi ərəfəsində imzalanması idi. Bir əsr əvvəl imzalanan həmin müqavilə Cənubi Qafqazda Türkiyənin yalnız ticari və maliyyə-iqtisadi iştirakını nəzərdə tuturdusa, Şuşa Bəyannaməsi Azərbaycan vasitəsilə Türkiyənin hərbi məsələlərdə də regionda iştirakını birmənalı şəkildə rəsmiləşdirir. Əslində, Türkiyənin Cənubi Qafqazda hərbi mövcudluğu Ağdamda yerləşən Türkiyə-Rusiya hərbi monitorinq mərkəzinin fəaliyyəti ilə başlasa da, Şuşa Bəyannaməsində hərbi-texniki sahədə əməkdaşlığın daha da gücləndirilməsi, hərbi təhdid və ya təcavüz zamanı tərəflərin zəruri yardım barədə öz əksini tapan müddəalar Azərbaycan-Türkiyə hərbi müttəfiqliyinin yeni keyfiyyət müstəvisinə keçdiyindən xəbər verir. Bu isə Azərbaycnla Türkiyənin ərazi bütövlüyünün, müstəqilliyin, suverenliyin və sərhədlərin qorunması kimi taleyüklü məsələlərdə vahid mövqedən çıxış edəcəyini və ehtiyac yarandığı təqdirdə qarşılıqlı hərbi dəstək göstəriləcəyini diqqətə çatdırır.

Belə siyasi iradənin tarixi sənəddə qeyd edilməsi 44 günlük Vətən müharibəsi zamanı Azərbaycana qarşı qərəzli mövqe sərgiləyən və rəsmi Bakıya təzyiq göstərməyə çalışan, habelə Türkiyəni guya ölkəmizə hərbi yardım göstərməkdə suçlandıran bəzi Qərb ölkələrinə və xarici siyasi dairələrə ciddi mesajdır. Belə ki, Şuşa Bəyannaməsi ilə Azərbaycanla Türkiyənin bir-birinə hərbi yardım göstərməsinin yalnız bu iki dövlətin suveren hüquqlarına aid bir məsələ olması vurğulanır.

İki ölkənin silahlı qüvvələrinin müasir tələblər çərçivəsində yenidən formalaşdırılması və modernləşdirilməsi, müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyin möhkəmləndirilməsi yönündə şəxsi heyət mübadiləsi, birgə təhsil və təlimlərin keçirilməsi, birgə fəaliyyət qabiliyyətinin artırılması, müasir texnologiyalara əsaslanan silah-sursatın idarə olunması üçün sıx əməkdaşlığının təminatı barədə Şuşa Bəyannaməsinin müvafiq müddəası artıq öz məntiqi təsdiqini tapıb. Azərbaycan və Türkiyə silahlı qüvvələrinin müntəzəm şəkildə keçirilən birgə hərbi təlimləri ilə yanaşı, Şuşa Bəyannaməsində qeyd olunduğu kimi, artıq hərbi sənaye sahəsində əməkdaşlıq çərçivəsində də ilk addımları atılır. Bir müddət əvvəl Bakıda keçirilən TEKNOFEST festivalı bunun əyani sübutudur. Bu məqamlar Azərbaycan-Türkiyə münasibətləri salnaməsində tarixi bir yenilikdir.

Şuşa Bəyannaməsinin tarixi əhəmiyyətini şərtləndirən məqamlardan biri də ümumilikdə Türk dünyasında ilk dəfə belə bir sənədin ərsəyə gəlməsidir ki, bu da gələcəkdə türk dövlətləri arasında daha bir tarixi Bəyannamənin imzalanmasına ciddi zəmin yaradır.

Şuşa Bəyannaməsində Azərbaycan və Türkiyəni birləşdirən dəhlizin – Zəngəzur dəhlizinin açılmasının və onun davamı kimi Naxçıvan-Qars dəmir yolunun tikintisinin iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşməsinə mühüm töhfə verəcəyinin vurğulanması bu ehtimalı daha da gücləndirir. Çünki Mərkəzi Asiyadakı türk dövlətlərinin də bu dəhlizin imkanlarından yararlana bilməsi üçün böyük imkanlar mövcuddur.

Şuşa Bəyannaməsinin tarixi əhəmiyyətini təsdiqləyən ən əsas amil isə Azərbaycan-Türkiyə müttəfiqliyinin digər ölkələrə və ya dövlətlər qrupuna qarşı yönəlməməsi, mahiyyət etibarilə müdafiə xarakterli olmasıdır. Sadəcə, iki qardaş ölkə mürəkkəb və ziddiyyətli hərbi-siyasi proseslərin yaşandığı müasir dövrdə mövcud və hipotetik təhdidlərə qarşı birgə mübarizə aparmaq əzmində olduqlarını məhz tarixi Şuşa Bəyannaməsi vasitəsi ilə dünyaya bəyan edib.

Sahil İsgəndərov, politoloq
AzVision.az


Teqlər:





Xəbər lenti