Büdcəyə yenidən baxmaq vaxtıdır – TƏHLİL

// Yeni sosial paketə ehtiyac da var, imkan da

  Büdcəyə yenidən baxmaq vaxtıdır –    TƏHLİL
  17 İyun 2022    Oxunub:3506
Ölkəmizdə cari ilin dövlət büdcəsinə yenidən baxılacağı ilin əvvəlindən gözlənilirdi. Çünki neftin dünya bazar qiymətləri xeyli vaxtdır yüksək səviyyədədir. Keçən il də büdcəyə gəlirlərimiz nəzərdə tutulandan artıq olmuşdu, bu il də 50 dollar məbləğində proqnozdan iki dəfədən çoxdur. Odur ki, Azərbaycanda cari ilin dövlət büdcəsinə yenidən baxmağa ehtiyac var.
2022-ci il üçün dövlət büdcəmizin gəlirləri 26 milyard 816 milyon manat, xərcləri 29 milyard 879 milyon manat təsdiqlənib. Neftin qiymətinin baha olması iqtisadiyyatı birtərəfli inkişaf edən, yəni gəlirləri sırf xammal resurslarının ixracından asılı olan ölkələr üçün sərfəlidir. Çünki əlavə gəlir gətirir, valyuta axını yaradır və sair. Azərbaycan da bu sıradadır. Lakin bu amil qeyri-neft sektorunun inkişafını buxovlayır, ciddi bahalaşma və inflyasiya törədərək, idxal vasitəsilə istehlak bazarında qiymətlərin yüksəlişi üçün zəmin yaradır.

Ümumiyyətlə, xam neftin hədsiz bahalaşması dünya iqtisadiyyatı üçün xeyirli deyil. Çünki yanacaq məhsulları bahalaşmaqla daşınma xərcləri çoxalır, nəticədə də istehlak mallarının qiymətləri artmaqla tələblə təklif arasında balans pozulur. Təkrar istehsal tsikli dalana dirənir. Hazırda qlobal iqtisadiyyatda müşahidə olunan böhranın əsas səbəbi də məhz bundan ibarətdir. Ona görə ötən şərhimdə yazmışdım ki, neftin baha olması bir tərəfdən dövlət gəlirlərimizi artırır, digər tərəfdən isə təəssüf ki, addım-addım çətin iqtisadi vəziyyət yaradır.

Pul şəklində aldığımız bugünki gəlirlərimiz sabah inflyasiyanın yeminə çevrilmə təhlükəsi daşıyır. Belə ki, sabah biz bu pulları iqtisadi böhranla əlaqədar, əhalinin sosial vəziyyətini müdafiə etmək məqsədilə dövriyyəyə buraxıb, əməkhaqlarını artırmaq, pensiya, sosial müavinətləri qaldırmaq, mövcud iqtisadi şəraitlə sosial sfera arasında yaranan disbalansı aradan götürmək məcburiyyəti qarşısında qala bilərik. Bu zaman həmin pullar həqiqətən qiymət artımı və inflyasiyanın yeminə çevriləcək. Ancaq başqa yol varmı? Xeyr.

Odur ki, ortada iqtisadi artım faktı olmalıdır. Bu, vacibdir. Hələ yaxşı ki, Azərbaycan enerji daşıyıcıları ölkəsidir və biz bu sahədə idxalçı deyil, ixracçı dövlətik. Qlobal miqyasda yaranmış çətin iqtisadi durumda ölkəmizdə inflyasiya və istehlak qiymətlərinin artması ilə yanaşı istehsal da genişlənməkdə davam edir. Qeyri neft-qaz sektoru inkişafdadır. İşğaldan azad edilən əraziləridə bərpa və yenidənqurma işləri getdikcə daha böyük sürət alır.


Cari ilin yanvar-aprel aylarında ÜDM əvvəlki ilin eyni dövrünə nisbətən 7,2% artaraq, 39 milyard 554 milyon 800 min manat, qeyri neft-qaz sektoru üzrə isə 11,4 faiz artaraq 19 milyard 469 milyon 100 min manat təşkil edib. Qeyri neft-qaz sektorunda əsas kapitala yönəldilmiş vəsaitlərin həcmi bu ilin ilk 4 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,9 faiz çoxalıb. Sektorun inkişafında prioritet sahələrdən olan emal sənayesində dövr ərzində əlavə dəyər ötən ilin müvafiq dövrünə nisbətən 12,2 faiz, qeyri-neft emal sənayesində isə 22,6 faiz yüksəlib.

Bütün bunlar qorunub saxlanmalıdır. Bu isə dövlət büdcəsindən əlavə xərclər tələb edir. Məsələn, işğaldan azad olunan ərazilərdə görülən işlərə bu ilin büdcəsindən keçən il olduğu kimi 2,2 milyard manat ayrılıb. Dövlət büdcəsinə yenidən baxmağı zərurətə çevirən şərtlərdən biri məhz bu vəsaiti artırmaqdan ibarətdir. Eyni zamanda iqtisadiyyatın inkişafı ilə bağlı digər investisiya xərclərinə də vəsait ayırmaq mümkündür.

Lakin bütün bunlara paralel olaraq, sosial istiqamətdə də növbəti artımlara getmək mümkündür və bu, olduqca vacib sayılır. Belə ki, dövlət başçımız İlham Əliyevin tapşırığı ilə bu ilin əvvəlindən icra olunmağa başlanan illik maliyyə tutumu 2,1 milyard manata bərabər 3,4 milyon insanı əhatə edən sosial paketdən əlavə, ikinci bir paketin də icrası üçün ehtiyac var və buna imkan mövcuddur. Dövlət büdcəsinin icra vəziyyəti bu il ərzində növbəti sosial paketin də icrası üçün zəmin yaradır ki.

Yeri gəlmişkən, dövlət büdcəsinə yenidən baxılarkən istəməzdim ki, Neft Fondundan transfert artırılsın. Büdcənin icrası o qədər yaxşı vəziyyətdədir ki, ilin axırınadək Neft Fondundan transfert xeyli aşağı həcmdə həyata keçirilə bilər. Bu da büdcənin neftdən asılılığını azaltmaq baxımından vacibdir. Xatırladım ki, bu il, yəni 2022-ci ildə Fonddan dövlət büdcəsinə 12 milyard 710 milyon manat transfert nəzərdə tutulub. Neft Fondundan transfert artırılmadan belə büdcəyə dəyişiklik zamanı ölkə üzrə minimum əməkhaqqını ilin ikinci yarısı ərzində 350 manata, minimum pensiya məbləğini isə 260 manata qaldırmaq mümkün və realdır.


Pərviz Heydərov
Azvision.az üçün


Teqlər: Büdcə  





Xəbər lenti