Azərbaycan enerji ümidlərini doğruldur
Alternativ mənbələrdən biri məhz Azərbaycandır. Ancaq dövlət başçımız İlham Əliyev demişkən, bu sahədə imkanlarımız müəyyən limit çərçivəsindədir. Bu yerdə həmçinin haqlı bir sual da yerinə düşür ki, vaxtilə Cənub Qaz Dəhlizi layihəsinə niyə lazımi dəstək göstərilmədi? Hazırda “Cənub Qaz Dəhlizi” layihəsinin önəmi hədsizdir. Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən bu layihə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır və bu enerji dəhlizinin gələcəkdə genişləndirilməsi imkanlarına baxılır.
Azərbaycan həmişə bəyan edib ki, Xəzər dənizini əməkdaşlıq və sərmayələr məkanı kimi görmək istəyir. Dövlət başçımız demişkən, Cənub Qaz Dəhlizi həqiqətən də fərəhlənə biləcəyimiz layihədir. Layihə, bizə nəhəng “Şahdəniz” qaz-kondensat yatağında hasilatı artırmaq imkanı yaratdı. Düz bir il beş aydır ki, bu yeni müasir infrastrukturdan öz qaz ehtiyatlarımızın nəqli üçün istifadə edirik.
Avropa qitəsində təbii sərvətlərimizlə bağlı fəaliyyətimizin genişlənməsində həm biz, həm də qarşı tərəf maraqlıdır. Keçən il Azərbaycandan 22 milyard kubmetr təbii qaz ixrac etmişdir. Bu il gözlənilir ki, bu rəqəm 24 milyard kubmetr, gələn il daha da çox olacaq. Yeri gəlmişkən, Azərbaycanımızın qaz potensialı təkcə “Şahdəniz”lə məhdudlaşmır. Digər yataqlar da var və perspektivlər vəd etməkdədir. Gələn il onların bəzilərində hasilat başlayacaq. Beləliklə də, enerji təhlükəsizliyimiz bir az da möhkəmlənəcək. Özü də, Azərbaycanın karbohidrogenlərinə indiyədək heç zaman görünməyən qədər böyük tələbat yarandığı fonda.
Pərviz Heydərov
AzVision.az
Teqlər: Qaz