Amerikalı politoloq: “Vaşinqton Ukrayna ilə bağlı Azərbaycana təzyiq etməyəcək” – MÜSAHİBƏ

      Amerikalı politoloq:    “Vaşinqton Ukrayna ilə bağlı Azərbaycana təzyiq etməyəcək” –    MÜSAHİBƏ
  21 İyun 2022    Oxunub:2324
ABŞ Qlobal Siyasət Mərkəzinin tədqiqatçısı, STRATFOR analitik şirkətinin Avrasiya məsələləri üzrə keçmiş eksperti Yevgeni Çausovski AzVision.az-a müsahibəsində bəzi aktual suallara aydınlıq gətirib.
- Bugünlərdə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan arasında görüş keçirilmişdi. Müxtəlif KİV-lərdə ABŞ-ın Rusiya-Ukrayna müharibəsi məsələsində neytral ölkələrə tərəf seçməyi təklif etdiyi barədə fikir yayılıb. Sizcə, Hacıyevlə Sallivanın görüşündə bu məsələ müzakirə olunubmu?
- ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivanla Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev arasında danışıqlardan bəhs edərkən bir neçə mühüm amili nəzərə almaq lazımdır. Bunlardan biri ABŞ-ın Azərbaycan və Ermənistan arasında sülh danışıqları ətrafında diplomatik səylərə dəstəyi, xüsusən də, vasitəçilik prosesində Rusiyanın üstünlüyünün qarşısını almaqdır.
Digər məsələ Ukrayna münaqişəsinə aiddir. ABŞ Azərbaycanı Avropanın enerji resurslarının şaxələndirilməsi səylərinə müəyyən töhfə verən mühüm oyunçu kimi görür. Bununla belə, Vaşinqton Bakının çoxvektorlu xarici siyasət yürütdüyünü bildiyindən, çətin ki, Azərbaycana Ukraynadakı vəziyyətlə bağlı ABŞ-ın tərəfini tutması üçün ciddi təzyiq göstərsin. Əksinə, Azərbaycanın enerji şaxələndirməsində əməli yardımı ABŞ-a siyasi/ritorik dəstəkdən daha vacibdir.
Amerikalı politoloq: “Müharibə həm də Rusiya ilə ABŞ arasında gedir” – MÜSAHİBƏ

- Necə düşünürsünüz, bu gün Rusiya-Ukrayna müharibəsi fonunda Üçüncü Dünya Müharibəsinin əlamətləri görünürmü? Ukraynadakı müharibə fonunda Qərblə Rusiya arasında qarşıdurma Dünya Müharibəsinə gətirib çıxara bilərmi?
- Rusiya-Ukrayna müharibəsinin tez bir zamanda bitməsinin əlamətləri görünmür. Rusiya ilə Qərb arasında birbaşa hərbi qarşıdurma olması və bunun üçüncü dünya müharibəsinə gətirib çıxara biləcəyi ehtimal olunmur. Həm Rusiya, həm də NATO belə bir nəticənin qarşısını almaqda maraqlıdırlar və hər iki tərəf birbaşa toqquşmalardan qaçmağa çalışacaq. Eyni zamanda, Rusiya-Ukrayna müharibəsinin iqtisadi və siyasi nəticələri artıq qlobal ölçülərə çatıb, bu isə enerji, ticarət və kənd təsərrüfatına dəymiş ziyanı nəzərə alsaq, artıq aydın görünür.

- Ukrayna müharibəsinin Cənubi Qafqaz regionu üçün hansı riskləri var?
- Müharibə riskləri ilk növbədə iqtisadi və diplomatik məsələlərdən qaynaqlanır, çünki Qərbin Rusiyaya qarşı sanksiyaları Qafqaz ölkələrinə də ciddi təsir göstərə bilər və Moskva ilə Qərb arasında daha geniş qarşıdurma siyasi qütbləşmənin artmasına səbəb olar. Ola bilsin ki, Gürcüstan Aİ və NATO-ya daha çox inteqrasiya etməyə can atdığı kimi, Abxaziya və Cənubi Osetiya kimi separatçı ərazilər də Rusiya ilə daha sıx münasibətlər qurmaq istəyirlər. Bununla belə, Ukrayna münaqişəsinin Qafqazdakı hərbi əməliyyatlara birbaşa təsiri az ehtimal olunur.

- Belə bir fikir var ki, Ukraynadakı müharibə fonunda nüvə silahından istifadə riski artır. Sizcə nüvə müharibəsi olacaqmı?
- Nüvə silahından istifadə riskini tamamilə istisna etmək mümkün olmasa da, Rusiya ilə NATO arasında birbaşa qarşıdurmanın baş verməsi ehtimalı az olduğu kimi, bu da ağlabatan deyil. Hər iki tərəf qarşılıqlı məhv riskini dərk edir və belə bir ssenarinin qarşısını almaqda maraqlıdırlar. Ancaq taktiki səhv hesablamalar hələ də mümkündür, xüsusən də müharibə uzanmaqda və ya böyüməkdə davam edərsə.

- Rusiya-Ukrayna müharibəsinin nəticəsini necə görürsünüz?
- Rusiya-Ukrayna müharibəsi, çox güman ki, hərbi nöqteyi-nəzərdən ən azı Moskva Donetsk və Luqansk vilayətlərinə tam nəzarət etmək məqsədinə çatana qədər davam edəcək. Bu məqsədə nail olunarsa, diplomatik danışıqları bərpa etmək və hansısa atəşkəs sazişi bağlamaq mümkün ola bilər. Bununla belə, Rusiyanın Ukrayna ərazisi üzərində nəzarətini rəsmiləşdirmə cəhdləri və ehtimal ki, Ukrayna hökumətinin rəsmi ərazi güzəştləri ilə razılaşmaqdan imtina etməsi istənilən hərtərəfli razılaşmaları və ya sülh səylərini çətinləşdirəcək. Beləliklə, müharibə, yəqin ki, kifayət qədər uzun müddət davam edəcək və Moskva ilə Qərb arasında qarşıdurmanı daha da gərginləşdirəcək.

Seymur Məmmədov
Tərcümə: Nadir Quliyev



Teqlər:   ABŞ   Müharibə   Rusiya   Ukrayna  





Xəbər lenti