Prezidentin tənqidinə REAKSİYA

Prezidentin tənqidinə REAKSİYA
  14 Fevral 2013    Oxunub:2192
İki gün əvvəl Prezident İlham Əliyev məmurları kəskin tənqid etdi. Onları təvazökar olmağa, vəzifəli şəxslərin ailə üzvlərini isə bu mövqedən sui-istifadə etməməyə çağırdı. Prezidentin həmin çıxışı ictimaiyyətdə geniş müzakirələr açdı. AzVision.az bir neçə siyasi xadimin dövlət başçısının tənqidləri ilə bağlı fikrilərini öyrənib.

Bunu Prezidentin son xəbərdarlığı kimi qiymətləndirən millət vəkili Çingiz Qənizadə deyib ki, Prezident bu məsələni vaxtında və əsaslı olaraq qabartdı. Millət vəkilinin sözlərinə görə, həqiqətən də prezidentin dilindən səslənən bütün o məlumatlar və narahatlıqlar biz də çatırdı: “Həm seçildiyimiz dairələrdə, həm ayrı-ayrı bölgələrdə keçirilən tədbirlərdə iştirak edərkən, həm də qəbula gələn şikayətçilərdən bunları eşidirdik. Hesab edirəm ki, bu, prezidentin son xəbərdarlığıdır”.

Çingiz Qənizadə bildirib ki, prezident İlham Əliyev dünənki çıxışında məmurlara bütün məsələlərdə yol göstərdi: “Prezident özünün daxili və xarici siyasətini göstərməklə yanaşı, hətta davranış qaydalarını onlara başa salmağa çalışdı ki, insanlarla bu cür davranmaq lazımdır. Başa salmağa çalışdı ki, insanları incitmək olmaz, onları təhqir etmək olmaz, bahalı-bahalı maşınlardan, hədiyyələrdən övladlarınız, qohumlarınız əl çəkməlidir. İnsanları qıcıqlandıran hərəkətlərə yol verilməməlidir. Hesab edirəm ki, hər bir məmur bundan nəticə çıxarmalıdır. Hesab edirəm ki, məmurlar cəmiyyətə, özlərinə yanaşmada yeni bir tərzi ortaya qoymalıdırlar.Əgər bunu etməyənlər olacaqsa, prezident tərəfindən ciddi cəzalandırılacaq. Bundan hamı özü üçün nəticə çıxarmalıdır”.

Politoloq Elçin Mirzəbəyli də Prezidentin bu çıxışını təqdir edib. O hesab edir ki, bu çıxış və xəbərdarlıq kifayət qədər təsirli olacaq. “Kiminsə işdən çıxarılması, prezidentin səlahiyyətində olan məsələdir. Hər halda xəbərdarlıq ortadadır və orada mövcud problemlərin mahiyyəti də göstərilib. Dünənki çıxış göstərdi ki, bu günə qədər baş verənlər haqqında prezidentin nə qədər məlumatlıdır. Bu baxımdan hesab edirəm ki, hər kəs öz fəaliyyətindəki nöqsanları nəzərə alacaq. Əgər almayacaqsa, yəqin ki, tədbirlər görüləcək. Hər kəs hansı nöqsana yol verdiyini özü yaxşı bilir. Çox güman ki, prezident də məsələni açıqlayanda hər şeyin diqqət mərkəzində olduğu barədə hər kəs məlumatlı oldu.

Arzu edirəm ki, hökumət nümayəndələri öz fəaliyyətlərində nöqsanları aradan qaldırsınlar. Aradan qaldırılmasa, yenə təkrar edirəm, tədbir görmək üçün prezidentin səlahiyyətində kifayət qədər imkanlar var” – deyə Elçin Mirzəbəyli bildirib.

Millət vəkili Fazil Mustafa isə düşünür ki, bundan sonrakı məqamda müəyyən addımlar atılmalıdır: “Çünki cəmiyyət inanmalıdır ki, həqiqətən də bu istiqamətdə müsbət dəyişikliklər olacaqdır. Mən bunu gözləyirəm. Çox güman ki, bu istiqamətdə də addımlar atılacaq. korrupsiyaya qarşı mübarizə məsələsində ciddi işlər görüləcək”.

Lakin millət vəkili indiki məqamda kimlərinsə vəzifəsindən azad olunacağını güman etmir. “İnanmıram ki, məsələ bu qədər dərinə getsin” deyə Fazil Mustafa bildirib.


Teqlər:





Xəbər lenti