İttihamlardan bezən aparıcı müalicəsini yarımçıq qoydu

İttihamlardan bezən aparıcı müalicəsini yarımçıq qoydu
  05 Aprel 2013    Oxunub:4521
“Allah nə qədər ömür verib, o qədər də yaşayacağam. Bakıya qayıdandan sonra müalicəmdə mənə dəstək olan insanların borcunu qaytaracağam”.
Ötən il ağciyərlərində ağır onkoloji xəstəlik aşkar olunan xeyriyyəçi və teleaparıcı Nuran Hüseynov Filippindəki müalicə kursunu başa vurub. Bir müddət öncə tanınmış aktyor, publisist, karikaturaçı Bəhram Bağırzadə mətbuata Hacı Nuranın səhhəti ilə bağlı müraciət ünvanlayıb. Müraciətdə aparıcının həmvətənlərinin dəstəyi ilə Filippindəki müalicə kursunu uğurla keçdiyi və xeyriyyəçinin reabilitasiya üçün Almaniyaya, Kölnə getməli olduğu bildirilib.

“Hacı Nuranın xəstəxanaya yerləşdirilməsi və müalicə kursunun son mərhələsinə başlaması üçün 47 min avro tələb olunur. Əziz dostlar, Hacı Nuran cəsarətlə bu xəstəliyə qarşı mübarizə aparır. Hazırda bu mübarizədə onun bizim dəstəyimizə ehtiyacı var. Gəlin ona kömək edək və tezliklə vətənə qayıtması üçün çalışaq”,-deyə müraciətdə deyilir.

Ancaq Bəhram Bağırzadənin müraciəti sosial şəbəkələrdə birmənalı qarşılanmayıb, sosial şəbəkə istifadəçiləri aparıcını xalqı aldatmaqda, müalicə kursu barədə ətraflı hesabat verməməkdə ittiham edib.

Bu gün mətbuata ünvanladığı müraciətində Hacı Nuran ötən ilin mayından oktyabra qədər Ankara, Moskva və Vyanada keçdiyi müalicə kursunun xərclərini özünün ödədiyini və müsbət nəticələr əldə etdiyini yazıb. Bir qədər sonra maddi sıxıntı çəkdiyini və öz imkanları ilə səhhətinə qovuşacağına inanmadığını deyən teleaparıcı mətbuatda aparılan kampaniyanın yaxın dostu Bəhram Bağırzadə tərəfindən başladıldığını bildirib.

“Xalqımın dəstəyi məni ayağa qaldırdı, ümid və cəsarət verdi” deyən Hacı Nuran son günlər sosial şəbəkələrdə aparılan “müzakirələr”dən sonra çox təəssüfləndiyini, Kölndə başladığı müalicəni davam etdirmək istəmədiyin və Bakıya qayıdacağını açıqlayıb. “Allah nə qədər ömür verib, o qədər də yaşayacağam. Bakıya qayıdandan sonra müalicəmdə mənə dəstək olan insanların borcunu qaytaracağam. Bu yolda mənə dəstək olan hər kəsə minnətdarlığımı bildirirəm”,-deyə Nuran Hüseynov bildirib.


Teqlər:





Xəbər lenti