“Səfərin ciddi nəticələri olacaq” - Özbəkistanlı ekspert

   “Səfərin ciddi nəticələri olacaq” -    Özbəkistanlı ekspert
  23 İyun 2022    Oxunub:3507
“Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana rəsmi səfəri ikitərəfli münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. İki ölkə arasında əməkdaşlıq çoxşaxəlidir və imzalanmış sənədlərin sayı onun bu gün necə inkişaf etdiyini, uzunmüddətli perspektivdə dərinləşməsi və inkişafı üçün ciddi perspektivlərə malik olduğunu göstərir”.
Bunu AzVision.az-a Özbəkistanın “Mano” (“Məna”) Tədqiqat Təşəbbüsləri Mərkəzinin direktoru Baxtiyor Erqaşev Azərbaycan prezidenti İlham Əliyevin Özbəkistana səfərinin yekunlarını şərh edərkən deyib. Onun sözlərinə görə, prezidentlər arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın inkişafı haqqında imzalanmış bəyannamə qarşılıqlı münasibətlərin inkişafında yeni mərhələ açdığı üçün çox mühüm sənəddir.

“Əməkdaşlığın konkret sahələrinə gəlincə, qeyd etmək lazımdır ki, həm Azərbaycan, həm də Özbəkistan ciddi nəqliyyat və tranzit potensialına malikdir və hər iki ölkə bu potensialdan qarşılıqlı faydalı əsasda istifadə etməlidir. Yadımdadır, 2020-ci ildə pandemiya zamanı Özbəkistan məhsulları yüklənmiş ilk qatarları Azərbaycandan keçməklə Bakı-Tiflis-Qars dəmir yolu ilə multimodal marşrut üzrə yola salınmışdı. Özbəkistan və Azərbaycan Mərkəzi Asiya ölkələrini Cənubi Qafqaz və Türkiyə ilə birləşdirəcək Transxəzər nəqliyyat dəhlizinin formalaşması yolunda əsas nöqtələrə çevrilə bilərlər.

Transxəzər Nəqliyyat Dəhlizinin stabil işləməsi Türkiyənin Aralıq dənizindəki dəniz limanlarına çıxış imkanları açır ki, bu da Özbəkistan və digər Mərkəzi Asiya ölkələrinin məhsullarının Cənubi Avropa, Şimali Afrika və Yaxın Şərq bazarlarına çıxış əldə etməsi deməkdir. Bu, Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında həm ikitərəfli, həm də çoxtərəfli ticarət-iqtisadi əlaqələrin gücləndirilməsinə xidmət edəcək çox mühüm əməkdaşlıq sahəsidir.

Eyni zamanda nəzərə almaq lazımdır ki, Özbəkistan, Qırğızıstan və Çin dəmir yolunun tikintisi başa çatsa, Azərbaycanın nəqliyyat və tranzit potensialından daha geniş istifadə olunacaq, çünki iri həcmdə yük Qırğızıstan, Özbəkistan, Türkmənistandan keçərək Xəzər dənizinə çıxacaq, oradan da Transxəzər marşrutları ilə Cənubi Qafqazdan Türkiyəyə keçəcək və yoluna davam edəcək. Yəni tikilmiş və tikintisi nəzərdə tutulan nəqliyyat dəhlizləri ikitərəfli əməkdaşlığın inkişafında çox ciddi istiqamətdir. Hər kəs başa düşür ki, Özbəkistan və Azərbaycan arasında nəqliyyat-kommunikasiya sektorunda qarşılıqlı fəaliyyət əsas prioritetlərdən biridir”, - B. Erqaşev bildirib.

Özbəkistanlı politoloqun fikrincə, Azərbaycan və Özbəkistanın əməkdaşlıq edə biləcəyi və etməli olduğu bir sıra başqa sahələr də var: “Özbəkistan Prezidentinin qeyd etdiyi kimi, son 6 ildə iki ölkənin xarici ticarət dövriyyəsinin 4 dəfədən çox artması çox ciddi göstəricidir. Birgə müəssisələrin sayı və sənaye istehsalının həcmi artır ki, bu da iki ölkə arasında iqtisadi əməkdaşlığın hansı istiqamətdə inkişaf edəcəyinin göstəricisidir. Bu, investisiya əməkdaşlığıdır, neft-qaz hasilatı və ya emalı sahələrində texnoloji əməkdaşlıqdır, kənd təsərrüfatı məhsullarının emalı sahəsində, toxuculuq sektorunda əməkdaşlıqdır.

Komponentlərin istehsalının lokallaşdırılması imkanlarını nəzərə alsaq, Azərbaycanda avtomobillərin yığılması layihəsinin çox ciddi perspektivləri var. Bu, iki ölkə arasında əməkdaşlığın yeni səviyyəsidir və əslində belə sahələr çoxdur. İmzalanan sənədlərin əksəriyyəti iki ölkənin yeni birgə sənaye istehsalı həcminin artmasına yönəlib. Bu, ikitərəfli əməkdaşlığın yeni mərhələsinin çox perspektivli başlanğıcıdır”, - B.Erqaşev bildirib.

Geosiyasi və geoiqtisadi məsələlərə, xüsusən də, Ukrayna ətrafında yaranan vəziyyətə toxunan ekspert qeyd edib ki, Azərbaycanla Özbəkistanın Ukraynada baş verən proseslərlə bağlı öz yanaşması var: “Yeri gəlmişkən, Azərbaycan Özbəkistanı Dağlıq Qarabağda müxtəlif layihələrin həyata keçirilməsində iştiraka dəvət edib. Özbəkistan bu məsələni ciddi şəkildə nəzərdən keçirir, çünki nəqliyyat və tranzit imkanlarının bu istiqamətdə inkişafında maraqlıdır. Hesab edirəm ki, konkret nəticələr, konkret layihələr olacaq. Mənə elə gəlir ki, Azərbaycan təkcə Özbəkistanla deyil, bütün Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı əlaqələri ciddi şəkildə gücləndirmək niyyətindədir. Azərbaycanın xarici siyasətinin Mərkəzi Asiya istiqaməti isə nəinki yaxın illərdə, həm də uzunmüddətli perspektivdə möhkəmlənəcək”.

Samir Vəliyev
Nadir Quliyev

AzVision.az




Teqlər: Özbəkistan  





Xəbər lenti