Qazaxıstan "neft blokadası"nı yara biləcəkmi? – MÜSAHİBƏ

  Qazaxıstan "neft blokadası"nı yara biləcəkmi? –    MÜSAHİBƏ
  27 İyun 2022    Oxunub:8666
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Peterburq İqtisadi Forumunda separatçı qurumlarla bağlı məşhur fikrini səsləndirəndən sonra ölkənin neftinin 80 faizinin Rusiya vasitəsilə Qərbə daşındığı Novorossiyskdə Xəzər Boru Kəməri Konsorsiumunun (XBKK) iki dəniz platforması sıradan çıxdı. Bu, təsadüfdürmü?
AzVision.az qazaxıstanlı politoloq, Xalq Təsərrüfatı Universitetinin Beynəlxalq Əlaqələr və İdarəetmə kafedrasının professoru Saken Mukanla bu haqda danışıb.

Professor deyir ki, belə bir “insident” Qərbin Rusiya Federasiyasına qarşı sanksiyalarının tətbiqi, Rusiyanın “Ukrayna əməliyyatı” fonunda bir dəfə də baş vermişdi. Lakin o zaman günahkar XBKK-nın bütün tarixi boyu “ilk dəfə üzləşdiyi” əlverişsiz hava şəraiti, külək və ya tufan oldu. İndi isə rəsmi məlumata görə, səbəb XBKK yanalma körpülərinin yerləşdiyi sahədə dənizin dibinin İkinci Dünya Müharibəsindən qalan sursatlardan təmizlənməsidir:

- Mən faktiki olaraq nə baş verdiyini təxmin edə bilmərəm, amma aydındır ki, Rusiya tərəfi Qazaxıstan neftinin qərb istiqamətinə ixracına hər cür mane olur. Bu cür maneələr davam edəcək. Səbəb hər şey ola bilər - Avrasiya İqtisadi Birliyi daxilində ticarət şərtlərinin asılı durumundan tutmuş, Qazaxıstanın həm regional səviyyədə, həm də BMT Baş Assambleyasındakı səsvermədə sərgilədiyi xarici siyasi mövqeyinə və s. qədər.

- Neft ixracında azalma davam edərsə, mütəxəssislər Qazaxıstan iqtisadiyyatının növbəti böhranla üzləşəcəyini proqnozlaşdırırlar. Belədirmi?
- Tam belə deyil. Burada məsuliyyət xarici amillər və potensial logistik təhdidlərdən çox, Qazaxıstanın daxili potensialı və idarəetmə rıçaqlarının üzərinə düşür, lakin təəssüf ki, birinciləri də inkar etmək olmaz. 2022-ci ilin yanvar hadisələri, prezident Tokayevin siyasi hakimiyyətinin güclənməsi, Konstitusiyaya dəyişikliklərlə bağlı son referendum, “oğurlanmış” aktivlərin xaricdən ölkəyə qaytarılması, Nazarbayevlər ailəsinin ölkənin biznes strukturunda nüfuzunu itirməsi, milli iqtisadiyyatın diversifikasiyası və s. məsələlər növbəti böhran gözləntilərini aradan qaldırmağa kömək edir.

- Qazaxıstan hakimiyyəti bu vəziyyəti həll etmək üçün hansı işlər görür?
- Qazaxıstan Respublikasının energetika naziri B.Akçulakovun verdiyi son məlumata görə, Rusiya tərəfi bu barədə iyunun 13-də, yəni prezident Kasım-Jomart Tokayevin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumuna gəlməsindən əvvəl Qazaxıstana məlumat verib. O, həmçinin vurğulayıb ki, iki körpünün işinin dayandırılması Qazaxıstan neftinin ixracının həcminə təsir etməyəcək, çünki Kaşaqan yatağında (Qazaxıstan) da iyunun 1-dən iyulun 15-dək təmir işləri aparılır. Qazaxıstan Respublikasının energetika nazirinin verdiyi aydın açıqlamaya görə, ölkə Rusiya Federasiyasının hər şeyi yoluna qoymasını gözləyir.

- Qazaxıstan neftinin dünya bazarlarına nəqlinin başqa alternativ variantları varmı? Qazaxıstanda belə bir imkan nəzərdə tutulurmu?
- Məncə, hə. Prezident Tokayev xarici siyasət istiqamətində neftin dünya bazarlarına nəqli marşrutunun şaxələndirilməsi istiqamətində addımlar atır. Lakin məsələn, Bakı-Tbilisi-Ceyhan marşrutu üzrə Aktau və Kurık limanlarının xərcləri və tutumu Qazaxıstanın praktikada həyata keçirə bildiyi gözləntiləri doğrultmur, çünki ekspertlər bu marşrut haqqında hələ 2022-ci ilin martında danışmağa başlayıblar və elə o zaman da kommersiya xərcləri və gəlirlər nəzərdən keçirilib. Amma praktikada hələ tam həyata keçirilməyib.

Sankt-Peterburq İqtisadi Forumundan sonra prezident Tokayev İran və Qətərə rəsmi səfər etdi, məncə, onlar da Qazaxıstan neftinin tədarükü marşrutlarının şaxələndirilməsinə etiraz etmədilər. Qətərdə keçirilən iqtisadi forum çərçivəsində prezident Tokayev Gürcüstanın baş naziri Qaribaşvili ilə də ikitərəfli qarşılıqlı faydalı əməkdaşlıq məsələlərini müzakirə edib. Gürcüstan nümayəndə heyəti ilə növbəti görüşün gələn ay Nur-Sultanda keçirilməsi planlaşdırılır.

Çin istiqamətinə gəlincə, Qazaxıstan Respublikasının energetika nazirinin sözlərinə görə, XBKK ildə 54 milyon ton neft nəql edir. Bir gecədə alternativ tapmaq texniki cəhətdən qeyri-realdır. Belə bir həcmin reallaşdırılması üçün ən azı üç il lazımdır. Eyni marşrutla Çinə cəmi 20 milyon ton gedir. Biz onu da genişləndirmək istəyirik. Amma Çindən olan həmkarların bu qədər nefti alıb-almayacağı sual altındadır.Üstəlik bura bir istehlakçıya aid bazarıdır. Orada Çindən başqa istehlakçı yoxdur.

- Tokayevin siyasi ritorikasına Qazaxıstan və Rusiyada necə reaksiya verdilər?
- Birincisi, prezident Tokayev təkcə Simonyanın sualına cavab vermədi. O öz diplomatik üslubu ilə dünya ictimaiyyətinə açıq şəkildə çatdırdı ki, Qazaxıstana “ikinci dərəcəli” və ya “dolayı” sanksiyalar lazım deyil. Qazaxıstan əsas ticarət tərəfdaşına münasibətdə sanksiya rejiminə ciddi şəkildə riayət edir. Ölkə daxili problemini həll etmək üçün KTMT-dən kömək istəsdə də, müstəqil dövlətdir və müstəqil xarici siyasət yürüdür.

İkincisi, “DNR” və “LNR”in tanınmaması Qazaxıstan ictimaiyyəti üçün yeni xəbər deyil. Həm Xarici İşlər Nazirliyi, həm də Qazaxıstan Respublikası Prezidentinin Administrasiyası bu barədə Sankt-Peterburqdan xeyli əvvəl müxtəlif səviyyələrdə məlumat veriblər.

Üçüncüsü, qazaxıstanlıların Tokayevin ritorikasına reaksiyası birmənalı olmadı: bəziləri bu cavaba heyranlıqla reaksiya verdi, digər hissə isə o qədər də məmnun qalmadı.

Murad Nəcəfov
Nadir Quliyev

AzVision.az



Teqlər: Qazaxıstan   Rusiya  





Xəbər lenti