Qlobalizmin sonu: Yeni dünya hansı ideyanın üzərində qurulacaq – TƏHLİL

      Qlobalizmin sonu:    Yeni dünya hansı ideyanın üzərində qurulacaq –    TƏHLİL
  02 İyul 2022    Oxunub:3565
SSRİ dağılandan sonra son 30 ildə dünyada Qlobalizmin təntənəsi yaşanırdı. 3 il əvvələ qədər hamıya elə gəlirdi ki, daha qloballaşmanın qarşısını heç kim ala bilməyəcək. Bu, yeni tarixin ən qüdrətli və qarşısıalınmaz trendi kimi görünürdü.
Amma 3 il qabaq əvvəlcə pandemiya qlobalizmə ilk zərbəni vurdu. Bu, güclü də olsa, hər halda, tarixin axarını dəyişəcək zərbə deyildi. Pandemiya bitməmiş başlayan Ukrayna müharibəsi onun bacarmadığını axıra çatdırdı: Qlobalizmə ikinci, fəqət çox ağır və öldürücü zərbə endirildi. Son 30 ildə kərpic-kərpic qurulan Qlobal Dünya bir ayın içində dağılıb getdi.

Bu yerdə istər-istəməz belə bir sual ortaya çıxır: Ard-arda gələn pandemiya və müharibə elə antiqlobalist güclərin gizli planının nəticəsi ola bilərmi? Əslində bir az da diqqətlə baxsaq, pandemiyadan qabaq baş verən “Brexit” və ABŞ-Çin, ABŞ-Avropa ticarət müharibələri də qlobalizmə qarşı ilk addımlar idilər. Bu addımların ardıcıl düzülməsi təsadüfdürmü? Maraqlı sualdır, amma gəlin onu konspiroloqların öhdəsinə buraxıb, özümüz məsələnin iqtisadi tərəflərinə diqqət yönəldək.

İqtisadi cəhətdən Qlobalizm – planetin ucuz və bol məhsul çeşidlərilə təmin olunması demək idi. Onun başa çatması ilə bizi sərhədlərin bağlanması, iqtisadi əlaqələrin pozulması, ənənəvi logistikanın dağılması, nəticədə istehsalın lokallaşması, qiymətlərin bahalaşması və çeşidlərin azalması gözləyir.


Qlobal dünyada hamının hamıya ehtiyacı vardı: Almaniya donmamaq üçün Rusiyaya, Afrika ac qalmamaq üçün Ukraynaya, ABŞ şirkətləri ucuz işçi qüvvəsi üçün Çinə möhtac idilər. Hamının işi bir-birindən keçirdi. İndi bu qarşılıqlı asılılıq sxemləri pozularaq, yerini lokal, regional əlaqələrə verəcək. Bəzi iqtisadçılar bunu “fraqmentasiya” adlandırırlar. Başqa sözlə desək, indiyə qədər dünya iqtisadiyyatını şərti olaraq bir qitəyə bənzətsək, hazırda onun bəzi hissələri batır, qalan yerlərində isə iqtisadi “ada”lar yaranır.

Fraqmentasiya şəraitində ölkələrin mərkəzi bankları iki yolun arasında seçim etməli olacaqlar: Yüksək inflyasiya, yoxsa iqtisadi fəallığın azalması? Əgər birinci variant seçiləcəksə, gec-tez ciddi sosial problemlər qaçılmaz olacaq.

Qlobal dünyada ümumi dövriyyənin 80%-dən, birbaşa kapital qoyuluşlarının isə yarıdan çoxu 500 transmilli şirkətin və 150 böyük bankın payına düşürdü. Başqa sözlə, qlobalizm ilk növbədə transmilli kapitalın maraqlarına xidmət edirdi. İndi ilk növbədə transmilli kapital üçün oyun qaydaları dəyişəcək.

Son illərdə inkişaf etməkdə olan ölkələr qlobalizmin əsas benefisiarına çevrilmişdilər. Beynəlxalq Valyuta Fondunun (BVF) hesabatına görə, qlobal artımın 60%-i məhz onların payına düşürdü. Halbuki, 1980-ci illərdə bu rəqəm 40%-ə bərabər idi. Məhz qlobalizmin sayəsində Çin dünya gücünə çevrilə bildi. Amma indi lokallaşma dövrünə keçiddə ABŞ hamıdan qabağa çıxa bilər, çünki Amerikanın ÜDM-nin cəmisi 11%-i ixracdan asılıdır.

Bəs sadə insan üçün qlobalizasiya dövrünün bitib, regionallaşmanın (lokallaşmanın) başlaması nə deməkdir?
Hər şeydən əvvəl ixracın getdikcə azalıb, yerli məhsullarla təminatın artması. Əmək miqrasiyası və turizm axınları daha çox regional marşrutlar üzrə paylanacaqlar. Xarici investisiya riskləri artacaq və yatırımlar daha az riskli sahələrə yönələcək ki, bu da nəticədə iqtisadi aktivliyi azaldacaq.

Deqlobalizasiya dövründə insanlar geniş istehlaka yox, nisbətən bahalı olsa da, uzunömürlü və etibarlı mallara üstünlük verəcəklər. Çünki istehsal daha əvvəlki templərlə arta bilməyəcək.

Digər məqam “yaşıl enerji” dövrünə keçidin dalana dirənməsidir. Texnologiyaların mübadiləsində və əlvan metal bazarında yaranan problemlər alternativ enerji qurğularının yaradılmasını çətinləşdirir və bahalaşdıraraq, sərfəsiz hala gətirir.

Digər vacib məqam hərbi xərclərin kəskin artacağıdır. Dünya qarşı-qarşıya duran blokların mübarizəsi mərhələsinə adlayanda ÜDM-in hərbi xərclərə yönələn hissəsi də çoxaldılacaq. Məsələn, Britaniyanın xarici işlər naziri Liz Trass artıq bəyan edib ki, NATO ölkələri üçün bu rəqəmin aşağı həddi minimum 2% olmalıdır. Artırılan hissə isə haradansa kəsilməlidir.

Hərçənd, bəzi iqtisadçılar düşünürlər ki, son illərdə Qlobalizasiya elə hüdudlara gəlib çatmışdı ki, bundan sonra nə baş verirsə-versin, onun ləğvindən yox, yenidən təşkilindən söhbət gedə bilər. Sadəcə, əvvəlki vahid qlobal dünyanın yerində bir-birilə rəqabət aparan iki qlobal dünya olacaq. Bu – yəni “Qlobalizm 2.0” maraqlı fikirdir, amma nə dərəcədə real olmasını zaman göstərəcək.


Əlibala Məhərrəmzadə
İqtisadiyyat elmləri doktoru, professor
Ukrayna Ticarət Evinin direktoru



Teqlər: Qlobalizm  





Xəbər lenti