Sultan Sərkis və qarı

Sultan Sərkis və qarı
  24 Yanvar 2013    Oxunub:2924
Respublikaçılar Partiyasının namizədi Serj Sərkisyan seçkiqabağı təbliğat kampaniyası çərçivəsində Kacaran rayonunun sakinlərilə görüşüb. Görüş zamanı bir pensiyaçı qadın Sərkisyandan hesab sorub. Qadın Ermənistan prezidentindən nə üçün vədinə xələf çıxdığını soruşub:

- Nə üçün siz Tiqran Sərkisyanı vəzifəsindən azad etmədiniz? O, bizim düşmənimizdir. Yaxşı işləmir. Bizim üçün heç nə etmir. Siz deyirsiniz ki, vətəninizi, xalqınızı sevirsiniz. Bəs hanı nəticə?! Tiqran Sərkisyan isə heç bir dəfə də olsun xalqını sevdiyini göstərməyib. 2008-ci ildə pensiyalarımızı ikiqat qaldırmağa söz vermişdiniz, bəs nə oldu? Niyə pensiyalarımız qalxmadı?

Bu sualların qarşısında aciz qalan Ermənistan prezidenti bildirib ki, çoxları onun və baş nazir Tiqran Sərkisyanın işindən şikayətlənir. Buna baxmayaraq, Serj Sərkisyan, baş nazri peşəkar və bütün iqtisadi proseslərdən xəbərdar olan biri kimi qələmə verib: “O, Ermənistanı çox sevir. Təbii ki, müxtəlif platformalardan baxan hər kəs bunu təsdiq edə bilməz, hərənin bir zövqü var, hərə bir cür düşünür”,- deyən Sərkisyan anlamır ki, söhbət sıravi vətəndaşdan deyil, bir ölkənin dövlət rəhbərindən gedir.
Əslində elə baş nazir müxtəlif platformalardan baxanda vətənini sevən biri kimi görünməlidir. Və ya ən azından əməllərilə özünü sevdirməlidir. Ancaq təəsüf ki, Ermənistan dövlət rəhbərlərinin ortaya çıxarılacaq tutarlı bir sübutu yoxdur. Bunu biz yox, ermənilər özləri təsdiq edir. Sərkisyan isə özünü birtəhər təmizə çıxarmağa çalışır: “Düzdür, mən söz vermişdim ki, pensiyalar artırılacaq, amma təəssüf ki, heç də həmişə istədiklərimizə nail ola bilmirik. Çünki ölkə iqtisadiyyatının inkişafı bizdən asılı deyil”.
Belə bir sual ortaya çıxır: Mükəmməl olmasa da, kifayət qədər əlverişli coğrafi mövqeyi olan, kifayət qədər inkişaf etmiş iqtisadiyyata malik olan ölkələrlə əhatə olunan Ermənistanın iqtisadi inkişafı üçün nə lazımdır? Sadəcə düşünən baş və düzgün yürüdülən siyasət. Əfsus ki, bu, Ermənistanda mümkün deyil. Çünki elə Sərkisyanın özü demişkən hərə bir cür düşünür axı...
Buna baxmayaraq, Sərkisyan bir qədər də irəli gedərək, Ermənistan iqtisadiyyatını dünya iqtisadiyyatından üstün tutur: “2008-ci ildə Ermənistanın iqtisadiyyatı 14 faiz geriləmişdi. Lakin, 2012-ci ildə qlobal iqtisadiyyatda yalnız 2% arım müşahidə olunduğu halda, Ermənistanda 7% artım qeydə alınıb. Bəzi ölkələrdə büdcə, pensiya kəsrləri həyata keçirilib, sosial islahatlar ləngidilib. Ermənistanda isə əksinə olub”.
Ermənistan prezidenti bir tərəfdən ölkəsinin iqtisadi inkişafdan geri qaldığına görə pensiyaları qaldıra bilmədiyini boynuna alır, digər tərəfdən isə Ermənistan iqtisadiyyatını dünya iqtisadiyyatı ilə müqayisə edərək meydan oxuyur. Bütün bunlar göstərir ki, nə dediyini heç özü də dərk etməyən Sərkisyan öz xalqını aldatmağa çalışır. Çünki, verdiyi vədləri nə üçün yerinə yetirmədiyini başqa heç cür izah edə bilmir.

Səbinə


Teqlər:  





Xəbər lenti