Əsgər intiharlarının açıq deyilə bilinməyən səbəbləri – Ədalət Verdiyevin yazısı

   Əsgər intiharlarının açıq deyilə bilinməyən səbəbləri –    Ədalət Verdiyevin yazısı
  17 İyul 2022    Oxunub:6704
Son vaxtlar Azərbaycan Ordusunun hərbi qulluqçuları arasında intihar və özünəqəsd hadisələrinin kökü, mahiyyəti araşdırılarkən açıq-aydın görünür ki, bunların əksəriyyəti ailə-məişət zəminində yaranmış problemlər üzündən baş verir. Mülki vətəndaşlar arasında baş verən suisid hallarının səbəblərilə maraqlansaq görərik ki, orada da eyni vəziyyətdir.
Özünəqəsdə səbəb çox vaxt iradənin zəifliyi, şəxsin keçirdiyi psixoloji sarsıntılara sinə gərə bilməməsi, dərdini kiminləsə bölüşməməsi, kimsədən məsləhət, təsəlli almaq istəməməsidir. İntihar hadisələrinin çoxunun kökündə cinayət əməli olmur. Özünəqəsd sosial sarsıntılar səbəbindən son çıxış yolu olaraq, heç kimə demədən, təkbaşına atılan addımdır. Düşünürəm ki, bu addımı atmağa hazırlaşan insan dərdini kiməsə danışarsa, səhv qərardan vaz keçməyə sövq etmək mümkündür. Şəxsi təcrübəmdə mən bunu bir neçə dəfə uğurla sınaqdan keçirmişəm.

Orduda son intihar hadisələrinin səbəblərini öyrənməyə çalışdım. Öncə qeyd etmək lazımdır ki, ordu cəmiyyətin bir hissəsidir. Cəmiyyətdə gedən proseslər hərbi xidmətdəki hər bir gəncin davranışına, mənəvi-psixoloji durumuna böyük təsir gücünə malikdir. Heç kimdə belə təsəvvür yaranmasın ki, xidmətə başlayan gənc həmin gündən cəmiyyətdə mövcud olan qayğılardan və ailələrindəki məişət problemlərindən təcrid olunaraq, başqa bir dünyaya düşür. Təbii ki, hərbi xidmətin ilk günündən gənclərlə fərdi söhbətlər aparılır, onların ailə vəziyyətləri, mənəvi-psixoloji durumları, sosial qayğıları, dünyagörüşləri, vərdişləri, maraq dairələri dərindən öyrənilir. Amma müasir kommunikasiya imkanlarını nəzərə alsaq, övladlarımızı ailədə və mülki həyatda olan qayğılardan, münaqişələrdən təcrid etmək qeyri-mümkündür. Burada əsas rol valideynlərin və hərbi qulluqçuların yaxınlarının üzərinə düşür. Onlar əsgərlərimizi belə mövzulardan mümkün qədər uzaq tutmalı və xidmətinə əngəl yarada biləcək məlumatları onlarla bölüşməməlidirlər.

Bu cür neqativ halların yaranmasına təsir edən amillərdən biri də fikrimcə, məhz sosial şəbəkələrdir. Nə qədər acınacaqlı olsa da, sosial şəbəkələr əsgərlərimizin psixoloji durumuna, əhval-ruhiyyəsinə təsir edəcək böyük gücə sahibdir. Dedi-qodular, şayiələr, qeyri-etik paylaşımlar, əxlaqi normalara sığmayan kontent, mentalitetimizə uyğun olmayan statuslar hərbi xidmətdəki gənclərin psixologiyasına çox mənfi təsir göstərir.

Hərbçi yoldaşlarımın dediyinə görə, baş verən özünəqəsd hadisəsinin 5-dən 4-ü məhz ailə-məişət problemlərilə bağlıdır. Problemlər isə təxminən bunlardır: Sevdiyi qızın başqası ilə ailə qurduğunu öyrənən əsgər onların toy günü özünü öldürüb; anasının mənfi davranışı və səhv addımları səbəbindən valideynlərinin boşandığını eşidən hərbi qulluqçu intihar edib; atasının içdiyini, qazandığı bütün pulu əyyaşlığa xərclədiyini, evə baxmadığını, anasını və bacısını incitdiyini, təhqir etdiyini öyrəndikdən bir saat sonra əsgər postda olarkən öz silahı ilə həyatına son qoyub... Xəbəri aldığı an silahı əlində olsa, əsgər bu addımı dərhal da ata bilər. Yəni heç kiminlə danışmadan, dərdləşmədən affekt vəziyyətində qərar verər və canına qəsd edər.


Belə halları sadalamaqda davam etmək olar, lakin düşünürəm ki, qeyd etdiklərim də lazımi təsəvvür yaratmağa imkan verir. Nə qədər acı olsa da, əfsus ki, həqiqət məhz belədir və bu, çox narahatedicidir. İradə zəifliyi, ailə-məişət zəminli problemlər ucbatından keçirdiyi sarsıntılar, emosional gərginlik, üstəgəl, ciddi rejimli hərbi xidmət qanunları xoşagəlməz xəbər alan gəncin psixoloji durumunu daha da pisləşdirir.

Ordu silahlı qurumdur. Hərbçilər daim ekstremal şəraitdə, çətin relyefdə, sərt iqlim şəraitində xidməti vəzifələrinin yerinə yetirirlər. Ən təhlükəlisi isə haqqında danışdığımız mənəvi-psixoloji yüklənməyə, sarsıntılara məruz qalan gənclərin silahla mütəmadi təmasda olmasıdır. Bu zaman özünə qapanan, evdən, ailəsindən, sevgilisindən, dostundan, qohumundan bəd xəbər eşidən gəncin dəhşətli qərar qəbul etməsi və niyyətinin gercəkləşdirməsi ola bilər ki, bir neçə dəqiqənin ərzində baş versin. Unutmayaq ki, Ermənistan ordusu ilə yaxın ərazidə xidmət edənlər, döyüş növbətçiliyi aparanlar sutkanın az qala yarısını odlu silahla təmasda olurlar.

Maraqlı dairələr, müəyyən insanlar qəsdən belə həssas məqamlarda detalları bilmədən və araşdırmadan bizə qələbə sevincini bəxş edən Ordumuza qarşı çirkin kampaniyalar aparırlar. Belə hadisələr baş verərkən hərbi qulluqçuları ən çox incidən sosial şəbəkələrdə paylaşım edən insanların hadisəyə birtərəfli və radikal yanaşması, yəni ancaq ordunun günahlandırılmasıdır.

Hadisənin səbəbləri bilinmədən, hüquq-mühafizə orqanları araşdırmadan, hüquqi qiymət vermədən, sosial şəbəkə “fəalları”nın bütün günahı Ordunun, zabitlərin, komandirlərin üzərinə yıxması yanlışdır. Baş verən son hadisələrdə də bir daha bunun şahidi olduq. Onların ailə-məişət zəminində yaranmış problemlərdən qaynaqlanmasına baxmayaraq, bəzi sosial şəbəkə istifadəçiləri, ordumuzu nüfuzdan salmaq istəyən qüvvələr dərhal hadisənin zabitlərin səhlənkarlığı səbəbindən, nazirliyin günahı üzündən baş verməsi istiqamətində kampaniyaya başlayır. Hadisə ilə bağlı dedi-qoduların, şayiələrin yayılmasına və cəmiyyətdə çaşqınlığın yaranmasına rəvac verirlər. Məqsəd isə birdir: Azərbaycan ordusunun imicinə xələl gətirmək, hərbi qulluqçularımızı ləkələmək və qazandığımız uğurlara kölgə salmaq.


Təəssüf doğurucu hal odur ki, hətta vəfat edən gəncin yaxınları da hadisənin əsl səbəbini bildikləri halda belə, komandirləri günahlandırır, aglasığmaz fərziyyələr uydurur, reallığı əks etdirməyən fikirlər səsləndirirlər. Vəfat edənin yaxınların acısını, dərdini anlayırıq, lakin bu, hadisənin baş vermə səbəbini, reallığı dəyişmir. Hər faktla bağlı dərhal cinayət işi başlanılır, araşdırma aparılır, hadisəyə hüquqi qiymət verilir və əgər hər hansı bir vəzifəli hərbi qulluqçunun cuzi də olsa günahı varsa, mütləq cəzalandırılır. Yaxşı bilirəm ki, bu tip hadisələrlə bağlı məlumat hazırlanarkən Müdafiə Nazirliyi istintaqın gedişatını, hüquqi nüansları mütləq nəzərə alır və xalqımızın milli-mənəvi dəyərlərinə, etik normalara, əxlaqi qaydalara hörmətlə yanaşaraq, hadisənin səbəblərinin ictimailəşdirilməməsinə çalışır ki, vəfat edən şəxsin yaxınlarının kədərinə, üzüntüsünə əlavə mənfi təsir olmasın, ailə əlavə üzüntüyə məruz qalmasın. Düşünürəm ki, sosial şəbəkələrdə paylaşımlar edənlər də bunu nəzərə almalı, etik normalara əməl etməli, insanların kədərini anlayışla qarşılamalı, duyğuları ilə oynamamalıdırlar. Həsas məqamlarda paylaşımlar edərkən, şərhlər yazarkən bunları nəzərə almalıdırlar.

Söhbətimin sonunda bir daha uzun illər hərbi xidmətdə olmuş bir şəxs və bir insan, ailə başçısı, nəhayət, keçmiş əsgərin atası olaraq valideynlərə müraciət etmək istərdim. Gəlin, əsgər övladlarımızı üzməyək, onlara daim mənəvi dəstək olaq! Çətin və şərəfli hərbi xidmət keçən, Vətənin qarşısında borcunu qürurla yerinə yetirən gənclərimizi mənfi emosiyalara, ziyanlı fikirlərə, psixoloji sarsıntılara səbəb olacaq problemlərlə yükləməyək. Əsgərimizin əhval-ruhiyyəsini yüksək tutaq, mənəvi-psixoloji sabitliyini pozmayaq, hərbi xidmətdə olarkən övladlarımızın neqativ emosiyalara qapılmasına şərait yaratmayaq!

Övladlarımızın hərbi xidmətdə odlu silahla təmasda olduğunu nəzərə alaraq, əsgərlərimizi ailə münaqişələrindən, məişət qayğılarından, bəd xəbərlərdən, neqativ söz-söhbətdən uzaq tutaq. Gəlin, hamılıqla Ordumuza mənəvi dəstək olaq və əsgərlərimizin şərəfli Vətən borcunu ödəyərək, sağ-salamat evlərinə dönməsinə, dəyərli Vətəndaş kimi mülki həyata davam etməsinə birlikdə dəstək verək. Çünki Azərbaycan Ordusu xalqın ordusu, əsgərlərimiz isə hər birimizin övladlarıdır!

Ədalət Verdiyev, hərbi ekspert
Xüsusi olaraq AzVision.az üçün


Teqlər: Ordu   Əsgər   İntihar  





Xəbər lenti