İqtisadi savadlılıq: Nədən başlamalıyıq?

      İqtisadi savadlılıq:    Nədən başlamalıyıq?
  17 İyul 2022    Oxunub:3187
İnsanlar çox vaxt istədikləri kimi dolana bilmədiklərindən şikayətlənirlər. Əlbəttə, bunun səbəbləri çoxdur, amma ən başlıcası iqtisadi savadsızlıqdır. Yaxşı yaşayışın mənbəyi kimi hansısa vəzifəni, korrupsiya mənbəyinə çıxışı, “yeyib-dağırtmaq” imkanını görəcəyiksə (təəssüf ki, hələ də belə düşünənlər var), bu, düzgün yol deyil. Bunun axırı bizə lazım olan yerdə qurtarmayacaq. Doğru yol iqtisadi və maliyyə savadlığının artırılmasından keçir.
Xoşumuza gəlsə də, gəlməsə də, kapitalizm böyük bir bazar, biz isə həmin bazardakı əmtəələrik. Hərəmizin öz qiyməti var və nə etsək də, heç kim bizə həmin qiymətdən artığını verməyəcək. Bu, hakimiyyətlə bağlı məsələ deyil, tələb və təklif qanunudur: əgər bazarda bizə, bilik və bacarıqlarımıza tələb yoxdursa, qazancımız da az olacaq. Hər şeydən əvvəl bunu başa düşməli və özümüzü elə yetişdirməliyik ki, əmək bazarında bizə daim tələbat olsun.

İkincisi, iqtisadi proseslərin iştirakçısı olmaq (məsələn, biznes qurmaq) üçün öz cəmiyyətimizdə bu mexanizmin necə işlədiyini bilmək lazımdır. Demək, müəyyən mənada “əbədi tələbə” olmağa məcburuq. Bazar necə öyrənilir, biznes-model necə qurulur, kredit necə alınır və necə xərclənir – bütün bunları bilmədən yüksək rifaha qovuşmaq mümkün olmayacaq. Xarici müəlliflərin yazdığı biznes və motivasiya kitablarını oxuyub, sonra ruh düşkünlüyünə qapılmaq lazım deyil. Öz reallığımızın iqtisadi və maliyyə mexanizmlərini dərk etməliyik.

Üçüncüsü, müşahidələrimə əsasən, Azərbaycanda əhalinin əksəriyyəti kreditlərlə necə davranmağın lazım olduğunu bilmir. Bu, böyük problemdir. Əksəriyyət məhz bu səbəbdən maliyyə çuxuruna düşür. Sevinə-sevinə alır, kəsilə-kəsilə qaytarır, 3-4 ildən sonra banka borcu qurtaranda ilan ağzından çıxmış kimi sevinirlər. Bəs həmin kredit nəyə xərclənir?! Əksər hallarda məişət qayğılarına. Halbuki, krediti alanda əvvəlcə bütün şərtləri aydın təsəvvür etmək, buna dəyib-dəymədiyi haqqında azı on dəfə düşünmək, onun hər qəpiyini necə xərcləmək və necə qaytarmaq haqqında aydın plana malik olmaq lazımdır.


Bizdə insanlar Robert Kiyosaki, Bodo Şafer və s. kimi xarici kouçları dinləyir, kitablarını alırlar, amma heyhat, onların məsləhətləri çox vaxt bizim reallıqda tam işləmir. Bəzi ideyaları isə götürmək olar. Məsələn, qazancınız nə olursa-olsun, 1/10 hissəsini gələcəkdə nəyəsə yatırmaq üçün kənara qoymaq kimi. Xaricdə həmin pulu səhmlərə və s. yatırırlar. Azərbaycan reallığında bunu etmək mümkün də olsa, asan deyil. Yeri gəlmişkən, bu istiqamətdə konsultasiya verən şirkətlərin özü yaxşı biznesə çevrilə bilər.

Ümumiyyətlə, ölkədə iqtisadi və maliyyə maarifçiliyinin aparılmasına, bunu edən saytlara, qurumlara, hətta tv-lərə ciddi ehtiyac var. Biz artıq elə bir mərhələyə çatmışıq ki, insanların getdikcə getdikcə daha çox qisminin əlində xərclədiyindən artıq vəsait toplanır. Onlar bu pulu etibarlı yatırmağa yer tapmadıqları üçün adətən xaricdə ya daxildə daşınmaz əmlaka qoymaqla, “ölü vəsaitə” çevirirlər. Bizdə “pullar işləməlidir” təfəkkürü hələ də formalaşmayıb. Nəticədə çoxumuz pullarımızı düzgün idarə edə bilmirik.

Azərbaycan xalqı biznes qurmağa həvəsi olan xalqdır. İnsanımız hətta primitiv səviyyədə də olsa, əlinə pul gələndə nəsə etməyə çalışır, məsələn, bir maşın alıb, taksi kimi icarəyə buraxır, yaxud, ev alıb, kirayə verir. Problem ondadır ki, bundan artığını etməyə fantaziya və biliyimiz çatmır. Çatması üçün heç olmasa qonşu ölkələrin biznes həyatını yaxından izləməli, yeniliklərin kursunda olmalıyıq.

Amma ən yaxşısı əlbəttə, dil biliyimizi artıraraq, inkişaf etmiş ölkələrin biznes həyatını izləmək, oradakı trendləri vaxtında tutmaqdır. Normalda bunu bizim yerimizə edən iqtisadi nəşrlər, konsultantlar olmalıdır, fəqət yoxdursa, oturub deyinmək də çıxış yolu deyil. Düzgün seçilmiş layihələrə yatırılsa, kirayə vermək məqsədilə alınan bir evə sərf edilən pul 5-6 ildən sonra rahatca azı iki ev almağa yetəcək qədər gəlir gətirə bilər.
Elə dövrdə yaşayırıq ki, hər insan ilk növbədə özünə öz biznesi kimi baxmalıdır: özünə yatırım qoymalı, özünün bazardakı dəyərini artırmalıdır. Bunu etmədikcə ciddi inkişaf və rifah gözləməyə də dəyməz.


Əlibala Məhərrəmzadə
İqtisadiyyat elmləri doktoru, professor
Ukrayna Ticarət Evinin direktoru




Teqlər: İqtisadi-savadlılıq  





Xəbər lenti