Mediada intihar xəbərləri müzakirə olunub

Mediada intihar xəbərləri müzakirə olunub
  20 İyul 2022    Oxunub:1186
Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində media sahəsində fəaliyyət göstərən bir qrup QHT-lərlə intihar halları ilə bağlı xəbərlərin yayılması barədə görüş keçirilib. Görüşdə Müşahidə Şurasının üzvü İsrayıl İsgəndərov, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktor müavini Emil Çaparlı, media sahəsində fəaliyyət göstərən QHT-lər iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən Agentliyin icraçı direktor müavini Emil Çaparlı tədbirin gündəliyi haqqında məlumat verib. Müşahidə Şurasının üzvü İsrayıl İsgəndərov bildirib ki, son zamanlar bir sıra media subyektləri tərəfindən intihar halları ilə bağlı xəbərlərin geniş tirajlanması, xüsusən də yetkinlik yaşına çatmayan şəxslərin özünə qəsd etməsi ilə əlaqədar mövzuları işləyərkən jurnalist peşəkarlığı baxımından yol verilən qüsurlar cəmiyyətdə narahatlıq yaratmaqla, haqlı olaraq ictimai narazılığa səbəb olur. Unutmaq lazım deyil ki, peşəkar media ictimai əhəmiyyətli informasiyalarla cəmiyyəti məlumatlandırmaq kimi şərəfli və məsuliyyətli missiyanı yerinə yetirir.


Daha sonra çıxış edən QHT nümayəndələri mövzunun aktuallığını xüsusi qeyd edərək fikirlərini bölüşüblər. Bildiriblər ki, hadisələr bizim hər birimizi narahat edir. Ailədaxili münasibətlər, uşaq və yeniyetmələrin vəziyyəti və rastlaşdıqları problemlər dövlətin diqqəti altındadır. Bizim də borcumuz ondan ibarətdir ki, bütün aidiyyəti dövlət qurumları, cəmiyyət və media, o cümlədən, ailələr bu məsələni diqqətdə saxlamalıdır.

Çıxışlardan sonra mövzu qarşılıqlı diskussiya əsasında davam edib. Tədbirin yekunu olaraq bəyanat qəbul edilib.




Teqlər: Media   İntihar  





Xəbər lenti