Şeyxülislam Gürcüstanın baş naziri və prezidentilə görüşüb

   Şeyxülislam Gürcüstanın baş naziri və prezidentilə görüşüb
  23 İyul 2022    Oxunub:1493
Gürcüstan Respublikasında rəsmi səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti iyul ayının 22-də Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb. Görüşdə Gürcüstanın dövlət və dini qurumlarının nümayəndələri, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev iştirak ediblər.
Azərbaycanın nümayəndə heyətini salamlayan Qaribaşvli ölkələr arasında əlaqələrin ən yüksək səviyyədə olduğunu dedi: “Qafqazda sülhün təmin olunmasında eyni fikirdəyik, eyni məqamları düşünürük. Biz çalışırıq ki, dövlətlərimizin məsələlərini kiminsə təsiri olmadan, özümüz həll edək. Prezident İlham Əliyev Azərbaycan üçün ən müdrik, ən uzaqgörən liderdir, çünki həmişə fəaliyyətində qətiyyət nümayiş etdirir”.
Hacı Allahşükür Paşazadə Qarabağın minalardan təmizlənməsi prosesində Gürcüstan tərəfinin dəstəyini xatırlatdı.

Daha sonra Azərbaycan nümayəndə heyəti Gürcüstan Prezidenti Salome Zurabişvili ilə görüşdü. Görüşdə Azərbaycanla Gürcüstan arasında siyasi, iqtisadi və mədəni əlaqələr, eləcə də qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə edildi.

İyul ayının 22-də daha bir görüş isə Gürcüstan parlamentində keçirildi. Parlamentin sədri Şalva Papuaşvili Gürcüstanla Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələrinin tarixi köklərindən danışdı. Bu il diplomatik münasibətlərimizin 30 ilinin tamam olduğunu söyləyən spiker parlamentlərarası dostluq qruplarının strateji əməkdaşlığa verdiyi töhfələrdən söz açdı, münasibətlərin daha da möhkəmləndirilməsinin vacibliyini vurğuladı.

Azərbaycanın 30 il müddətində işğal altında olan torpaqlarında ermənilərin törətdikləri vandalizm aktlarından danışan Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə 65 məscidin tamamilə yerlə-yeksan edildiyini xatırlatdı, həmçinin Qarabağın minalardan təmizlənməsinin region üçün başlıca problemlərdən olduğunu dedi.

Gürcüstan parlamentindəki görüşdən sonra, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadəyə Ümumgürcüstan Katolikos-Patriarxlığının qərarı ilə təltif edildiyi Ali Dostluq Ordeni ilə təqdim edildi. Ordeni Bütün Qafqazın Şeyxinə Gürcüstanın Patriarxı İİ İlya təqdim etdi.

Kamran Qasımov
AzVision.az üçün



Teqlər: Şeyx  





Xəbər lenti