Ukrayna bankı xüsusi təyinatlıları bu cür əbədiləşdirdi – FOTOLAR

   Ukrayna bankı xüsusi təyinatlıları bu cür əbədiləşdirdi –    FOTOLAR
  25 İyul 2022    Oxunub:2149
Çətin günlərini yaşayan və defoltun bir addımlığında olan Ukrayna Milli Bankı (UMB) yeni maraqlı layihələri ilə diqqət cəlb edir. Dövlət qurumunun növbəti xatirə sikkəsi Ukrayna ordusunun aparıcı güvvələrindən olan və müharibədə uğurlu əməliyyatları ilə yadda qalan Xüsusi Əməliyyat Qüvvələrinə (ССO/XƏQ) həsr edilib.
"Şərti" nominalı 10 qrivna olan (0.0027 USD) sikkənin dəyərini təbii ki, dünya numizmatları müəyyən etməlidirlər, amma onun əsl qiyməti Ukraynanın fədakar müdafiəçilərinə xalq ehtiramıdır. Fevralın 24-də başlayan işğala qarşı təşkil olunan “özünümüdafiə qüvvələri”nin əsasını məhz yuxarıda qeyd olunan qurumun döyüşçüləri təşkil edib. Ekipajı ilə birlikdə yandırılmış minlərcə düşmən zirehli texnikasının, partladılmış sursat anbarlarının, zədələnmiş uçuş zolaqlarının və yol infrastrukturunun, uçurulmuş körpülərin və saysız-hesabsız diversiyaların müəllifi olan XƏQ rus işğalçılarının yuxusuna haram qatmağa davam edir.


Zaman göstərdi ki, Azərbaycan Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qoşunlarının analoqu olan Ukrayna SQ XƏQ bölmələri mülki əhali ilə inteqrasiyada ənənəvi qoşun bölmələrindən daha effektiv və güclü ola bilər. Çünki onun döyüşçüləri həm komandir, həm də yeri gələndə hərbi təlimatçı və tam müstəqil əməliyyat təşkilatçısı/icraçısı rolunda çıxış edə bilirlər. Partizan hərəkatının Ukraynadakı müasir siması məhz əhali-XƏQ sintezi oldu.


Yeni zərb edilən xatirə sikkəsinin aversində XƏQ döyüşçüsü, onun fonunda isə Kiyev və Novqorod knyazı I Svyatoslavın (Святослав I Ігорович / 942-972) silueti və "Сили спеціальних операцій Збройних сил України" yazısı əks olunub. Reversdə isə XƏQ-in gerbi, nominal, Ukrayna və UMB gerbi və Svyatoslavın məhşur "Іду на Ви" kəliməsi yer alıb. "Üzərinizə gəlirəm" mənasını verən bu sözlər knyazın hücuma keçən düşmənə göndərdiyi ismarıcın bir hissəsidir və "qüvvənizi bir yerdə toplayın, son/həlledici döyüşə keçək" anlamına gəlir. Kəlmə Ukrayna Xüsusi Əməliyyat Qüvvələrinin şüarıdır və ordu strukturunun gerbində həkk olunub.

Hans Kloss
AzVision.az üçün


Teqlər: Ukrayna  



Xəbər lenti