Volkov və erməni dovşanları – Ədalət Verdiyevin yazısı

   Volkov və erməni dovşanları –    Ədalət Verdiyevin yazısı
  25 İyul 2022    Oxunub:4731
Prezident İlham Əliyev 6 ayın yekunlarına dair müşavirədə açıq şəkildə qeyd etdi ki, bir neçə ay əvvəl Rusiya Müdafiə Nazirliyinin yüksək rütbəli məmuru Bakıda olub və erməni silahlı birləşmələrinin iyun ayına qədər Qarabağdan çıxarılacağına söz verib. Rusiyanın Müdafiə Nazirliyi bu irada cavab vermək əvəzinə, deyəsən, general Volkova vəziyyəti gərginləşdirəcək addımlar atmağı tapşırıb. Bu cür addımları Volkov icazəsiz ata bilməz. Atsaydı, onun özünü vəzifədən atardılar. Buna həm sülhməramlıların iştirakı ilə Şuşakənddə erməni silahlılarının mühəndis texnikası ilə müdafiə qurğuları və səngərlər inşa etməsini, həm sülhməramlı kontingentin hərbi qulluqçularının Laçın dəhlizində talançılıqla məşğul olmasını, həm də sülhməramlı kontingentin Ağdam-Əsgəran yolu ilə Qarabağa silah daşımasını nümunə olaraq göstərə bilərik.
Rusiya Müdafiə nazirliyinin bu cür fəaliyyətləri anlaşılan deyil. Vladimir Solovyovun David Babayanı verlişinə dəvət etməsinə görə iki dəfə üzr istəməsi Rusiyanın Müdafiə Nazirliyi və sülhmramlı kontingentin rəhbərliyi üçün ibrət dərsi olmalıdır. Rusiyanın Müdafiə Nazirliyi hələ də 10 noyabr 2020-ci il tarixli razılaşmalara uyğun olaraq, Ermənistan qoşunlarının Qarabağdan çıxarılmasını təmin etmək vədini niyə yerinə yetirmədiyinə aydınlıq gətirməyib. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan isə “Armenpress”ə verdiyi müsahibəsində 20 aydır üzərinə düşən öhdəlikləri yerinə yetirməyən İrəvanı növbəti “Dəmir Yumruq” zərbəsindən qorumaq üçün Azərbaycanı sakitləşdirəcək fikirlər səsləndirdi: “Müharibə zamanı Ermənistan Silahlı Qüvvələrinin bir sıra bölmələri “müdafiə ordusu”na kömək etmək üçün Qarabağa daxil olub. Atəşkəsdən sonra onlar Ermənistan Respublikasına qayıdırlar. Bu proses yekunlaşmaq üzrədir və sentyabrda başa çatacaq”. Əslində bu bizim üçün yenilik deyil. Bu prosesi 17 ay əvvəldən bizə məlum idi və mən də bu barədə 7 fevral 2021-ci ildə Facebook səhifəmdə belə bir status yazmışdım: “Ermənistan Qarabağa artıq əsgər göndərmir. Qarabağ ərazisində yerləşən hərbi hissələr puskatmadan çıxarılıb”.

Təbii ki, Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın “Qarabağda Ermənistandan çağırışçı olmayacaq” cümləsi Qarabağın Azərbaycana aid olmasının təsdiqi kimi dəyərləndirilə bilər. Başqa sözlə, Arman bu ilin sentyabrından sonra Qarabağda əlində silah əsir düşəcək istənilən Ermənistan vətəndaşına görə İrəvanın məsuliyyət daşımayacağını da sətiraltı vurğulayır.

Ermənistan tərəfi Prezident İlham Əliyevin “Əgər Ermənistan öz qoşunlarını Azərbaycan ərazisindən çıxarmaq istəmirsə, bunu açıq desinlər. Bu halda nə edəcəyimizi biləcəyik... Cavabımız nə olacaq? Yəqin ki, indi bu haqda danışmaq yersizdir”,- xəbərdarlığını tam ciddiyyətilə diqqətə almalıdır.

Digər tərəfdən isə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın erməni silahlılarının Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycan ərazilərindən çıxarılması ilə bağlı müsahibəsini ciddi qəbul edə bilmirik. Hələlik real fəaliyyət də müşahidə etmirik. Erməni silahlılarının Azərbaycan ərazisindən çıxarılmasını nümayiş etdirən görüntülər mövcud deyil. Həm də Ermənistan rusların müvvəqəti nəzarətində olan Qarabağ ərazilərindən yalnız şəxsi heyəti deyil, ağır, yüngül və zirehli texnikaları, o cümlədən, artilleriya sistemlərini də tamamilə çıxarmalıdır. Əks halda Ermənistan üçün növbəti ağrılı-acılı hadisələrin baş verəcəyini ehtimal etmək çətin deyil.

Bu hadisələr antiterror, sülhə məcburetmə, cəzalandırma, təmizləmə və s. əməliyyatlar şəklini ala bilər. Adının necə səslənməsindən asılı olmayaraq, əməliyyatların əsas məqsədi Ermənistanı birgə Bəyant ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə məcbur etməkdən ibarət olacaq. Yaxında yerləşən və daim hazır vəziyyətdə olan növbəti “Dəmir Yumruq” zərbəsi ilə erməni ordusunun alnına “fərari-PRO” damğasının vurulacağına hətta Ermənistanda da şübhə edənlərə rast gəlmək çətindir. Çünki bu əməliyyatlara qarşı nə erməni ordusunun, nə də erməni silahlılarının müqavimət potensialının olduğunu nəzərə alsaq, yekun nəticəni də indidən proqnozlaşdırmaq çətin deyil.

Ədalət Verdiyev, hərbi ekspert
Xüsusi olaraq AzVision.az üçün



Teqlər: Qarabağ   Sülhməramlı  





Xəbər lenti