Ağalıda hər səhər “Respublika” ilə açılacaq

   Ağalıda hər səhər “Respublika” ilə açılacaq
  29 İyul 2022    Oxunub:1834
Zəngilan rayonunun Ağalı kəndinin sakinlərinə gündəlik “Respublika” qəzeti göndəriləcək. Qəzet sakinlərə pulsuz paylanılacaq. Bu barədə qəzetin redaksiyasından məlumat verilib.
Müasir mətbuat tarixində öz yeri olan “Respublika” qəzeti fəaliyyətə başladığı ilk gündən aktual mövzulara həmişə öz səhifələrində geniş yer ayırıb. Dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində tutduğu kurs onun oxucu auditoriyasını ildən-ilə artırıb, nüfuzlu siyasi mətbuat orqanı statusunu təmin edib.

Ötən illərdə “Respublika” qəzetinin öz ənənələri formalaşıb. Müxtəlif mövzulara həsr olunmuş xüsusi buraxılışların ictimaiyyət arasında geniş yayılması, qəzetimizin nüsxələrinin bəzi qurumlara təmənnasız çatdırılması belə ənənələrdəndir. Dövlət himayəsində olan insanların yaşadığı sosial-müdafiə yönümlü müəssisələrə, hərbi hissələrə, vaxtilə çadır şəhərciklərində yaşayan qaçqın, məcburi köçkün soydaşlarımıza qəzet mütəmadi şəkildə təmənnasız çatdırılır.

İndi Böyük Qayıdışın ilk addımları atılıb, “ağıllı kənd” konsepsiyası çərçivəsində Zəngilan rayonu Ağalı kəndinin sakinlərinin bir hissəsi doğma yurd yerlərinə qayıdıb. Orada həyat yavaş-yavaş öz məcrasına düşür. İlkin mərhələdə 41 ailə köçürülüb. Normal yaşamaq üçün hər cür şərait yaradılan Ağalı kəndinin sakinlərinin hər birinin qapısını indi səhərlər şərəfli peşə sahibləri, poçtalyonlarımız da qürurla döyəcək. Avqustun 1-dən etibarən bu sakinlərin hər səhəri “Respublika” qəzetinin yeni sayı ilə başlayacaq. Belə ki, ənənəyə sadiq qalaraq redaksiyanın təşəbbüsü ilə 41 nüsxə “Respublika” qəzeti hər gün Ağalıya göndəriləcək. Sonrakı mərhələlərdə sakinlərin sayına mütənasib olaraq qəzetin sayının artırılacağı nəzərdə tutulur.

Əziz ağalılar, “Respublika” ilə başlayan günləriniz uğurlu olsun!


Teqlər: Ağalı   Mətbuat  





Xəbər lenti