Gələcəyin turizmi: Sağlamlıq önə çıxır

      Gələcəyin turizmi:    Sağlamlıq önə çıxır
  12 Avqust 2022    Oxunub:1140
Turizmin gələcəyi haqqında danışanda sahənin biliciləri daha çox rekreasiya və müalicə turizmini önə çəkirlər. Bu tendensiya bütün dünyada müşahidə olunmaqdadır: otellər “sanatoriyalaşır”, sanatoriyalar isə “otelləşir”; hər ikisi insanların eyni zamanda həm dincəlməsi və əylənməsi, həm də qüvvələrinin bərpası üçün imkanlar təqdim etməyə başlayırlar.
Biznesin özü geniş transformasiyaya uğrayır: Əvvəllər “sanatoriya” deyəndə yaşlı insanların pijamalarda gəzişdiyi bir yer ağla gəlirdi. Gənclər isə ancaq öz bədənlərini necə yormaq haqqında düşünür, bərpa prosesinin qayğısına qalmırdılar. Bu gün vəziyyət dəyişir: Sağlamlıq əsas dəyərə, hətta kulta çevrilir. Əksəriyyət gözəl və sağlam vücuda malik olmağa çalışır, bu, bir növ insana əlavə sosial xal qazandıran amilə çevrilir. Ona görə çoxları ilboyu fitnesslə məşğul olur, pəhriz saxlayır, qaçır, orqanizmini müxtəlif yüklənmələrə məruz qoyur.

Bunlar yaxşıdır, amma intensiv iş həyatı bu cür yaşam tərzi ilə birləşəndə orqanizmin fiziki və zehni resurslarını tükədir, bərpa üçün isə vaxt qalmır. Bəli, insan orqanizmi özünü bərpa etməyi əla bacaran mükəmməl bioloji mexanizmdir, amma bunun üçün ona vaxt və lazım olan digər resursları vermək lazımdır. Şəhər insanı isə bunları vermir axı!

Bu səbəbdən heç olmasa ildə bir dəfə (yaxşı olar ki, iki dəfə) rekreasiya prosesindən keçmək vacibdir. Əks halda gec-tez orqanizmin resursları tükənəcək və çökəcək. Ən yaxşısı istirahəti və bərpa prosesini birləşdirməkdir. Çünki ikisi də vacib məsələdir. Ona görə də, istirahətin və bərpanın (rekreasiyanın) birləşdirilməsi müasir həyat tərzinin tələbidir ki, otel biznesi də bunu nəzərə almalıdır.

İnsana istirahət fiziki, intellektual və emosional qüvvələrini bərpa etmək, gücləndirmək üçün lazımdır. 15-20 il əvvələ qədər bunun üçün sadəcə passiv və ya aktiv istirahət yetərli idi. Amma artıq yetərli deyil, ona görə də müasir istirahətin konsepsiyası dəyişir. Turizm və otel biznesi getikcə daha çox təbabətlə inteqrasiya olunurlar. Sağlamlıq üzrə mütəxəssislər otellərdə ehtiyac duyulan personala çevrilirlər. Təbabətin özündə də rekreasiya ilə bağlı istiqamətlər ayrıca sahə kimi formalaşır. Beləcə, biz turizm ilə təbabətin kəsişməsində yeni sosial-mədəni trendin yaranmasına şahidlik edirik.

Ölkədə işsizlik azaldıqca, məşğul əhalinin sayı artdıqca rekreasiya turizminə tələbat da çoxalır. Ona görə, ölkənin rekreasiya potensialının getdikcə genişlənməsi, müasirləşməsi və əlçatan olması vacibdir. Bu, milli iqtisadiyyatının inkişafı baxımından da əhəmiyyət daşıyır. Dünyada ən böyük rekrerasiya xidmətlərinin Avropanın payına düşməsi təsadüfi deyil. Yaxşı iqtisadiyyat gümrah işçi qüvvəsi tələb edir, bunun yolu isə rekreasiyadan keçir.

Azərbaycanın rekreasiya resursları böyükdür, amma bu deyilənlərin prizmasından onların təşkil və idarə olunmasına yenidən baxmağa ehtiyac var. Səfalı yerlərdəki otellər getdikcə xidmət arsenallarını daha çox rekreasiya xidmətlərilə zənginləşdirməlidirlər. Paralel olaraq, təbliğat aparılmalıdır ki, kurort-sanatoriya təkcə sağlımlığında problem olan şəxslər, yaşlılar üçün deyil; tam əksinə, bura sağlam ikən gəlmək lazımdır ki, orqanizmin resurslarını vaxtında bərpa edib, xəstələnməyəsən.

Rekreasiya artıq bir çox ölkələrdə turizmlə bağlı təhsil verən ali məktəblərin ixtisas siyahısına daxil edilib. Bizdə bu sahənin elm kimi inkişaf etdirilməsinə də ehtiyac var. Çünki turizmin gələcəyində onun yeri xeyli böyük olacaq. Demək, indidən bu istiqamətdə milli kadrların yetişdirilməsinin də qayğısına qalmalıyıq.

Əlibala Məhərrəmzadə
İqtisadiyyat elmləri doktoru, professor
Ukrayna Ticarət Evinin direktoru



Teqlər:





Xəbər lenti