Azərbaycan yeni qırıcıları kimdən alacaq – EHTİMAL

   Azərbaycan yeni qırıcıları kimdən alacaq –    EHTİMAL
  15 Avqust 2022    Oxunub:6928
Azərbaycanda hərbi aviasiyanın perspektivi ilə bağlı uzun müddətdir müxtəlif müzakirələr və mübahisələr mövcuddur. Hərbi Hava Qüvvələrimizin “Miq-29” və “Su-25”-lərdən ibarət olması sirr deyil. Əsas fikir və məlumat bundan ibarətdir ki, Azərbaycan Pakistandan “JF-17” qırıcıları almaq istəyir, sadəcə, mövcud variantları bəyənməyərək, sözügedən təyyarələrin “Block-3” variantını və daha modern avionikaya malik modellərini gözləyir.
Məsələ ondadır ki, bu təyyarənin “Blok-3” versiyasını Türkiyə və İsrailin radar, raket, kamera sistemlərilə təchiz edərək, müasir standartlara cavab verən vəziyyətə çatdırmaq mümkündür. Amma “JF-17” təyyarəsinin “Block-3” variantı bir neçə ildir seriyalı istehsala başlasa da, Azərbaycanın onu sifariş etməsilə bağlı tutarlı bir məlumat ortaya çıxmayıb. Ölkəmiz həqiqətən də bu təyyarəni öz aviasiya parkına qatmaq istəyirmi? Yoxsa, daha sərfəli və optimal seçimlər mövcuddur?



Hərbi ekspert Ədalət Verdiyevin sözlərinə görə, bunun üçün öncə logistika və hərbi-sənaye sahələrinə aid məsələlərinin razılaşdırılması lazımdır: “Azərbaycan hərbi hava qüvvələrinə Türkiyənin silahlı pilotsuz aparatlarını – "Bayraktar"ı, "Akıncı”nı əlavə etdikdən sonra böyük ehtimalla, aviasiya parkımıza yeni pilotlu təyyarələrin cəlb edilməsinə tələsməyəcək və əsasən 5-ci nəsil standartlarına cavab verən MİUS “Qızıl Alma” reaktiv pilotsuz təyyarənin seriyalı istehsalına başlamasını, ondan sonra isə öz hərbi hava qüvvələrimizə inteqrasiyasını gözləyəcəyik”.

Nəzərdə tutmalıyıq ki, Türkiyə yaxın illərdə istər təlim-döyüş, istərsə də, 5-ci nəsil qırıcı istehsalına başlamağa hazırlaşır: “2023-cü ildə təlim və yüngül döyüş təyyarəsi olan “Hürjet” ilk sınaq uçuşunu həyata keçirəcək. Ardından isə növbə 5-ci nəsil qırıcı olan MMU-ya (Milli Muharib Uçak) çatacaq. Sözügedən təyyarənin 2026-cı ildə ilk sınaq uçuşu və 2028-ci ildə seriyalı istehsala girməsi gözlənilir ki, böyük ehtimalla, bu təyyarənin ilk müştərilərindən biri də biz olacağıq”.

Dolayısıyla, belə nəticəyə gəlmək olar ki, qardaş Türkiyənin müasir hücum təyyarələri hazırladığı bir mərhələdə başqa ölkələrdən bu baxımdan asılılığa düşmək əvəzinə, Türkiyə texnikalarının seriyalı istehsala başlamasını gözləmək daha münasibdir.

Banu Məmmədzadə
AzVision.az



Teqlər: Aviasiya   JF-17   HHQ  





Xəbər lenti