Qəhrəman Əsgərimizə layiq jurnalistlər – Hərbi ekspertin səfər qeydi

   Qəhrəman Əsgərimizə layiq jurnalistlər –    Hərbi ekspertin səfər qeydi
  15 Avqust 2022    Oxunub:1594
Kəlbəcər rayonu ərazisində azad olunan Buzdux dağına səfərimizlə bağlı təəssüratlarım AzTV və İTV-də yayımlanan geniş reportajlarda əks olunub. Lakin təqdim edilən bu reportajları hazırlayan media mənsublarının - opertorların, jurnalistlərin, sürücülərin, redaktorların, montajçıların gərgin əziyyəti adətən ictimaiyyətin diqqətindən kənarda qalır. Bu dəfə həmin məsələyə münasibət bildirmək istəyirəm.
Buzdux səfərim AzTv heyətilə birlikdə baş tutdu. İlk dəfə idi Toğana yolu ilə Kəlbəcərə getmək imkanım yaranmışdı və buna şərait yaradanlara təşəkkürümü bildirirəm. İTV, Real TV, Apa TV, Baku TV də azad olunan Buzdux səfərinə dəvətli idilər. Toğanda görüş saat 6.00-a təyin olunmuşdu. Axşam saat 11-də Bakıdan yola düşdük. Saat 6.15-də Toğanadan Kəlbəcər istiqamətində hərəkətə başladıq.

Çəkiliş heyətilə birlikdə 3-5, maksimum 10 dəqiqəlik material üçün 3 maşın dəyişməklə 27 saatlıq Buzdux səfərimiz əslində toy-bayrama bənzəyirdi. Həmin müddətin 3 saatını qəhrəman Əsgərlərimizə, qalan vaxtın 12 saatını əvvəl üçoxlu “Kamaz”, sonra isə eyni tipli “Ural” ilə bitib-tükənməyən Kəlbəcər dağlarında keçirdik.



Ağır kamera, ştativ ilə dağlarda hərəkət etmək çəkiliş heyəti üçün asan deyildi. Amma Əsgərimizin qəhrəmanlığını işıqlandıranlar bir dəfə də olsun şikayət etmədilər. Heyətdə 2 nəfər qadın jurnalist də var idi. Onlar da bizimlə bərabər dağlara dırmaşırdılar. Hamı Əsgərimizin qəhrəmanlığı barədə kadrları ictimaiyyətə çatdırmaq üçün əlindən gələni edirdi və bundan çox məmnun idik.

Odur ki, 3-5 dəqiqəlik material üçün iki gecə yuxusuz olmaqla 27 saat gərgin vəziyyətdə çalışan və Əsgərimizin fəaliyyətini ictimaiyyətə çatdırmaq naminə hər bir əziyyətə hazır olan media işçilərinin əziyyətini dəyərləndirməyi bacarmalıyıq.

Hər birimiz öz sahəmizdə düşmənlə savaşmalıyıq. Bu bizi tarixi Azərbaycan torpaqlarına qaytaran yeganə yoldur.

Ədalət Verdiyev, hərbi ekspert
AzVision.az üçün




Teqlər: Buzdux   Səfər  





Xəbər lenti