SOS!!!ial şəbəkələr – Mirşahinin yazısı

   SOS!!!ial şəbəkələr –    Mirşahinin yazısı
  15 Avqust 2022    Oxunub:4021
Cəmiyyətin ziyalı probleminə, daha doğrusu, formaca ziyalı, məzmunca güruh qırığı olan bir hissənin oynadığı obraza növbəti dəfə qayıdıram. Allah bilir ki, neçənci dəfədir təkrar edirəm: Azərbaycan yenilənib, tam təzə mahiyyətə keçib! Sizin uzun müddət yaşadığınız mühafizəkar ağsaqqal-ağbirçək ənənələri mövcud tərbiyəsizliklərlə mübarizə aparmağa kifayət etmir!
Məsələn, özünü ən sonuncu yola qoymuş əyyaş yazıçıya “dostum” deyə müraciət edən ədəbiyyat məmuru anlamalıdır ki, etdiyi hərəkət sadəcə mənəviyyat separatizmidir. Dövlətin mənəvi ərazi bütövlüyündən öz cılız ərazisini ayırmaqdır. Uzağı “Ayağının altında ölüm, nə edirsən et, bircə məndə işin olmasın!” priyomudur. O əyyaş da təbii ki, cibinə basılan 3-5 manat müqabilində “dostu”nu təhqir etmir. Yalnız bir müddət!!! Sonra onun da vaxtı gələcək!

Və ya sosial şəbəkələrdə özünü şirin salmaq üçün guya demokratiya, media azadlığı, söz azadlığı müdafiəçisi rolunda çıxış edən bir psevdoziyalı anlamalıdır ki, indi qoruduğu sadəcə əxlaqsızlıqdır, dövlət düşmənçiliyidir.

Azərbaycan Dövləti indi sosial şəbəkələrin xaotik informasiya həmlələri ilə qarşı-qarşıyadır. Bu həmlələri mən terror aktları adlandırıram. Mənəvi terrorçuluqdur bu! Dövləti, onu idarə edənləri, cəmiyyətin dövlətçi cinahını hədəf alan mənəvi terrorçular məhz belə “ziyalı” tipinin dişsizliyinə güvənərək daha cəsarətli olurlar. Ona görədir ki, məsələn, Finlandiyada rəqəmsal inkişafın, ABŞ-da dünyanın idarə olunmasının, hətta İran İslam Respublikasında əsas ideologiyanın mühüm aləti olan sosial şəbəkələr Azərbaycanda əsasən destruktivlik və qaragüruhçuluq, populist-bəsit-cahil “təfəkkürün” at oynatdığı, daha doğrusu, eşşək arabası ”cövlan etdirdiyi” əraziyə dönüb.

Azərbaycana qarşı virtual vətəndaş müharibəsi elan etmiş çirk və çirkab zümrəsilə mübarizədə Hüquq Mühafizə orqanlarının prinsipial addımlarını dəstəkləmək əvəzinə, onları da “Bizim kimi ol! Dişsiz ol” fəlsəfəsinə dəvət etmək ziyalılıq deyil, fərarilikdir! Hərbi sirri yaymaq media azadlığı deyil, xəyanətdir!

Kimisə ana südü əvəzinə murdar nəsə əmməkliyin emal etdiyi məhsullarla təhqir etmək söz azadlığı deyil, söyüş azadlığıdır. Müharibədən yenicə çıxmış xalqa şəhadətin fəzilətini təlqin etmək əvəzinə pasifizm, antimüharibə ovqatı aşılamaq, bu həssas dönəmdə kasıb-varlı mövzusu açmaq, ayrı-seçkilik salmaq, evində potensial “dezertir” yetişdirə-yetişdirə aparıcı ideoloqları, dövlətçi media liderlərini gözdən salmağa çalışmaq, linç və lağ obyekti etmək sadəcə namərdlik deyil, həm də satqınlıqdır.

Bilmərrə qanmaq lazımdır ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyevi dəstəkləməmək, onun yanında olmamaq Ernənistanın baş naziri Nikol Paşinyanı dəstəkləmək, onun yanında olmaqdır! Bu heç bir müzakirə və mübahisəyə ehtiyacı olmayan Mütləq Həqiqətdir!

Hər ev, hər mənzil, sosial şəbəkələrə hər çıxış imkanı virtual düşmənlə mübarizəyə qoşulmalıdır!

İlk növbədə isə Əsl Ziyalıları qaragüruhla, onun virtual məkandakı mikrobları ilə prinsipial MÜBARİZƏYƏ dəvət edirəm! SOS! SOS!! SOS!!!ial şəbəkələr!!!



Teqlər: Sosial-şəbəkə   Mənəvi-terror  





Xəbər lenti