Oyuncaq ordunun oyuncaq PUA-ları – ARAŞDIRMA

// Ermənistan hərbiyyəsi heç bir baxımdan böyüyə bilmir...

   Oyuncaq ordunun oyuncaq PUA-ları –    ARAŞDIRMA
  20 Avqust 2022    Oxunub:3857
Vətən Müharibəsində Ermənistan ordusunun darmağın edilməsindən iki il keçməsinə baxmayaraq, rusların müvəqqəti nəzarətində olan ərazilədə erməni təxribatları hələ də bitmək bilmir. Avqustun 13-ü, saat 10:30 radələrində qanunsuz erməni silahlı dəstələrinə məxsus kvadrakopterin Şuşa şəhəri ətrafında bölmələrimizin mövqeləri üzərində kəşfiyyat məqsədli uçuşlar həyata keçirməsi də bunlardan biri idi.
Bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar edilən kvadrokopter xüsusi üsulla endirilərək, ələ keçirilib. “DJI Mini 2 Fly More Combo” kvadrokopter tipli PUA-dır. O, həvəskar foto və video çəkilişləri üçün nəzərdə tutulur. Uzaqdan idarə olunan yığcam dron əvvəlki versiyasından uçuş müddətinin azacıq artırılması, tipik nasazlıqları daha qısa zamanda aradan qaldırmaq imkanı və 3 ədəd batareyası ilə fərqlənir.

Konstruksiyası

İntensiv tətbiq üçün uyğun olmayan PUA idarəetmə sistemi, qatlana bilən konstruksiya, müşahidə kamerası və infraqırmızı sensorlar ilə təchiz edilir. GPS siqnalı zəif olduqda, məsələn, qapalı məkanda uçarkən PUA dəqiq yerləşməni təmin edə bilmir. Uzaqdan idarəetmə üçün “Mavic Air 2” modeli ilə eyni olan “DJI RC-N1” pultundan istifadə edilir.

Uzaq məsafədən video axınını təmin edən OCUSYNCTM 2.0 texnologiyasının dəstəyi onu 10 km-ə qədər məsafədə idarə etməyə imkan verir. “DJI Mini 2 Fly More Combo”nun qatlanan qanaq və pərləri, onun daha kiçik çantada daşınmasını və saxlanmasını asanlaşdırır.

Texniki xüsusiyyətləri

Xaici asqıda quraşdırılan kamera foto və video çəkmək, 4k keyfiyyətində videonu yaddaşa yazmaq qabiliyyətinə malikdir. Onun kütləsi 249 qramdan azdır. Maksimum 31 dəqiqəlik batareya ilə “DJI Mini 2” kadrlar çəkmək üçün yararlıdır. 29-38 km/saat sürəti olan PUA 4000 metrə qədər yüksəkliyə qalxa bilir. 12 meqapiksellik kameraya malik PUA 10 km-ə qədər məsafədə HD video ötürülməsini də dəstəkləyir. Şəkillərin sonrakı işlənməsi üçün şəkilləri RAW formatında saxlamaq mümkündür.


Tam dəstə malik aparat hər biri maksimum 31 dəqiqəlik uçuş üçün kifayət edən üç akkumulyator, şəbəkə adapteri və 3-ə qədər batareyanın ardıcıl doldurulması üçün qurğu və idarəetmə pultu ilə təchiz edilir. Geniş ehtiyat bağlayıcılar və pər dəsti zədələri tez bir zamanda aradan qaldırmağa xidmət edir.

PUA-nın üstünlüyü onun məcburi qeydiyyata alınmaması ilə bağlıdır. Yəni istənilən qurum və ya şəxs bu PUA-nı rahatlıqla əldə edə bilər. Bunun üçün aliexpress onlayn satış saytında 1 dəqiqə vaxt itirmək yetərlidir.

Zəif cəhətləri

“DJİ Mini 2” hərbi təyinatlı vasitə deyil. Uçuş müddəti onun hərbi məqsədlərlə istifadəsini məhdudlaşdırır. Aşağı hündürlükdə kiçik sürət onu bir çox silahlar üçün əlçatan edir. Uçuş kütləsinin çox kiçik olması PUA-nın havada dayanıqlığı barədə şübhələr də yaradır. Qanad pərləri və rotorları yüngül zərbələrə qarşı çox həssasdır.
İstehsalçı daha güclü mühərriklərin istifadəsi sayəsində təkmilləşdirilmiş uçuş xüsusiyyətləri barədə məlumatlar versə də, sürəti, külək yüklərinə qarşı müqaviməti və bunun uçuş məsafəsinə təsiri barədə məlumatlar təqdim etmir. Avtomatik uçuş, eniş və bazaya qayıtma funksiyalarının sadələşdirilmiş idarəetmə sistemi ilə bir arada istifadə isə sağlam məntiqə sığmır və ciddi şübhələr yaradır.


İstənilən halda bu PUA peşəkar bir məhsul deyil, onun hərbi məqsədlərlə istifadəsi nəzərdə tutulmur. Bu modellərdən adətən həvəskar opertorların hazırlığında və ya mülki məqsədlərlə, məsələn, kənd təsərrüfatında, neft, qaz və ya elektrik xətlərinin monitorinqində istifadə olunur.

Ermənistanın PUA itkiləri

2019-cu ildən erməni mediasında ölkənin PUA sahəsində dünya liderlərləri sırasında yer ala biləcəyi barədə məlumatları rast gəlirik. Bu fikirlərə fakt və rəqəmlərin dili ilə cavab vermək üçün “fərarilər yurdu”nun ağıllı media mənsublarının nəzərinə çatdıraq ki, Azərbaycan Ordusu müharibədən əvvəlki 5 ildə Ermənistanı “dünya liderliyinə” daşıyacaq 30 ədəd PUA-nı məhv ediblər. Müharibə zamanı bu itkilər 22 ədəd, müharibədən sonrakı dövrdə 10 ədədə yaxındır. Bu rəqəmlər yalnız Azərbaycan Ordusunun məhv etdiyi və ya ələ keçirdiyi düşmən PUA-larını əhatə edir.

Erməni mediası ələ keçirilən “DJI Mini 2 Fly More Combo” PUA-sını Kanada istehsalı olduğunu iddia edir, lakin cibdə daşına biləcək bu portativ aparatlar Çinin “SZ DJI Technology Co., Ltd”. (Dajiang Innovation Technology Co.) şirkəti tərəfindən hazırlanıb və istehsal edilir. Həmin şirkətin hərbi standartlara uyğun məhsulları isə mövcud deyil. Şirkət əsasən mülki məqsədli multikopterlər, mikrokontrollerlər, video avadanlıqlar və s. istehsal edir.


PUA sahəsində Azərbaycandan aşkar geriliyini aradan qaldırmaq üçün Ermənistan hakimiyyətinin dilənmədiyi qapı qalmayıb. Rusiyadan Hindistana, İrandan Kanadaya qədər bir çox ölkə İrəvanın ödənişsiz PUA vermək xahişlərindən artıq beziblər. Üzünün suyu tökülənlərdən biri isə “DJI Mini 2 Fly More Combo” PUA-sını internet vasitəsilə alaraq, ermənilərə hərbi təyinatlı vasitə kimi verməyə məcbur olub. Taleyin acı ironiyası isə erməni silahlılarına tək nümunədə hədiyyə verilən kvadrakopterin Şuşa şəhəri ətrafında bölmələrimizin mövqeləri üzərində kəşfiyyat məqsədli uçuşlar həyata keçirərkən aşkar edilməsi və xüsusi üsulla yerə endirilərək ələ keçirilməsi ilə nəticələndi.

Maraqlıdır ki, atəşkəsə və erməni silahlılarının Azərbaycan torpaqlarından çıxarılmasına cavabdeh olan Rusiya sülhməramlıları və onların tabe olduğu RF-nin Müdafiə Nazirliyi hadisə ilə bağlı erməni tərəfinə etirazını dilə gətirməyə tələsmir.


Azərbaycan həm özünün strateji tərəfdaşlarının - İsrail, Türkiyə və Pakistanın, digər tərəfdən isə Ermənistanın strateji tərəfdaşlarının - Rusiya və Belarusun demək olar ki, istənilən müdafiə məhsullarını, həmçinin bəzi Avropa və NATO ölkələrinin məhdud preyskurantını əldə etmək imkanına malikdir. Belə olan halda daha çox toy operatorları üçün uyğunlaşdırılan və kifayət qədər geniş çatışmazlıq assortimentinə malik PUA-nın hərbi məqsədlər üçün istifadəsi əlacsızlıqdan qaynaqlanır.

İstənilən halda düşmənin Şuşa üzərində PUA uçurmaq cəhdi təxribatdır və bu cavabsız qalmayacaq. PUA-nın qaldıran erməni və onun ətrafı Əsgərimiz üçün legitim hədəfdir. Hazırda Azərbaycan Ordusunun bölmələri silahlanmasında olan müxtəlif radioelektron vasitələrlə bundan sonra da düşmənin hava vasitələri təfəfindən törədilə biləcək təxribatlarının qarşısını almağa və növbəti “Dəmir Yumruq” zərbəsini endirməyə daim hazırdır.

Ədalət Verdiyev, hərbi ekspert
AzVision.az



Teqlər: PUA   Ermənistan  





Xəbər lenti