Nüvə fəlakəti hazırlıqlarına başlanıldı: Ukraynalılara xüsusi dərmanlar paylanılır

     Nüvə fəlakəti hazırlıqlarına başlanıldı:    Ukraynalılara xüsusi dərmanlar paylanılır
  20 Avqust 2022    Oxunub:2540
Ukraynada nüvə fəlakətinə qarşı ciddi hazırlıqlara başlanılıb. AzVision.az xəbər verir ki, bu barərədə Enerqodar şəhərinin meri Dmitri Orlov Teleqramda məlumat yayıb.
Bildirilir ki, nüvə reaktorlarında baş verəcək mümkün qəza nəticəsində ərazinin çirklənməsi zamanı qalxanabənzər vəzi qoruya bilən xüsusi preparatlar alınıb. Kalium-yodid adlı həmin tabletlər artıq müvəqqəti işğal altında olan Enerqodara çatdırılıb. Preparatların sayı 25 mindir və onlar rayon büdcəsi hesabına əldə edilib.

MAQATE: "Rusiyanın tutduğu Zaporojye AES nəzarətdən çıxıb"
"Zaporojye Atom Elektrik Stansiyasının hərbi terrorçuların əlində olması, nüvə obyektində mütəmadi olaraq silahlı təxribatların baş verməsi bizi əlavə təhlükəsizlik tədbirləri görməyə vadar edir. Ona görə də 25 min tablet kalium-yodid alındı”, - mer yazıb.

Orlov onu da vurğulayıb ki, hazırda sənaye ərazisində və şəhərdə radiasiya fonu normaldır, profilaktika üçün dərman qəbul etməyə ehtiyac yoxdur.

"Yalnız əmr əsasında, həqiqətən təsdiqlənmiş təhlükə baş verdikdə istifadə olunacaq... Ümid edirəm ki, heç vaxt bu dərmanı qəbul etmək əmri almayacaqsınız. Amma kalium-yodid Enerqodarda yerləşən hər bir ailənin ilkin tibbi yardım çantasında olmalıdır", - Orlov deyib.

O, həmçinin izah edib ki, məlum dərmanları gələn həftədən etibarən ailə həkimləri vasitəsilə adambaşına 1 tablet- 0,125 q olmaqla almaq mümkün olacaq.

Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Staruxun sözlərinə görə, əgər bu təhlükəli obyektdə fəlakət baş verərsə, təkcə iki rayondan 400 min sakin təxliyə edilməli olacaq.

Xatırladaq ki, Moskva martın 4-dən ZAES-ə nəzarət edir. Rusiya hərbçiləri AES-in "peyk şəhəri" kimi tanınan Enerqodarı da zəbt ediblər.

Son zamanlar isə ZAES-in ərazisi bir neçə dəfə atəşə tutulub. Hətta bir sıra obyektlərə ziyan da dəyib. Ukrayna hakimiyyəti Beynəlxalq Atom Enerjisi Agentliyindən məlum problemin, ümumilikdə münaqişənin həllində kömək istəyib.

Rusiya isə bu günlərdə Kiyevin ZAES-də böyük fəlakətə səbəb olacaq partlayışlar törətməyə hazırlaşdığını iddia etdi.

Avropa İttifaqı və dünyanın 40-dan çox ölkəsi Rusiyanı öz qoşunlarını və şəxsi heyətini ZAES-dən dərhal çıxarmağa çağırıb. Həm Ukrayna, həm də Rusiya Federasiyası eyni vaxtda razııq əldə edərlərsə, BMT MAQATE missiyasının atom elektrik stansiyasına səfərini dəstəkləməyə hazırdır.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya   Nüvə   AES  





Xəbər lenti