“Kiməsə möhtac olmaqdan qorxuram” - MÜSAHİBƏ

“Kiməsə möhtac olmaqdan qorxuram” - MÜSAHİBƏ
  01 May 2014    Oxunub:3052
Bu gün tanınmış aktrisa, Azərbaycanın Xalq artisti Firəngiz Mütəllimovanın 55 yaşı tamam olur.
AzVision.az aktrisa ilə ad günü müsahibəsini oxuculara təqdim edir:

- İlk olaraq, doğum gününüzü təbrik edirəm. Necə keçirəcəksiniz bu günü?

-Mənim əsl ad günüm aprelin 3-dür. Bu tarixdə Şuşada doğulmuşam. Amma həmişə ad günümü mayın 1-i qeyd etmişəm, çünki sənəddə elə olub. İndi bir ad günüm də ortaya çıxıb. İyunun 17-i, əməliyyat olunduğum gün. 2 ad günüm 3 olub. Yaxşı başlamışam günə, elə birinci təbrik doğmalarımdan başlayıb, evdəkilər, yeznəm, bacılarım, bacılarımın balaları, dostlar. Bir azdan gedirəm, “Space” telekanalında ad günümü çəkirlər, ora çəkilişə. Allaha şükür hələ ki, əhvalım yaxşıdır.

- Hələ hədiyyə almamısınız?

- Yox, aprelin 3-də hədiyyələrimi almışam. Ən çox sevdiyim hədiyyə ətirdir. Gülü də çox sevirəm.

- Ad günü keçirməklə aranız necədir?

-Yaxşı. Mən hələ ki, təmtəraqla 50 yaşımı qeyd etmişəm. İndi yenə də öz ailəm çərçivəsində keçirirəm. Sağ qalsam 60 yaşımı təmtəraqla qeyd edəcəm. Uşaq vaxtımda həmişə ad günümü qeyd edirdilər. Yadıma gəlir ki, anam şüyüdlü aş dəmləyirdi, toyuq bişirirdi. O vaxt da bütün sinif yoldaşlarım, məhlə yoldaşlarım gəlirdilər bizə, belə keçirirdik. Lap özümüz də olsaq da, həmişə ad günüm qeyd olunurdu.

- Yaşın yaş üstünə gəlməsindən qorxurmursunuz ki?

- Bu gün 55 yaşım tamam olur. Qocalmaqdan qorxmuram, əksinə çox yaxşıyam, bir dənə Allahdan cansağlığı istəyirəm və sevdiklərimi Allah mənə bağışlasın. Başqa heç nə. Hər axşam deyirəm ki, hamının sevdiyi yanında olsun, mənim də bütün dost tanışlarımın xoş günlərinin şahidi olum.

-Firəngiz xanım, sizin üçün hansı yaş daha uğurlu olub?

- Gənclik yaş dövrü. Məsələn 18, 20, 21 yaşım olanda sevinirdim. Amma indi fikirləşirəm ki, insan ruhən cavan olmalıdır. İçdən cavan olmalısan. Hər yaş mənə əzizdir. İnsan tanıyıram ki, 80 yaşını haqlayıb, deyir ki, kaş 70 olardı.

- Hansı yaşda olmaq istəməzdiniz?

- 70 yaş. Özümü o yaşda təsəvvür edə bilmirəm, qorxuram deyirəm ki, xəstə olaram. Əslində yaşın fərqi yoxdur, qocalıq ona deyirəm ki, əlindən, qolundan tutub səni aparırlar. İnsan var ki, 80 yaşı var, daha qıvraqdır. Qorxum odur ki, xəstə, kiməsə möhtac olaram.

- Heç demisiniz ki, kaş 55 yox, 45 yaşım olardı?

- Heç vaxt deməmişəm. Hər insanı Allah dünyaya gətirib, o yaşamalıdır. Yəni hər dövrü yaşamalıyıq. 18 yaşı olanın da 50- 60 yaşı olacaq. Əvvəlki yaşlara qayıtmaq istəməzdim, yalnız onu istəyirəm ki, Şuşada evimizdə , ailəmizin başında olum.

-Heç olur ki, günlərin tez keçməsinə tələsəsiniz?

- O xüsusiyyət var məndə . Çox tələskənəm, həmişə tələsirəm.Amma sonra fikirləşirəm ki, bu günlər ömürdən- gündən gedir. Amma belə də ki, günlərə tələsmək lazım deyil, özü uçub gedir.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti