Müharibənin yarım ilinin qiyməti: Rəqəmlər və proqnozlar

   Müharibənin yarım ilinin qiyməti:    Rəqəmlər və proqnozlar
  25 Avqust 2022    Oxunub:3157
Ukraynada gedən müharibənin artıq 6 ayı tamam olub və bu müddətdə onun dünya iqtisadiyyatına hansı zərərləri vurduğuna baxmaq, eyni zamanda, qarşıdakı aylar üçün proqnozları nəzərdən keçirmək vaxtıdır. Yeri gəlmişkən, avqustun 24-də müharibənin 6 ayının tamam olması Ukraynanın Müstəqillik Günü ilə üst-üstə düşdü. Həmin gün münasibətilə dost Ukrayna dövlətini və xalqını ürəkdən təbrik edir, onların tezliklə bütün torpaqları üzərində öz həqiqi Müstəqilliklərini bərqərar etmələrini arzulayırıq!
Əlbəttə, ziyanın qiymətləndirilməsi metodikasından asılı olaraq, müharibənin 6 ayı ərzində vurulan zərəri ifadə edən rəqəmlər xeyli fərqlənə bilər. “The Economist”in dəyərləndirməsinə görə, bu ilin sonuna qədər müharibənin dünya iqtisadiyyatına vurduğu ziyan 1 trilyon dolları keçəcək. Bu il fevralın 15-də (müharibənin başlamasından 9 gün qabaq) “The Economist Intelligence Unit (EIU)” 2022-ci ildə dünyada qlobal ÜDM-in 3,9% artacağını proqnozlaşdırmışdı. Hazırda həmin proqnoz 1,1 faiz azalaraq, 2,8%-ə endirilib. Beynəlxalq Valyuta Fondu da əvvəlki 3,2% proqnozunu 2%-ə salıb.

“Böyük İyirmilik” ölkələri arasında ən çox itkiyə məruz qalan elə təcavüzkarın özüdür. İlin sonuna qədər Rusiya iqtisadiyyatının 10% azalacağı gözlənilir, halbuki, müharibədən əvvəlki proqnoz 2,6% artım idi.
Avropanın aparıcı iqtisadiyyatı olan Almaniya üçün bu göstərici 2 faiz azalaraq, 1,3%-ə düşüb. Səbəb Almaniya iqtisadiyyatının böyük həcmdə rus qazından asılılığıdır.

Ukrayna iqtisadiyyatı Dünya Bankının proqnozlarına görə, ilin sonuna qədər 45% azalacaq. Hərçənd, ölkənin özünün Milli Bankının proqnozu daha nikbindir - 33,4%. Yarım il ərzində Ukraynaya 500 milyard dollar ziyan vurulub. Ziyanın 114 milyard dolları infrastruktur obyektlərinə dəyib. Nəticədə ölkə iqtisadiyyatının 30%-i fəaliyyətini dayandırıb.
Müharibədən əvvəl günəbaxan yağının təxminən yarısı, qarğıdalının 15, taxılın 10 faizi Ukraynanın payına düşürdü. 36 ölkə öz taxıl idxalının 50%-dən çoxunu Ukraynanın hesabına ödəyirdi. Yarım il ərzində 43 ölkədə 49 milyon insan aclıq təhlükəsilə üzləşib.


Bu müddətdə inflyasiya dünyada əsas problemə çevrilib. İnkişaf etmiş ölkələrdə orta inflyasiya göstəricisi 2,3%-dən 6,6%-ə, inkişaf etməkdə olan ölkələrdə 4,9%-dən 9,5%-ə qalxıb.

Bütün bunlar dünyanı böhranın bir addımlığına çatdırıb. Ən pisi odur ki, demək olar, əksər proqnozlarda tənəzzülün 2023-cü ildə də davam edəcəyi gözlənilir. Hazırda müharibənin sonrakı gedişatı ilə bağlı 5-6 əsas ssenari nəzərdən keçirilir. Onlardan biri “üzücü müharibə” ssenarisidir. Bu ssenari Rusiya iqtisadiyyatı tam üzülüb əldən düşənə qədər Qərbin müharibəni davam etdirməsi ücün Ukraynaya dəstək verməsini nəzərdə tutur.

“Forbes”in hesabına görə, Ukraynada müharibənin bir günü Rusiyaya 400 milyon dollara başa gəlir. Əlbəttə, kifayət qədər böyük rəqəmdir, amma bizə müharibənin nə qədər davam edə biləcəyi haqda heç bir informasiya vermir, çünki həmin xərcin çoxu gizli rezervlərdən gedir. Əgər hadisələr məhz “üzücü müharibə” ssenarisi üzrə inkişaf edəcəksə, tamamilə mümkündür ki, biz nəinki bu il, heç gələn il də müharibənin sonunu görməyək. Bu isə dünya iqtisadiyyatının proqnozlaşdırıla bilinməyən zonaya daxil olacağı deməkdir.


Əlibala Məhərrəmzadə
İqtisadiyyat elmləri doktoru, professor
Ukrayna Ticarət Evinin direktoru



Teqlər: Müharibə   Ukrayna  





Xəbər lenti