Separatçıların "müdafiə naziri" Şuşa uğursuzluğuna görə həbs edilib - DETALLAR

 Separatçıların "müdafiə naziri" Şuşa uğursuzluğuna görə həbs edilib -  DETALLAR
  30 Avqust 2022    Oxunub:2788
Xəbər verdiyimi kimi bu gün Qarabağ separatçılarının "Müdafiə Ordusunun" keçmiş komandanı, general- leytenant Mikayel Arzumanyan həbs edilib. Ermənistan İstintaq Komitəsinin yaydığı məlumata görə, o, “Şuşa şəhəri və ona bitişik ərazilərin müdafiəsində səhlənkarlıq” işi ilə bağlı saxlanılıb.
İşin materiallarına görə, general-leytenant (İstintaq Komitəsinin hesabatında onun adı M.A. kimi göstərilib) oktyabrın 30-dan noyabrın 9-dək Şuşa və ona bitişik ərazilərin müdafiəsi üzrə üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməyib.

Separatçıların keçmiş müdafiə naziri Xankəndi yolunda həbs edildi
O, qüvvələrin döyüş imkanlarından səmərəli istifadəni, qoşunların qarşılıqlı fəaliyyətini təmin etməyib. Bundan başqa general tapşırıqların yerinə yetirilməsinə nəzarət etməyib, vəziyyətin dəyişməsinə operativ və çevik reaksiya verməyib.

Xüsusilə, o, cəbhənin mühafizə olunmayan sektorunda qoşunların yerləşdirilməsinə əmr verməyib, qonşu bölmələr arasında məlumat ötürülməsinə nəzarət etməyib. 31 oktyabr 2020-ci il tarixdə cəbhənin bir hissəsində, eləcə də Şuşa-Turşsu avtomobil yolunun bir hissəsində lazımi müdafiəni təmin etməyib. Halbuki 27-28 oktyabr tarixindən 95 nəfərdən ibarət xüsusi atıcı tağım, habelə o dövrdə həlledici döyüş tapşırıqlarına qatılmayan 365 hərbçidən ibarət iki batalyon onun sərəncamında olub.

"Bundan başqa, baxmayaraq ki, düşmənin ayrı-ayrı qrupları Şuşaya daxil olmuşdu, 2020-ci il noyabrın 6-sı da daxil olmaqla, Arzumanyanın imzaladığı əməliyyat hesabatlarında noyabrın 5-də döyüş tapşırıqlarının yerinə yetirildiyi, vəziyyətin nəzarət altında olduğu qeyd edilib", - məlumatda deyilir.

Noyabrın 5-də isə o, bir atıcı batalyonu Şuşa ilə Daşaltı kəndinin kəsişməsinə, “İsa bulağı” ərazisinə göndərib. Lakin buna qədər Azərbaycan birləşmələri artıq Daşaltı kəndini, bir sıra mövqeləri-"İsa bulağı" da daxil olmaqla Şuşa-Turşsu yolunun ərazisini nəzarətə götürmüşdü. Bu şəraitdə göndərilən batalyon sabit müdafiə təşkil etməyə vaxt tapmadı, mühasirəyə düşmə təhlükəsi ilə üzləşdi və itki verərək müdafiə mövqeləri qurmaq əvəzinə sağ qalmaq üçün təcili özünümüdafiəyə keçib. Eyni zamanda, bu batalyon noyabrın 1-dən döyüş əməliyyatlarında iştirak etməyə hazır imiş.

Məlumatda o da vurğulanır ki, Şuşanın müdafiəsi zamanı daim dəyişən döyüş şəraitində komandirlərin öz qoşunlarının yerləşdiyi yerləri araşdırmağa və onlar arasında əlaqə yaratmağa vaxtları olmurmuş. Buna görə də Azərbaycan hərbçiləri bölmələrdən yan keçərək şəhəri mühasirəyə ala bilib.

Eyni zamanda, bölmələrdən birinin komandiri noyabrın 2-si günortadan sonra Arzumanyana məlumat verib ki, Azərbaycan ordusu sağ istiqamətdə, mühafizə olunmayan ərazidə erməni mövqelərindən yan keçib. Bundan sonra noyabrın 4-də gecə saat 2 radələrində Azərbaycan Silahlı Qüvvələrinin bölmələri “İsa bulağı” yaxınlığındakı yüksəklikdə möhkəmləniblər. Hansı ki, daha sonra hərbçilər Şuşa-Daşaltı kəsişməsində yerləşən bölmələrdən də yan keçiblər, 5 noyabrda isə Şuşa-Xankəndi avtomobil yolunun yanacaqdoldurma məntəqəsinin kəsişməsindən Şuşaya yaxınlaşıblar. Noyabrın 7-də şəhər tamamilə nəzarətə götürülüb.

Arzumanyan Ermənistan Cinayət Məcəlləsinin 375-ci maddəsinin 3-cü bəndi (hərbi xidməti vəzifələrini yerinə yetirərkən səhlənkarlıq) ilə ittiham olunub. İstintaq Komitəsinin məlumatında qeyd edilir ki, general-leytenant Arzumanyan barəsində həbs qətimkan tədbiri seçilməsinə ehtiyac olduğu üçün saxlanılıb.

Xatırladaq ki, Arzumanyan keçmiş qondarma nazir Cəlal Arutyunyanın müharibə zamanı şəxsi avtomobilində partladılaraq vurulmasından sonra Qarabağdakı separatçı ordunun komandanı təyin edilmişdi.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Şuşa   Həbs   Ermənistan  





Xəbər lenti