Mirşahin Ağayev demişdi... Hikmət Hacıyev reallığı göstərdi

   Mirşahin Ağayev demişdi... Hikmət Hacıyev reallığı göstərdi
  31 Avqust 2022    Oxunub:1876
Tural İsmayılov
STM-in baş məsləhətçisi, politoloq

Hazırkı dünyada savaşların arealı informasiyalar ilə həmahəngdir. İndi dövlətlərin güclənməyi ilə ona qarşı olan qlobal imperializmin məkrləri də yenilənir. Sevdiyim filosoflardan olan Emil Dürkhaym deyirdi ki, güclü və həmrəy cəmiyyətlər qəddar siyasi sistemlər üçün təhdid kimi görünür.
Azərbaycan bu gün miskin Ermənistandan, ictimai həmrəyliyin olmadığı cəmiyyətlərdən və bir sıra ölkələrdən fərqli olaraq, ortaya möhtəşəm bir model qoyub. Bu model isə belə xarakterizə oluna bilər:

• Xalq hər bir məqamda dövlətinin yanındadır.
• Ölkədə güclü vətəndaş və hakimiyyət birliyi var.
• Rəy sorğuları da göstərir ki, xalqın mütləq əksəriyyəti cənab prezidentin siyasi kursunu dəstəkləyir.


Təkcə bir məqama diqqət edək. Sosial Tədqiqatlar Mərkəzinin “İnam İndeksi” hesabatının VI buraxılışında Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyəti ictimai rəydə qiymətləndirilmişdi. “İnam İndeksi-06” sosioloji tədqiqatda Azərbaycan Prezidentinin 2021-ci ilin ikinci yarısı üzrə siyasi, hərbi və diplomatik, sosial və mədəni sahələrdə, informasiya cəbhəsində çoxşaxəli və olduqca zəngin fəaliyyəti vətəndaşlarımızın rəyində əks etdirilib. Rəy sorğusu dövlətçilik tariximizdə ilk dəfə qədəm qoyduğumuz Zəfərin bir illiyi kimi misilsiz salnamənin yazıldığı ili, azad Qarabağda möhtəşəm bərpa və quruculuq mərhələsini əhatə edir.

Qeyd edim ki, rəy sorğusu təqvim etibarilə mühüm tarixi məqama, postmüharibə dövrünə, Qarabağın bərpa və quruculuq mərhələsinə təsadüf edir. Sorğu Naxçıvan Muxtar Respublikası və azad edilmiş ərazilər istisna olmaqla bütün regionlarını əhatə edib. 1162 respondentin rəyi öyrənilib.
Sorğuda iştirak edən vətəndaşların Prezidentə inam etimadı 91,2 faiz “tam etibar edirəm”, 6,9 faiz “əsasən etibar edirəm” olmaqla yüksək səciyyələnir.

Təbii ki, bütün bu faktorlar ölkəmizi istəməyən qaragüruh kollapsını daha da qıcıqlandırır. Onlar isə hər daim ölkəmizi zəiflətmək üçün informasiya trollarını, dezinformasiya “siçovullarını” ortaya atırlar. Bu gün ölkədə qarışıqlıq yaratmaq istəyən “informasiya” çirkabı əsasən bir neçə parametr üzrə ehtiva oluna bilər.

1) Qərb mərkəzli fondların “sadiq qrant ovçuları”
2) İrandan sosial media yayımları edən radikal ekstremist “hüseyniyyun” təşkilatı və onun üzvləri
3) Haradan maliyyə gəlirsə ordan təlimat alan söyüş “bloggerləri”.


Belə olan təqdirdə biz həmişəkindən daha ayıq-sayıq olmalıyıq. Bu gün qalib ölkənin vətəndaşları həm də informasiya sayıqlığı olan fərdlərdir. Sonuncu olaraq Prezidentin köməkçisi, hörmətli Hikmət Hacıyevin Şuşada keçirilən mükəmməl beynəlxalq tədbirdə səsləndirdiyi fikirləri manipulyasiya edən bəzi Qərb “aşiqləri”nin niyyətlərinin nə olduğu da bizim istənilən vətəndaşımız üçün aydındır.

Məncə, indi sıravi azərbaycanlı informasiya hücumlarına qarşı daha güclü “xəbər immuniteti”nə malikdir. Hikmət Hacıyev “ABŞ və Fransanın Qarabağ probleminin sülh yolu ilə həllində maraqlı olmadığını” xatırladaraq, bu iki ölkənin diplomatlarının konfransda iştirak etməmələrini “Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik” kimi səciyyələndirməyi ABŞ və Fransadan gələn qrantların yolunu gözləyənləri yaman narahat edib. Bu, həmin Fransadır ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinə səfirini göndərə bilmir, ya da həmin ABŞ-dır ki, Filip Rikeri hansısa ölü Mİnsk Qrupuna təyin edir.

Azərbaycan regional liderdən qlobal siyasi dirijora çevrildikcə sosial şəbəkələr daha çox silah kimi istifadə edilməyə çalışılır. Bu yerdə ustad jurnalist Mirşahin Ağayevin müsahibələrindən birində səsləndirdiyi fikirlər bizim üçün hər zaman aktual olmalıdır: “Bu dövləti qorumaq yalnız səngərdə dayanan əsgərin üzərinə düşmür. Mənim üçün təmas xəttində atəşkəsi pozaraq kiminsə ölümünə bais olan, erməni silahlı qüvvəsinə məxsus əsgərin gülləsi ilə Azərbaycanın istiqlal xətlərini, Azərbaycandan xaricdə oturub pozan hansısa provokatorun, avantüristin, söz terrorçusunun hərəkəti eynidir. Mən onlarla mübarizə aparıram və aparmağa da davam edəcəyəm”.

P.S. Gəlin biz də klaviaturamızı, smartfonlarımızı əsgər kimi istifadə edək və hamılıqlar informasiya terroruna qarşı sosial mediada müdafiə yaradaq.



Teqlər: İnformasiya-müharibəsi  





Xəbər lenti