Atəş açılan düşmən mövqeləri nəzarətə götürülməlidir – Ədalət Verdiyevin yazısı

   Atəş açılan düşmən mövqeləri nəzarətə götürülməlidir –    Ədalət Verdiyevin yazısı
  03 Sentyabr 2022    Oxunub:2931
Sentyabrın 2-si, saat 15:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələrinin növbəti təxribatı ilə qarşılaşdıq. Belə ki, son iki ildə başına gələn fəlakətlərdən ibrət dərsi çıxarmayan “unitaz ovçuları” dövlət sərhədimizin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətindəki mövqelərini, həmçinin, ora təminat daşıyan 2 hərbi nəqliyyat vasitəsini atəşə tutublar.
Nəticədə hər iki avtomobilin ön hissəsi və şüşələri zədələnib. Xoşbəxtlikdən hərbi qulluqçularımız arasında itki yoxdur. Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.

Əslində MN-in “düşmən susdurulub” açıqlamasından daha effektiv tədbirlər gördüyünə şahidəm. Bu tədbirlər adətən geniş audiotoriyaya ya sonradan məlum olur, ya da ümumiyyətlə, olmur. Amma bu istiqamətdə düşmənin atəşkəsi mütəmadi pozması artıq hər birimizi dərindən narahat etməyə başlayıb.

İstənilən halda, fərari erməni əsgərlərinin Azərbaycan Ordusunun mövqelərinə və ya onun texnikalarına atəş açmaları bağışlanması mümkün olmayan təxribatdır. Odur ki, Azərbaycan Ordusu ermənilərin bu tip fəaliyyətlərinin qarşısını almaq və gələcəkdə təkrarlanmasına imkan verməmək üçün atəş açılan düşmən mövqelərini harada yerləşməsindən asılı olmayaraq, təcili nəzarətə götürməlidir. Görünür, Ermənistanın fərari silahlı qüvvələrinin komandanlığı əllərində qalan tarixi Azərbaycan ərazisi olan Basarkeçər rayonunu itirmək üçün çox tələsir...

Görünən odur ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Fərrux, Sarıbaba, Qırxqız və Buzdux, son günlərdə isə Laçın rayon mərkəzinin, Zabux və Sus kəndlərinin Azərbaycan Ordusunun nəzarətinə keçməsi Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən erməni bölmələrinə ibrət dərsi olmayıb.

Böyük Şorca istiqamətindən ermənilərin Ordumuzun mövqelərini atəşə tutması ilk dəfə deyil. Bəlkə də onlarla belə rəsmi məlumata rast gəlmişik. Əvvəlki atəşkəs pozuntuları zamanı insan və texnika itkisi nəzərə alınmırdısa, bu dəfə Ordumuza aid KAMAZ avtomobilinə ziyan dəyib.

Nə qədər ki, atəş açılan düşmən mövqelərində Azərbaycan Əsgəri yerləşməyəcək, həmin mövqelərin üzərində Azərbaycan Bayrağı dalğalanmayacaq, erməni təxribatları da bitməyəcək. Görünür, Fərruxda, Qaragöldə və Ala Göllərdə atəşkəsi pozmağın Ermənistana və separatçı quruma hansı fəlakətləri bəxş etdiyini bəzi erməni generalları unudublar. Onlar unudublarsa, deməli, xatırlatmaq da bizim borcumuzdur.

Ədalət Verdiyev, hərbi ekspert
AzVision.az üçün



Teqlər: Qarabağ   Ermənistan  





Xəbər lenti