“OPEC”in qiymət oyunları – TƏHLİL

// Neftin dünya iqtisadiyyatına yaradacağı “sürpriz”lər hələ qabaqdadır

   “OPEC”in qiymət oyunları –    TƏHLİL
  08 Sentyabr 2022    Oxunub:2143
Dünya bazarlarında enerji daşıyıcılarının qiymətləri ilə bağlı qeyri-müəyyənlik davam edir. Söhbət volatillikdən, yəni aşağıya və yuxarıya doğru rəqslərdən gedir. Bir müddətdir neftin dünya bazar qiymətləri 100 ABŞ dollarından aşağıdır. Əvvəl isə 120 dollardan yuxarı idi.
Əslində, 1 barrelin 90 dollardan yuxarı təklifi ucuz deyil. Lakin heç bir təminat yoxdur ki, bu qiymət birdən-birə bundan da baha olmasın, yəni əvvəl olduğu kimi 100 dolları keçməsin və yaxud da sabah 80 dollardan aşağı düşməsin. Yəni enerji bazarında risk səviyyəsi indiyədək heç vaxt olmadığı qədər yüksəkdir.

Bəs bir ara 120 dollardan yuxarı olan qiymətlər nəyə görə ucuzlaşdı?! Səbəb aydındır: dünya iqtisadiyyatında proseslər müsbət istiqamətdə inkişaf etmir, artım getdikcə daha az proqnozlaşdırılır və s. Bu da iqtisadi əlaqələrin zəifləməsi, enerjidaşıyıcıları üzrə alış-verişin dalana dirənməsi, inflyasiya və bahaçılıqla əlaqədardır. Səbəb aydındır: əvvəl pandemiya, sonra da Rusiya-Ukrayna müharibəsi.

Lakin qiymətlərin bundan da çox ucuzlaşacağı hələ ki gözlənilmir. Hətta ehtimal var ki, bu, gələn il də baş verməsin. Belə ki, OPEC+ 2023-cü ildə qıtlıq yarana biləcəyini də açıqlayıb. Təşkilatın proqnozuna görə, növbəti ildə bazarlarda guya sutkada 300 min barrel neft çatışmazlığı ortaya çıxacaq.

Sual yaranır ki, bəs, sözügedən quruma aid ölkələr hasilatı getdikcə artırmaqla məşğuldurlar axı... Lakin məsələ bundadır ki, bir sıra texnoloji baryerlər bütün imkanlardan istifadəyə imkan yaratmır və bu üzdən, OPEC+ ölkələri hasilat sahəsində hələ heç pandemiyaya qədərki vəziyyəti bərpa edə bilməyiblər. Halbuki, dünyada ümumi neft hasilatının 2/3 hissəsinin yükünü daşıyan, başqa sözlə desəm, yarıdan çoxunu çıxaran qurum sutkada 400 min barel artım həyata keçirir.

Xatırladım ki, pandemiya ilə əlaqədar tələbin kəskin aşağı düşməsi nəticəsində 2020-ci ilin mayında sukada 9,7 milyon barel - təxminən 10 faiz azaldılmaya gedilmişdi. Bu ayın sonuna OPEC+ ölkələri üzrə hasilata qoyulan bütün məhdudiyyətlər aradan götürüləcək. Bununla belə, yenə də qiymət barədə konkret proqnoz irəli sürmək mümkün deyil.

Daha bir amil ondan ibarətdir ki, indi də OPEC+ ölkələrinin oktyabr ayı üçün neft hasilatını sutkada 100 min barel azaltmaq haqda qərara gəldikləri deyilir. Sual yaranır: niyə?! Alyans ölkəri qiymətləri görəsən, yenidən 100 dollardan yuxarımı qaldırmaq istəyirlər? Yeri gəlmişkən, noyabr fyuçeri üzrə qiymətlər yenə yüksəlməyə meyl göstərir. Təbii ki, hasilatın azaldılacağı haqda açıqlama bunda böyük rol oynayacaq.

Göründüyü kimi, bir yandan növbəti il ərzində sutkada 300 min barel neft çatışmazlığının ortaya çıxacağı qeyd olunur, digər yandan isə oktyabrdan yenə azaldılmaya doğru gediləcəyi bildirilir. Fikrimcə, bu ondan irəli gəlir ki, dünyada neft hasilatı sənayesi əslində ciddi böhran içərisindədir və lap sabah aparıcı ölkələrin iqtisadiyyatları bərpa olunsa belə, neftə yaranacaq tələb ödənilməyəcək. Çünki hasilat fasiləsiz investisiya tələb edir! Əvvəl, pandemiya idi, indi də Rusiya-Ukrayna müharibəsi və buna görə yaranan çəkişmələr səbəbindən artıq 3-cü ildir ki, sadə dildə desəm, yeni quyular qazmağa, köhnələri isə dərinləşdirməyə pul qoymağa imkan yoxdur.


Pərviz Heydərov
Azvision.az üçün



Teqlər: Neft   OPEC  





Xəbər lenti