E-qanun.az mobil tətbiqə keçdi

E-qanun.az mobil tətbiqə keçdi
  09 Sentyabr 2022    Oxunub:1137
"On minlərlə normativ sənədi ehtiva edən e-qanun.az elektron resursu interaktiv rejimdə fəaliyyət göstərir və daim yenilənir. İl ərzində ondan bəhrələnənlərin sayı yüz minlərlə ölçülür".
AzVision.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyi İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova Hüquqi aktların vahid elektron bazası”nın (E-qanun.az) mobil versiyasının tətbiqi barədə ictimai təqdimatda deyib. O bildirib ki, nazirlik innovasiyaların tətbiqinə, dövlət xidmətlərinin məsafədən və mobil qurğular vasitəsilə təşkilinə hər zaman xüsusi önəm verir.

"Bununla əlaqədar Ədliyyə Nazirliyinin təşəbbüsü ilə bu yaxınlarda Şuşa şəhərində keçirilmiş məhkəmə-hüquq islahatlarının mütərrəqi nəticələrinə dair konfransda ölkə Prezidentinin tapşırıqlarına uyğun olaraq qarşıda duran yeni, xüsusilə azad edilmiş ərazilərimizdə ədliyyə və məhkəmə fəaliyyətinin bərpası, o cümlədən bu sahədə xidmətlərin əlçatanlığının təmin olunması ilə bağlı vəzifələr müzakirə olunub, tədbirlər müəyyən edilib. Bu yaxınlarda ədliyyə işçiləri Ağalı kəndində olaraq innovativ texnoloji dəstək əsasında sakinlərə səyyar xidmətlər göstəriblər.

Nazirlik tərəfindən ədliyyə və məhkəmə xidmətlərinin elektronlaşdırılması, o cümlədən mobil tətbiqlər üzərindən göstərilməsi məsələlərinə daim xüsusi önəm verilir.

400 minə yaxın istifadəçisi olan və vətəndaş məmnunluğu doğuran “Mobil notariat” tətbiqinin cəmiyyətimizdə populyarlığı hər kəsə məlumdur. “E-qanun” mobil tətbiqi də normativ aktlara çevik və daha rahat şəkildə əlçatanlığı təmin edir. İstifadəsi çox asandır. İstənilən yerdə, istənilən vaxt qanunvericilik aktının mətni ilə ani rejimdə tanış olmaq, əldə etmək mümkündür. Tətbiq telefona asanlıqla yüklənir, müxtəlif platformalar üzərindən heç bir qeydiyyat tələb olunmadan yükləyib, ondan yararlanmaq olar".

Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti