Xəzərin statusunu əngəlləyən kimdir? – TƏHLİL

Xəzərin statusunu əngəlləyən kimdir? – TƏHLİL
  03 May 2014    Oxunub:7301
Xəzər dənizinin hüquqi statusu barədə konvensiyanın müzakirə edilməsi məqsədilə xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin iştirakı ilə keçirilən görüşdən sonra verilən bəyanatlardan aydın olur ki, tərəflər arasında Xəzərin hüquqi statusu ilə bağlı bir sıra məsələlərdə razılıq əldə olunsa da, hələ ki, “beşlik” arasında olan fikir ayrılıqları tamamilə aradan qalxmayıb. Qeyd olunan konvensiyanın bu ilin payızında Həştərxanda keçiriləcək növbəti görüşdə qəbulu planlaşdırılsa da, rəsmilər bildiriblər ki, həmin tarixə qədər tam razılaşmanın əldə olunması mümkün olmayacaq.

Xəzərin statusu məsələsində dövlətlər arasında yaranan fikir ayrılığı əsasən dənizin dibinin bölünməsilə bağlıdır. Bu məsələdə ən çox narazılıq yaradan tərəf isə İrandır. İran hesab edir ki, Xazər dənizinin dibi bərabər şəkildə beş sahilyanı ölkə arasında hər birinə 20 faiz düşməklə bölünməlidir. Beynəlxalq təcrübəyə və Azərbaycan-Rusiya-Qazaxıstan arasında 2003-cü ildə imzalanmış “orta xətt” prinsipinə əsaslanan razılaşmaya görə isə Xəzərin dibinin 18,7 faizi Rusiyanın, 19,5 faizi Azərbaycanın, 29,6 faizi isə Qazaxıstanın payına düşür. “Orta xətt” prinsipini qəbul etməyən İrana bu bölgü üzrə 13,8, Türkmənistana isə 18,4 faiz hissə ayrılır.

İran bərabər şəkildə bölünmə təklifini verməklə ədalətli mövqe nümayiş etdirdiyini göstərmək istəsə də, əsalində bu yolla SSRİ dövründə mövcud olmuş 20 faizlik payını qaytarmağa və enerji resursları daha bol olan hissələri ələ keçirməyə çalışır. Türkmənistanın uzun illərdir konkret mövqeyinin olmaması isə İranın tələblərinin legitimliyini artırır.

Tehranın tələblərinin yerinə yetirilməsi İranın Xəzərin cənubunda Azərbaycan və Türkmənistanın payından alması, Azərbaycanın Rusiyanın payına düşən hissədən mənimsəməsi, Rusiya ilə Türkmənistanın isə Qazaxıstanın payından qoparmaqla hər biri üçün 20 faizlik hissənin formalaşması anlamına gəlir. Bu isə, ilk növbədə Qazaxıstanın maraqlarına cavab vermir. Çünki Astana Xəzər dənizində ən böyük paya sahib olan dövlətdir.

Eyni zamanda, Rusiya da bu bölgü ilə razılaşa bilməz, çünki Moskva İranın istəyinə görə öz sahillərində Azərbaycan hərbi gəmilərinin üzməsini arzulamır. 2003-cü ildə Rusiya, Qazaxıstan və Azərbaycan arasında müvafiq razılığın imzalanması məhz qeyd olunan reallıqdan irəli gəlirdi.

Hazırkı geosiyasi vəziyyətdə Xəzərin statusunun müəyyən edilməsi xüsusi əhəmiyyət daşıyır. Belə ki, Avropa Birliyi Rusiya qazından asılılığını aradan qaldırmaq istəyir və Qərbə Azərbaycan qazı ilə yanaşı, Türkmənistan qazının da ixracını təmin etmək vacibdir. Türkmənistanla Azərbaycan arasında Kəpəz yatağı mübahisəli hesab olunur və hələ 2012-ci ildə iki ölkə arasında bu yataqla bağlı diplomatik gərginlik yaşanmışdı. Hadisələrin gedişatı göstərir ki, Türkmənistan da Avropaya qaz ixracı üçün xəttin açılmasının tərəfdarıdır və layihənin reallaşması üçün narazılıqların aradan qaldırılmasına niyyətlənib. Prezident Qurbanqulu Berdımuhammedov aprelin 19-da ARDNŞ rəhbəri Rövnəq Abdullayevlə görüşmüşdü. Görüşdən sonra yayılan rəsmi məlumatda Türkmənistanın qaz ixracında çoxşaxəli xəttlərin inkişafına əhəmiyyət verdiyinin qeyd olunması Aşğabadın AB-nin təklifinə dolayı razılığı anlamına gəlir. Eyni zamanda, Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovun Aşqabadla Bakı arasında Xəzərin statusu ilə bağlı fikir ayrılığından danışılmasının yersiz olduğunu deməsi Türkmənistanın mövqeyinin dəyişməsindən xəbər verir.

Ancaq Azərbaycanla Türkmənistan arasında razılığın əldə olunması heç də, Transxəzər qaz kəmərinin çəkilişinə olan maneələrin aradan qalxması anlamına gəlmir. Daha əvvəl Rusiya və İran Xəzərin dibi ilə çəkilən qaz xətti ilə bağlı 5 Xəzəryanı dövlətin razılığının olmasını tələb kimi irəli sürürdülər. Rusiya və İran onu bəyan edirdilər ki, dənizin istənilən hissəsində görülən işlər Xəzərin ümumi flora və faunasına, ekoloji vəziyyətinə təsir göstərəcək. Odur ki, bu məsələ hər bir xəzəryanı dövlətin maraqlarına toxunan məsələdir. Məşhur Nabukko layihəsinin reallaşmamasının səbəbləriundən biri də İranla Rusiyanın Xəzərin statusunun müəyyənləşməməsi bəhanəsini irəli sürmələri ilə bağlıdır.

Təbii ki, transxəzər layihəsinin reallaşması və Xəzərin enerji resurslarının qərbə ixracı Rusiyanın maraqlarına ziddir və Moskva buna hər vəchlə mane olmağa çalışacaq. Lakin, Rusiya hazırki məqamda orta xətt prinsipinə əsaslanan konvensiyanın hazırlanmasına etiraz edib prosesi yubadmaq imkanından məhrumdur. Çünki hələ 2003-cü ildə bu prinsipləri rəhbər tutaraq Azərbaycan və Qazaxıstanla müqavilə imzalayıblar. Moskva bu dəfə təklif edir ki, Xəzər dənizinə hövzəyə aid olmayan dövlətin hərbi gəmi və texnikalarının daxil olması qadağan edilsin. Moskva bu təklifi Qara Dənizdəki təcrübəsindən irəli gələrək ortaya qoyur. Qara Dənizdə rus hərbi gəmiləri ilə yanaşı, hövzə dövlətlərinə aidiyyatı olmayan Amerika hərbi gəmiləri də növbə çəkməkdədirlər. Krım hadisələri göstərdi ki, Rusiya hüquqi normalardan daha çox hərbi gücünə arxalanır və Xəzər dənizində də, hərbi güc hesabına aparıcı rol oynamağa çalışacaq. Yəni, konvensiyanın müddəalarından asılı olmayaraq Rusiya hərbi gücü hesabına öz mövqeyini diqtə edə biləcək.

Bu mənada İranın mövqeyi xüsusi əhəmiyyət daşıyır. Doğrudur İran ənənəvi olaraq etiraz etsə də, hazırki məqamda vəziyyətin dəyişməsini nəzərə alaraq Tehranın da mövqeyinin dəyişəcəyini ehtimal etmək olar. Artıq Avropa Rusiya qazından asılılıqdan qurtulmaq üçün İrandan belə qaz almağa etiraz etmir. Məhz buna görə, Tehranın AB-nin layihələrinə qarşı çıxmayacağını gözləmək olar.
Belə qənaətə gəlmək olar ki, Xəzərin statusunun müəyyən edilməsi birbaşa Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əsas rol oynayır. Odur ki, status barədə razılığın əldə olunmasında hövzə dövlətləri ilə yanaşı, qərb də maraqlıdır.

Tofiq Əsgərov
AzVision.az üçün


Teqlər:  





Xəbər lenti