"Əli Kərimli, Arif Hacılı, Gültəkin Hacıbəyli igidlərimizin fədakarlığını aşağılayırlar" - Deputat

- 2020-ci il 10 noyabr razılaşmasından sonra erməni tərəfi üzərinə düşdüyü öhdəliyi yerinə yetirmir. Əksinə, bütün vasitələrdən istifadə edərək bölgədə gərginliyi artırlar. Proseslərə nəzər yetirsək, ermənilərin istər Kəlbəcərin boşaldılması, istər də Laçın şəhərinin təhvil verilməsi zamanı öz mənfur niyyətlərini həyata keçirdiklərini açıq aydın görə bilərik. Sarıbaba yüksəkliyində 2021-2022-ci il istehsalı olan minaların döşənməsi Ermənistanın əsl niyyətini ortaya qoymuş oldu. Təbii ki, Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu kimi mənfur niyyətli addımlara müvafiq cavab verməli idi,- deputat deyib.
O, qeyd edib ki, ordumuzun düşmənə verdiyi layiqli cavab bizlə istər açıq, istərsə də pərdə arxası mübarizə aparan bəzi dövlətləri hərəkətə gətirib.
- Fransanın təklifi ilə BMT-nin təhlükəsizlik şurasının çağırılması buna bariz nümunədir. Amma çox təəsüf olsun ki, ölkə daxilində siyasi proseslərə qoşulan bəzi partiya funksiyanerləri, müxtəlif şəxslər düşmən dəyirmanına su tökür, həmin xarici qüvvələrlə həmfikir olaraq dövlətimizə qarşı mənfur addımlarını həyata keçirməyə çalışırlar. Əli Kərimli, Arif Hacılı, Gültəkin Hacıbəyli və onların ətrafında olan qaragüruh qüvvələr ordumuzun itkilərini Azərbaycanın uğursuzluğu kimi qələmə verir, dövlətimizi təcavüzkar olduğunu vurğulayır, öz vətənini qanı, canı bahasına qoruyan igidlərimizin fədakarlığını aşağılayırlar. Xalqımızın Ali Baş Komandanın ideyaları ətrafında sıx birləşməsi sanki bu adamları narahat edir, onlar əldə olunmuş uğurları həzm edə bilmirlər. Məhz bu qüvvələr Azərbaycana qarşı siyasi cəbhədə yer almış dövlətlərin yanında durur, onların fikirlərinin ifadəçisi rolunu ifa edirlər. Xaricdən bu destruktiv qüvvələrə dəstək verən Qənimət Zahid, Tural Sadıqlının timsalında bəzi dırnaqarası müxalifət nümayəndələri müxtəlif şərhlərlə dövlətimizin son iki ildə əldə etdiyi uğurlara kölgə salmağa çalışır, 44 günlük Vətən müharibəsini də gözdən salmaq istəyirlər.
Təbii ki, bu yolverilməzdir. Düşmən qüvvələrdən heç də fərqlənməyən Altay Göyüşov kimi şəxslərin mövqeyi sərt şəkildə qınanmalıdır. Çünki bu düşüncələr mənfur düşmənlərin fikirlərindən heç nə ilə fərqlənmir. Hazırda dünyada gedən proseslər fonunda vahid ideya ətrafında birləşmək, xalqımızı, ordumuzu ruhlandırmaq əvəzinə, bu cür pozucu fəaliyyətlə məşğul olmaq, birmənalı şəkildə dövlətimizə və xalqımıza qarşı yönəlməkdir. Lakin xalqımızın əhval ruhiyyəsi bizdə o əminliyi yaradır ki, Azərbaycan dövləti Ali Baş komandanın rəhbərliyi altında bütün strateji hədəflərə çatacaq və biz yeni yeni qələbələrin şahidi olacağıq! - Müşfiq Məmmədli qeyd edib.
Tural Tağıyev
AzVision.az
Teqlər: Deputat Ermənistan