"Azərbaycan İslam dünyası üçün modeldir" - Aqil Şirinov

   "Azərbaycan İslam dünyası üçün modeldir" -    Aqil Şirinov
  20 Sentyabr 2022    Oxunub:882
"Müasir dünyada birgəyaşayış çərçivəsində ortaya çıxan böyük problemlərin əsas amillərindən biri milli, irqi və dini müstəvidə artan ayrı-seçkilikdir. Bu gün dünyada islamafobiya baş alıb gedir".
AzVision.az xəbər verir ki, bunu Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov deyib. Onun sözlərinə görə, etiqad və məzhəb zəminində baş verən ayrı-seçkilik və münaqişələr elm və irfandan uzaq olan bəzi dini qrupları müsəlman dünyasına yönəldilmiş planların könüllü iştirakçılarına çevirir: “Bütün bunlar bizi İslam Şərqində və mədəniyyətində birgəyaşayış ənənəsini, tarixi təcrübələri, Həzrət Məhəmmədin həyat fəlsəfəsinə bağlı prinsipləri yenidən gözdən keçirib təhlil etməyə, İslam mədəniyyətinin şifrələrini və bu mədəniyyətin müqəddəs mətnlərini doğru oxumağa sövq edir”.

A.Şirinov qeyd edib ki, Heydər Əliyev tərəfindən təməli qoyulan dini dəyərlərə hörmət və qayğı, eyni zamanda birgəyaşayış ənənələrin təbliğinə əsaslanan bu nəcib siyasəti hazırda Respublika Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir.

"İslam ölkələrində müxtəlif məzhəb nümayəndələri arasında konfliktlərin şahidi oluruq. Amma Azərbaycanda belə hadisəyə şahid olmuruq. Azərbaycanda iki məzhəbin nümayəndələri qardaşlıq şəraitində yaşayırlar. Azərbaycan dünya və İslam dünyası üçün modeldir".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti