Türkiyə ŞƏT-ə üzv olmaq istəyir, Rusiya ŞƏRT qoyur
“Avropa İttifaqı bizi 52 il saxlayacaq, ona yaxınlaşmağa imkan verməyəcək, sonra da soruşacaq: “Niyə bu ölkə ilə görüşdü, niyə başqa bir ölkə ilə görüşdü?”. Mən danışıqlar aparacağam. Biz bu danışıqları apararaq Avropa İttifaqı qarşısında hesabat verməli deyilik.
Biz dünyanın bütün ölkələri ilə görüşürük. Mən cənab Si (Çin Prezidenti Si Cinpin) ilə görüşürəm, mən cənab Putinlə (Rusiya Federasiyasının Prezidenti Vladimir Putin), cənab Modi ilə (Hindistanın Baş naziri Modi Narendra) görüşürəm”, - deyə Ərdoğan PBS-yə müsahibəsində bildirib.
Türkiyə lideri qeyd edib ki, Ankaranın siyasəti bütün ölkələrlə danışıqlar aparmaqdır.
“Avropa İttifaqına üzv dövlətlərlə görüşlərimiz olanda bizə “Niyə onlarla görüşdünüz?” kimi suallar gəlmirdi.Biz onlarla prosesi Şanxay Əməkdaşlıq Təşkilatı ölkələrində olduğu kimi aparacağıq”, - Ərdoğan əlavə edib.
Rusiya Prezidentinin ŞƏT üzrə xüsusi nümayəndəsi, Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri isə bildirib ki, Türkiyə ŞƏT-ə üzv olmaq üçün bir sıra meyarlara cavab verməli, NATO kimi blokların üzvü olmamalıdır.
“Bizim yeni üzvlərin qəbulu ilə bağlı bir sıra meyarlarımız var: Avrasiya regionuna mənsubluq, ŞƏT-ə üzv dövlətlərlə fəal diplomatik, ticarət-iqtisadi və mədəni əlaqələr olmalıdır. Həm ŞƏT dövlətləri ilə münaqişələrin olmaması, eləcə də xarici münaqişələrə qarışmamaq. BMT Təhlükəsizlik Şurasının sanksiyalarının olmaması, həm də ŞƏT üzvlərinə düşmən və ya onlara qarşı yönəlmiş fəaliyyət və bloklarda iştirak etməmək”, - Rusiya XİN-in səfiri bildirib.
O qeyd edib ki, Türkiyə Rusiyanı sadəcə düşmən deyil, bir nömrəli düşmən elan edən NATO-nun üzvüdür.
Hakimov qeyd edib ki, Türkiyə ilə ŞƏT-i birləşdirən bütün müsbət cəhətlərlə yanaşı, diqqətlə öyrəniləcək amillər var.
Xatırladaq ki, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Səmərqənddə keçirilən iclasında iştirak edib və nəticədə Türkiyənin məqsədinin ŞƏT-ə üzv olmaq olduğunu bildirib.
O, həmçinin qeyd edib ki, Aİ yarım əsrdən artıqdır ki, Türkiyənin öz sıralarına daxil olmasını əngəlləyir və o, sammitdə iştirakına görə onun qarşısında hesabat vermək fikrində deyil.
Qeyd edək ki, ŞƏT 2001-ci ildə yaradılmış beynəlxalq təşkilatdır. Təşkilata Hindistan, Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Tacikistan, Pakistan və Özbəkistan daxildir.
Müşahidəçi ölkələr qismində isə Əfqanıstan, Belarus, İran və Monqolustan, tərəfdaş ölkələr - Azərbaycan, Ermənistan, Kamboca, Nepal, Türkiyə və Şri-Lanka təmsil olunur.
Sentyabrın 15-16-da Səmərqənddə keçirilən sammitdə İranın bu təşkilata daxil olması ilə bağlı qərar qəbul edilib və Belarusun inteqrasiya proseduruna başlanılıb.
Sammit ərəfəsində Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Şanxay Əməkdaşlıq Təşkilatının hərbi təhlükəsizlik sahəsində fəaliyyət göstərən bloka çevrilməsini təklif etsə də, bu təşəbbüs sammitin rəsmi gündəliyinə daxil edilməyib.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: