Mebel sənayemizi necə dirçəldə bilərik? – TƏHLİL

   Mebel sənayemizi necə dirçəldə bilərik? –    TƏHLİL
  23 Sentyabr 2022    Oxunub:1889
Son ayların statistikasına baxanda Azərbaycana mebel idxalının durmadan artdığını görürük. Mart ayında ölkəyə mebel gətirilməsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 16%, iyunda 33%, iyulda 25%, avqustda 16% artıb. Ümumilikdə yanvar-avqust aylarında 70.1 milyon dollar dəyərində mebel və hissələri idxal olunub.
Bu rəqəmlər narahatlıq üçün əsas yaratmya bilməz: ölkəyə idxal durmadan artırsa, yerli mebel sənayesi import təzyiqinin altında əzilməyəcək ki?!

Mebel sənayesində maraqlı oyun qaydaları var. Planetin ağac ehtiyatlarının 25%-dən çoxu Rusiyanın ərazisində olsa da, bu ölkə dünyadakı mebellərin cəmi 2%-ni istehsal edir. Xammalın 97%-ni idxal edən Çin isə dunya mebel bazarında 9,4%-lik paya malikdir. Mebel üçün xammalın 94%-ni idxal edən Sloveniya xaricə ildə 600 milyon dollarlıq mebel satır!

Göründüyü kimi, mebel sənayesinin inkişafı heç də ölkədə xammalın mövcudluğundan asılı deyil. Düzgün taktika seçilərsə, bu sahə inkişaf edərək, qeyri-neft sənayesinin çox vacib seqmentinə çevrilə bilər. Bəs bunun üçün nə lazımdır?

• Hər şeydən əvvəl, ağac emalı sənayesi üzrə mütəxəsislər hazırlanmalıdır;
• İkincisi, ölkədə Ağac Yonqarı Piltələrin (DSP) istehsalı təşkil edilməlidir;
• Üçüncüsü, yaxşı olar ki, bu proseslər vahid sənaye-istehsal zonalarında cəmləşsin və klasterlər yaradılsın.

Hazırda mebel istehalı üzrə materialların 85%-i ölkəmizə xaricdən gətirilir. Əsas material olan DSP ümumiyyətlə, Azərbaycanda istehsal olunmur. Belə vəziyyətdə ciddi mebel sənayesinin qurulması əlbəttə, mümkün deyil.
Ölkədə mebel sənayesində az qala 300-ə yaxın şirkət fəaliyyət göstərsə də, haradasa 4-5-i daxili bazarda iri oyunçu sayıla bilər. Amma onların da xarici bazarlara çxımaq imkanları məhduddur. Çünki xammal idxalından yüksək dərəcədə asılı olduqlarından, xarici bazardakı qiymətlər onların son məhsulunun dəyərinə xeyli təsir edir.

Seriyalı istehsal olunan mebelin maya dəyərinin 40%-ni DSP təşkil edir. Sifarişlə düzəldilən mebel üçün bu göstərici 60%-dir. DSP istehsalı üçün ucuz ağac qırıntıları lazımdır. 50 dollar dəyərində ağac qırıntısından 1 kubmetr DSP alınır ki, onun qiyməti artıq 450 dollardır. Hazırda dunyada DSP istehsal edən 750-yə yaxın fabrik var. Onların da 1/3-dən çoxu Çində yerləşir. Bu fabriklər xammalın (ağac qırıntısının) 60%-nı Rusiyadan alırlar. DSP istehsalını Azərbaycan brendi altında ölkəmizdə təşkil etsək, yerli mebellərin qiyməti xeyli ucuzlaşar. Bu zaman onların ixrac umkanları da artar.

Bizim ətrafımızdakı regionlarda böyük mebel bazarları var. Orta Asiya, Yaxın Şərq, Şimali Afrika ölkələrində mebel istehsalı çox zəif, qiymətləri isə bahadır. Azərbaycan istehsalı zəncirini düzgün təşkil etsə, dəyər zəncirini genişləndirsə, həmin bazarlara nəinki uğurla daxil ola, hətta güclü oyunçuya da çevrilə bilər. Rusiya bazarındakı bahalığı və xarici şirkətlərin tərk etdiyini nəzərə alsaq, orada da yaxşı fürsətlər var. Biz Rusiyadan xammal alıb, ora hazır məhsul sata bilərik.

Bu baxımdan Çinin təcrübəsi bizim üçün xüsusilə maraqlı ola bilər. Çin mebel ixracına başlamaq qərarına gələndə xüsusi sənaye zonaları qurulmuşdu. Orada müəssisələr kompleks şəkildə fəaliyyət göstərərək, istehsal zənciri yaradırdılar. Yeri gəlmişkən, Çin hazırda qlobal mebel bazarında vacib oyunçulardan biridir.

Ölkəmizdə təşkkil edilən sənaye zonalarında xüsusi mebel sektorları yaradılsa, bu baxımdan çox yerinə düşər. Çünki biz bu perspektivli bazarda öz yerimizi tutmaq şansımızı əldən verməməliyik.

Əlibala Məhərrəmzadə
İqtisadiyyat elmləri doktoru, professor
Ukrayna Ticarət Evinin direktoru



Teqlər:





Xəbər lenti