Güney Qafqazda sərhədlərin dəyişdirilməsi namazı

   Güney Qafqazda sərhədlərin dəyişdirilməsi namazı
  24 Sentyabr 2022    Oxunub:3845
Vüsal Məmmədov

Son vaxtlar İranın hansı rəsmisi ağzını açırsa, nədən danışırsa, nə haqda susursa, fərqi yoxdur, bir cümləni mütləq işlətməlidir: “Güney Qafqazda sərhədlərin dəyişdirilməsi yolverilməzdir!” Adama elə gəlir ki, bu cümləni göz qapaqlarının altına tatuaj etdiriblər, hər dəfə gözlərini qırpanda qeyri-ixtiyari görüb, təkrarlayırlar.
Molladan tutmuş diplomata, siyasətçidən tutmuş hərbçiyə qədər hər kəsin bu cümləni gündə azı bir dəfə işlətməsi artıq İslam irRespublikasında rəsmən vacibatdan elan olunub. Fərmandeh bu haqda fərmanı… pardon, fətvanı ya artıq verib, ya da Allahın iznilə tezliklə verməyin “vot-vot”undadır.

Eyni cümləni gündə iki dəfə işlətmək rəsmən müstəhəb, üç dəfə işlətmək isə savab elan olunub. Dörd dəfə işlədənə cənnətdə velosiped vəd edilir. Buna görə bəndənizdə belə bir şübhə yaranıb ki, artıq İranda həmin virdi hətta namazlarına da daxil ediblər. Əks təqdirdə nə qədər huşyar olsan da, arada yadından çıxa bilər. İranlı rəsmilərin isə həmin vird salavat kimi dillərinin ucunda bitib, deməli, istisna deyil ki, onu məcburən tez-tez təkrarlayırlar.

Mənə elə gəlir ki, son 2-3 ayda iranlı molla, hərbçi, siyasətçi və diplomatlar hər gün sübh namazına duranda mütləq günə həmin fikirlə başlamaq üçün cümləni hissələrə bölüb, namazlarının sözlərinin arasına yerləşdirirlər. Tutaq ki, belə:

Bismillahir rəhmanir Güney
Əlhəmdülillahir Qafqazda
Rəbbül aləmin Sərhədlərin
Ərrəhmanir Dəyişdirilməsi
Rəhim Yolverilməzdir!

Nəticədə bu namazı qılan iranlı molla, hərbçi, siyasətçi və diplomatın səhər obaşdandan yadına düşür ki, Güney Qafqazda sərhədlərin dəyişdirilməsi yolverilməzdir.
Amma gün uzun, Şeytan məkrlidir (Allah ona lənət eləsin!) Buna görə də, günortaya qədər Güney Qafqazda sərhədlərin dəyişdirilməsinin yolverilməz olması hansısa molla, hərbçi, siyasətçi və diplomatın huşundan çıxa bilər. Belə olmaması üçün onu günorta namazında da mütləq təkrarlamaq lazımdır ki, Şeytan ləin eşidib, xar olsun! Məsələn, bu cür:

Qul huvəlləhu Güney
Allahüs-səməd Qafqazda
Ləm yəlid Sərhədlərin
Vələm yuləd Dəyişdirilməsi
Kufuvan əhəd Yolverilməzdir!

Beləcə, günorta namazından sonra hansısa molla, hərbçi, siyasətçi və diplomat əgər bəyanat verməli olsa, mütləq yadına düşəcək ki, Güney Qafqazda sərhədlərin dəyişdirilməsi yolverilməzdir!
Amma həyatdır da, Zaur, hər şey ola bilir; birdən Güney Qafqazdakı vəziyyətə işdən sonra münasibət bildirmək lazım gəlsə, onda necə?! Axı hansısa molla, hərbçi, siyasətçi və diplomat “işi evə aparma!” prinsipini rəhbər tutaraq, Güney Qafqazda sərhədlərin dəyişdirilməsinin yolverilməz olması kimi vacib şəriət hökmünü ofisdə qoyub, təmiz başla dincəlməyə gedə bilər. Bəs onda nə olacaq?!
Belə olmaması üçün eyni şeyi axşam namazında da təkrarlamaq lazımdır. Tutalım, bu cür:

Qul əuzu birəbbin Güney
Məlikin Qafqazda
İlahin Sərhədlərin
Min şərril vəsvasil Dəyişdirilməsi
Əlləzi yuvəsvisu fi Yolverilməzdir!

Beləcə, iranlı molla, hərbçi, siyasətçi və diplomatların zehni şeytanın vəsvəsəsindən bilmərrə sığortalanmış olur! Amma İran başdan-başa molla, hərbçi, siyasətçi və diplomatlardan ibarət deyil axı. Orada sadə insanlar - məsələn, sürücülər, tələbələr, hicabını düzgün örtməyən gənc qızlar və sair zümrələr də var. Güney Qafqazda sərhədlərin dəyişdirilməsinin yolverilməz olması kimi vacib ŞƏRi hökmü onların da beyinlərinə yerləşdirmək lazımdır ki, birdən çaşıb, Güney Qafqazda sərhədlərin dəyişdirilməsinin yolverilən olması kimi küfrü yaxına buraxarlar, o zaman din-iman əldən gedər! Buna görə, eyni tezisi camaat namazlarında da təkrarlamaq lazımdır. Tutalım:

İnnə ənzəlnahü fi Güney
Və mə ədrəkə Qafqazda
Leylətul Qədri xayrun Sərhədlərin
Tənəzzəlul məlaikəti vərruh Dəyişdirilməsi
Səlamun hiyə həttə mətləil Yolverilməzdir!

Bax, indi oldu əla! Belədə orta statistik iranlının şüuru dördqat mühafizə altındadır. İndi onlar dəqiq bilirlər ki, Güney Qafqazda sərhədlərin dəyişdirilməsi yolverilməzdir! Daha ləin Şeytan nə qədər çalışsa da, onları inandıra bilməz ki, Güney Qafqazda sərhədlərin dəyişdirilməsi yolverilən ola bilər. Allah Şeytana lənət eləsin!

Müəllifin digər yazıları:
Xalqların oynadıqları oyunlar: Bizə hansı rol yüklənib
Radioaktiv marginallıq platforması
XXI əsrin selektiv bədəviləri



Teqlər: İran  





Xəbər lenti