Qışa doğru inflyasiya artacaq – TƏHLİL

   Qışa doğru inflyasiya artacaq –    TƏHLİL
  26 Sentyabr 2022    Oxunub:2445
Dünyada və Azərbaycanda inflyasiya yüksəlməkdə davam edir. Ölkəmizdə bu göstərici artıq 13 faizi keçib. Bu ilin yanvar-avqust aylarında istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 113,2 faiz, o cümlədən, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 118,9, qeyri-ərzaq məhsulları üzrə 107,2, əhaliyə xidmətlər üzrə isə 110 faiz təşkil edib.
Avqustda istehlak qiymətləri indeksi iyula nisbətən 9 faiz, ötən ilin eyni ayı ilə müqayisədə isə 14,2 faiz yüksəlib. Yay ayları bir sıra kənd təsərrüfatı məhsulları üzrə istehsal və tədarük mövsümü olsa da, qiymətlər nəinki ucuzlaşmadı, heç sabit də qalmadı. Keçən ilin əvvəlindən start götürən bahalaşmaya davam etdi.

Bu ilin birinci yarısının yekunlarına dair müşavirədə Prezident İlham Əliyev qeyd etmişdi ki, inflyasiya 12 faizdən çoxdur, amma bu, ümumi tendensiyadır, dünyanın hər yerində müşahidə edilir. Avrozonada bu ilin avqust ayında inflyasiya tarixi maksimumuna, başqa sözlə desəm, 9,1 faiz səviyyəyə çatıb. Bir ay öncə, yəni iyul ayında isə 8,9 faiz idi. Halbuki, Avropa Mərkəzi Bankı 2 faiz proqnozlaşdırmışdı. Real rəqəm 4,5 dəfə çoxdur.

Əsas səbəblərdən biri enerjidaşıyıcılarla bağlıdır. Bu sahədə qiymətlər 38,3 faiz qalxıb. Bu təkcə, Rusiya-Ukrayna müharibəsinə görə deyil, həm də daşımaların pandemiyadan əvvəlki vəziyyətə qayıtmaması və sair ilə izah olunur. ABŞ-da isə inflyasiya son 40 ilin ərzindəki (1981-ci ilin noyabrından bəri) ən yüksək həddə - 9 faizdən yuxarıya çatıb. Söhbət iyun ayının göstəricisindən gedir. İyulda nisbətən zəifləsə də payızda yüksələcəyi gözlənilir.

Azərbaycanın bəxti onda gətirib ki, enerjidaşıyıcıları sarıdan asılı vəziyyətdə deyilik. Ölkəmiz də əgər Avropa ölkələri kimi enerjidaşıyıcıları sarıdan kənardan asılı vəziyyətdə olsaydı, infyasiya daha yüksək olardı. Çünki hələ nəzərə almalıyıq ki, proses hökumətin nəzarəti altındadır və ilin əvvəlindən bəri müxtəlif antiinflyasiya tədbirləri tədbiq edilir. Ancaq effekt azdır, ona görə ki, ortada obyektiv səbəblər mövcuddur. Belə ki, bir sıra məhsulları idxal edirik, pul-kredit siyasəti mexanizmi çevik təsirə və idarəetməyə imkan yaratmır, bazarda qiymətlər üzrə zəncirvari əlaqənin bütün halqalarına nəzarət etmək mümkün deyil və sair.

Odur ki, hökuməti qınamaq olmur. Məsələn, dünyada bütün növ enerjidaşıyıcıları bahalışdığı fonda bizdə əsas yanacaq növləri üzrə qiymətlər nəzarətdə saxlanır. Bu, həmin yanacaq növlərinin daxildə istehsal edilməsi, yəni neft ölkəsi olmağımızla izah olunsa da, dövlətin "cibinin" hesabına başa gəlir. Ümumiyyətlə, istehlak bazarına nəzarət və müəyyən tənzimləmələr zamanı hökumət və dövlət ziyana gedir, daha doğrusu getməyə məcbur qalır. Bu səbəbdən də kompensasiya xarakterli üsul və mexanizmlərə əl atılır. Məsələn, "Neft məhsullarının aksiz dərəcələri səviyyəsinin dəyişdirilməsi və ölkə ərazisində daşınması xərcləri ilə bağlı bəzi məsələlər haqqında" qərarı misal gətirmək olar.

Bəs, inflyasiyanın yüksəlməsi və qiymət artımı nə vaxtadək davam edəcək?!

Ümumi bahalaşma və inflyasiya prosesində qida və kənd təsərrüfatı məhsullarının qiymətləri əsas təkanverici faktor olduğundan, fikrimcə, üzü qışa doğru daha yuxarı tempə şahid ola bilərik. Bunu ilk olaraq, dünyada və o cümlədən, Avropada enerji böhranının səngiməyəcəyi gözləntisi deməyə əsas verir. Həm də ümumiyyətlə, üzü qışa doğru qiymətlərin həmişə qalxması ənənəsi var.

Üstəlik, qiymətlər əlaqəlidir. Xüsusən də qida bazarında. Məsələn, unun, çörəyin və digər un məhsullarının bahalaşması digər malllara da təsir edir. Necə ki, yanacaq bahalaşanda hər şeyin qiyməti qalxdığı kimi, çörək və digər un məhsulları bahalaşanda da bütün qida mallarının qiymətləri yüksəlir.

Bəs nə etməli?!

Birincisi, ölkəyə idxal olunan bəzi ərzaq məhsulları üzrə gömrük rüsumları və vergilər azaldılmalı, ikincisi, yerli məhsulların bazarlara çıxışı və yaxud, başqa sözlə desəm, reallaşdırılması imkanları maksimum asanlaşdırılmalı, üçüncüsü isə maaş, pensiya və sosial ödənişlər artırılmalıdır, yəni geniş xarakterli növbəti bir sosial paket həyata keçirilməlidir.

Yeri gəlmişkən, yuxarıda qeyd etdiyim ilin birinci yarısının yekunlarına dair müşavirədə Prezident tapşırdı ki, insanların sosial müdafiəsini lazımi səviyyədə təmin etmək, xüsusilə də ən həssas kateqoriyadan olan insanların sosial məsələlərini həll yaxşılaşdırmaq üçün təkliflər verilsin.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev isə bildirib ki, cari ilin ilk yarımilinin yekunlarına dair müşavirədə Prezidentin verdiyi tapşırığa əsasən, sosial islahatları davam etdirmək üçün təkliflər hazırlanacaq.


Pərviz Heydərov
Azvision.az üçün



Teqlər: İnflyasiya  





Xəbər lenti