"Pandemiya vaxtı ictimai nəqliyyatda qiymətlərin artırılması münasib deyil" - Ekspert

   "Pandemiya vaxtı ictimai nəqliyyatda qiymətlərin artırılması münasib deyil" -    Ekspert
  26 Sentyabr 2022    Oxunub:905
Xəbər verdiyimiz kimi, Azərbaycandakı sərnişindaşıma şirkətləri tariflərin artırılması ilə bağlı İqtisadiyyat Nazirliyinə müraciət edib . Onlar pandemiyanın sərnişindaşıma şirkətlərinə ciddi zərbə vurduğunu, dizel yanacağının bahalaşmasının təsirinin neytrallaşdırılması üçün ayrılan subsidiyanın məbləğinin cüzi olduğunu, avtobus nəqliyyat vasitəsinə zəruri olan sürtgü yağları, şin və sair bütün növ ehtiyat hissələrinin qiymətinin 50%-ə qədər artdığını qeyd ediblər.
Qeyd edək ki, ictimai nəqliyyatda tariflərin artırılması ilə balı bu ilin yanvar və aprel aylarında Tarif (qiymət) Şurasına müraciət edilsə də, cavabsız qalıb.

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov AzVision.az -a bildirib ki, bu gün Bakı şəhərində sərnişindaşımada keyfiyyətin yüksəldilməsi ilə bağlı daşıyıcı şirkətlər tərəfindən götürülən öhdəliklər həyata keçirilməlidir:

- Yəni vaxtilə gedişhaqqı 20 qəpik olanda daşıyıcı şirkətlər qeyd etmişdi ki, qiymətlər əgər qalxsa bu zaman onlar sərnişindaşımanın keyfiyyətini artıracaqlar. Qiymət 50 faiz qalxdı, amma sərnişindaşımada keyfiyyətin yüksəlməsinin şahidi deyilik” deyən ekspert bildirib ki, Bakı şəhərində ictimai nəqliyyat problematikdir və o qədər də əlçatan deyil.

“Avtobuslararası intervallar çoxdur, vətəndaşlar dayanacaqlarda saatlarla gözləyir. “Bakıkartı”ın balansının artırılması belə problematikdir. Dayanacaqlara qoyulan terminallar yığışdırılıb və vətəndaş məcburdir ki, hardasa terminal tapıb, orada kartını yüksəsin. Dayanacağa gələn vətəndaş üçün şərait yaradılmalıdır ki, o terminal vasitəsilə balansı artırsın. Əlçatanlıq təmin edilməyib. Dayanacaqda olan vətəndaş bilmir ki, avtobus nə zaman gələcək və ya ümumiyyətlə gələcək, ya yox. Marşutda olan avtobusların sayı barədə də məlumat yoxdur. Keyfiyyət bu gün çox aşağıdır. Bu gün qiyməti yüksəltsək daşımada keyfiyyətin yüksələcəyinə zəmanət verilir? Digər tərəfdən niyə qiymət yüksəldilməlidir?”.

E.Cəfərov vurğulayıb ki, ictimai nəqliyyat üçün ayrılan subsidiyalar artırıla bilər:
“Ayrılan subsidiyaya cüzi deyirlərsə, o məsələni özləri həll etsin. Əlaqələnirici qurum Bakı Nəqliyyat Agentliyidir, desinlər, məsələ həllini tapsın. Düşünürəm ki, qiymətləri yüksəltməkdənsə dövlət tərəfindən müəyyən subsidiyaların verilməsi daha yaxşı olar. Dövlət özəl daşıyıcı şirkətlərə subsidiyalar verəndən sonra onlardan keyfiyyətin yüksəldilməsini tələb edəcək. İndi də onlardan keyfiyyətin yüksəldilməsi tələb olunur. Lakin görünür ki, əks arqument kimi qiymətlərin ucuzluğunu bildirirlər”.

Ekspert qeyd edib ki, pandemiya dövründə, bugünki dönəmdə qiymətlərin yüksəldilməsi münasib deyil:
“Dövlət sosialyönümlü siyasət yürüdür, vətəndaşların maddi rifahının yüksəldilməsi ilə bağlı müəyyən proqramlar hazırlanır. Pandemiya bitənə qədər qiymətlərin yüksəldilməsi münasib olmaz. Pandemiyadan sonra bu haqda fikirləşmək olar”.

Aytən Zəhra
AzVision.az




Teqlər:





Xəbər lenti