Olimpiya mükafatçısı “Judo Club 2012” ilə müqavilə imzaladı

Olimpiya mükafatçısı “Judo Club 2012” ilə müqavilə imzaladı
  28 Sentyabr 2022    Oxunub:5470
Tanınmış cüdoçu, əslən Cənubi Azərbaycanın Urmiya şəhərindən olan soydaşımız, Tokio Olimpiadasının gümüş mükafatçısı, dünya və ikiqat Asiya çempionu, milli komandamızın üzvü Səid Mollayi bundan sonra idman karyerasını “Judo Club 2012”də davam etdirəcək.
İdmançı ilə klub arasında müqavilənin imzalanması mərasimində Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti, Olimpiya çempionu Elnur Məmmədli, Federasiya prezidentinin müşaviri Natiq Bağırov, “Judo Club 2012” İctimai Birliyinin sədri Azər Əsgərov, klubun icraçı direktoru Mübariz Cəfərov iştirak ediblər.

Səid Mollayinin otuz yaşı var, on yaşından cüdo ilə məşğuldur. O, milli komandamızın heyətində bu il iki mötəbər yarışda - Macarıstanın paytaxtı Budapeştdə keçirilən “Böyük dəbilqə”, Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Beynəlxalq Cüdo Federasiyasının qran-pri yarışlarında iştirak edib və hər ikisində gümüş medal qazanıb.


ACF-nin vitse-prezidenti Elnur Məmmədli bu barədə məlumat verərkən deyib ki, Azərbaycan bayrağı altında çıxış etmək Səidin ən böyük arzusu olub. “Federasiyanın rəhbərliyi ona bu arzusunu gerçəkləşdirmək imkanı yaradıb və milli komandanın tərkibinə daxil edib. Səidlə bağlı böyük planlarımız var, onun ölkəmizdə də karyerasının uğurla olacağına inanırıq,” - deyən E.Məmmədli idmançının “Judo Club 2012” ilə əməkdaşlığının həm onun idman karyerasına, həm də Azərbaycan cüdosunun inkişafına çox müsbət təsir göstərəcəyini bildirib.

ACF prezidentinin müşaviri Natiq Bağırov da hazırda milli komandanın liderləridən olan Səid Mollayinin qərarını yüksək qiymətləndirib. O deyib: “Ölkəmizdə cüdo üzrə mükəmməl məşq bazası olan “Judo Club 2012”nin Səidin öz uğurlarını daha artırması üçün hər cür şərait yaradacağına əminik. Belə titullu bir idmançı ilə iş birliyi Azərbaycan cüdosunun inkişafına sanballı töhfələr verən klubun özünün də nüfuzunu yüksəldəcəkdir. Klubun yığma komandalarımıza daim dəstək göstərdiyini də minnətdarlıq hissi qeyd etmək istərdim. Hazırda yığma komandamız üçün baza tikilir. Belə bir vaxtda “Judo Club 2012” öz qapılarını təmənnasız olaraq yığma komandaya açıb. Yeniyetmələrdən ibarət yığmamız burada məşq edir. Vaxtilə qızlardan ibarət millimiz də klubda məşq keçib. Fürsətdən istifadə edib, federasiya rəhbərliyi adından klubun rəhbərliyinə təşəkkür bildirirəm. Əminəm ki, əməkdaşlığımızın davamlı olacaq”.


Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, usta cüdoçular arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalibi və mükafatçısı, klubun təsisçisi Azər Əsgərov Olimpiya mükafatçısı Səid Mollayinin “Judo Club 2012”ni seçməsini çox sevindirici hal kimi dəyərləndirib. “Belə titullu bir idmançının klubun üzvü olması, burada məşq etməsi yeniyetmə və gənc idmançılar üçün çox böyük stimul olacaq. Klubumuzun qapısı Azərbaycan cüdosunun inkişafına çalışanların hamısının üzünə açıqdır. Federasiya ilə əlaqələrimiz yüksək səviyyədədir və bizə göstərilən dəstəyə görə rəhbərliyə təşəkkürümüzü bildirirk. “Judo Club 2012” cüdosevərlərin ikinci evidir və biz cüdonun inkişafı üçün bundan sonra da nə lazımdırsa etməyə hazırıq”, - deyə Azər Əsgərov bildirib.

Klubun icraçı direktoru Mübariz Cəfərov Səid Mollayinin klubda məşq etməsi üçün ona hər cür şərait yaradılacağını bildirib . “Səid 81 kq çəki dərəcəsində dünyanın aparıcı cüdoçularından hesab edilir. Onun kimi intizamlı və zəngin təcrübəyə malik olan idmançının klubumuzun üzvü olması bizim üçün sevindirici haldır. Bu, istedadlı və gənc cüdoçuların inkişafına da müsbət təsir göstərəcək. İnanıram ki, klubla müqaviləyə qol çəkəcək Səid Mollayinin gələcək karyerası bundan sonra da uğurlu olacaq”.


Klubun icraçı direktoru Mübariz Cəfərovla birlikdə müqaviləni imzaladıqdan sonra Səid Mollayi deyib: “Azərbaycan yığmasının və “Judo Club 2012” ailəsinin üzvü olduğum üçün qürur duyuram. Azərbaycana hərzaman böyük sevgim olub. Ölkəmizin və “Judo Club 2012”nin adını uca tutmağa çalışacağam. Hazırlıqlarımı əsasən milli komandanın məşq bazasında keçirəm. Amma klubda yaradılan şəraiti gördükdən sonra heyrətimi gizlədə bilmədim. Bu günə qədər dünyanın bir sıra ölkələrində təlim-məşq toplanışlarında və yarışlarda iştirak etmişəm. Lakin heç bir ölkədə belə yüksək imkanları olan klub görməmişəm. Burada, həqiqətən də, məşq keçmək üçün hərtərəfli şərait yaradılıb. Belə bir klubda məşq keçən idmançı mütləq yüksək nəticə göstərməyə çalışmalıdır”.

Müqavilə imzalandıqdan sonra ACF rəsmilərinin və Olimpiya mükafatçısı Səid Mollayinin “Judo Club 2012”nin məşqçi heyəti və idmançıları görüşü keçilib və xatirə şəkli çəkdirilib.



Teqlər: Cüdo  





Xəbər lenti