Rusiya dərman asılılığından necə qurtuldu – Müsahibə

   Rusiya dərman asılılığından necə qurtuldu –    Müsahibə
  28 Sentyabr 2022    Oxunub:15939
“Rusiya da digər dünya ölkələri kimi, təbii ki, daxili əczaçılıq bazarında təqdim olunan bütün dərmanları istehsal etmir. Buna görə də, bir sıra dərmanlarla bağlı xarici tədarükdən asılıdır. Bu əsasən innovativ dərmanlara aiddir, baxmayaraq ki, onların bir çoxunun istehsalı ölkədə lokallaşdırılıb”.
Bu sözləri AzVision.az -a müsahibəsində İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Dərman təminatının təşkili və farmakoiqtisadiyyat kafedrasının müdiri, əczaçılıq elmləri doktoru, professor Roza Yaqudina deyib.

- Dünyada baş verən hadisələr – Ukraynadakı müharibə, COVID-19 pandemiyası, qlobal inflyasiya, ərzaq böhranı Rusiyada dərmanların qiymətinə necə təsir edib?
- Rusiya Federasiyasında Hökumətin hər il təsdiqlədiyi Əsas Dərmanların Siyahısı var. Bu Siyahı olduqca genişdir, ona qiymətləri sabit olan və özbaşına dəyişdirilə bilinməyən 800-dən çox INN (Beynəlxalq Patentləşdirilməmiş Adlar) daxildir. Bu siyahıdakı dərmanların qiymətləri sabit qalıb.
"Vital and Essential Drugs"a daxil olmayan bəzi dərmanların qiymətləri qədər artıb. Amma ümumilikdə qiymətlərlə bağlı vəziyyət hələ ki normaldır.

- Rusiya idxal olunan dərmanlardan nə dərəcədə asılıdır?
- Yerli istehsaldan danışırıqsa, logistika imkanları, maddi-texniki təchizat, maddələrin və yardımçı maddələrin, qablaşdırma materiallarının, nəzarət-ölçü materiallarının və s.-in tədarükü ilə bağlı əndişələr var idi. Alternativ həll yolları qəbul edilən problemlərin əksəriyyətini çözdü.

- Rusiyada ən çox rast gəlinən kritik xəstəliklər hansılardır?
- Bu suala birmənalı cavab vermək mümkün deyil. “Çox rast gəlinən” və “kritik” bir az fərqli aspektlərdir. Deyə bilərəm ki, bizdə Milli Səhiyyə Layihəsi var, onun çərçivəsində xərçəng və ürək-damar xəstəlikləri ilə mübarizə üçün ayrı-ayrı federal layihələr müəyyən edilib. Şəkərli diabetlə bağlı ayrıca federal layihə qəbul edilməsinin mümkünlüyü müzakirə edilir.

- Hazırda kritik xəstəliklərlə mübarizədə dərman təminatı ilə bağlı vəziyyət necədir?
- Dərman təminatı kifayət qədər stabildir. Amma təbii ki, bu sistemin təkmilləşdirilməsini, inkişafını tələb edən məsələlər həmişə olub, indi də var. Məsələn, son bir neçə ildə dərman təchizatı proseslərinin rəqəmsallaşdırılmasına (dərman vasitələrinin hərəkətinin monitorinqi, dövlət satınalmaları, xəstələrin reyestrləri və s. sahələrdə), distant texnologiyaların tətbiqinə və s. xüsusi diqqət yetirilir.

- Rusiyada ən çox yayılmış xəstəliklər üçün dərman fondu yaradılıbmı? Bu ehtiyat tükənsə, nə baş verəcək?
- Bəli, belə bir ehtiyatımız var. Ölkədə kifayət qədər uzun müddətdir ki, həm federal, həm də regional səviyyədə subsidiyalaşdırılmış dərman təminatına dair bir sıra dövlət proqramları fəaliyyət göstərdiyinə görə, bu proqramlar üzrə dərmanların maliyyələşdirilməsi və satın alınması profilaktik olaraq həyata keçirilir: maliyyə bir və ya üç il il üçün ayrılır, satınalmalar altı, doqquz ay və ya bir il müddətində həyata keçirilir. Bir sıra proqramlar üzrə üç illik müqavilələr bağlanır. Ofset müqavilələri hazırlanır. Dərman təchizatı kifayət qədər sabit olduğundan ehtiyatın təmin olunmasının mümkünsüzlüyü ilə bağlı heç bir narahatlıq yoxdur. Bundan əlavə, Rusiya əczaçılıq sənayesi istehsal olunan dərmanların həm çeşidini, həm də həcmini daim genişləndirir.

- Nadir xəstəlikləri olan xəstələrin dərman təminatı məsələsi necə həll olunur?
- Tapılmayan nadir dərmanlar bir neçə mənbədən təmin olunur: yüksək qiymətli nozologiya proqramı çərçivəsində federal satınalmalar və regional büdcələr hesabına regional satınalmalar vasitəsilə. Bundan əlavə, 2021-ci ildə “Xeyirxahlıq dairəsi” adlı xüsusi fond fəaliyyətə başlayıb, ona həm qeydiyyatdan keçmiş, həm də keçməmiş nadir xəstələri dərmanlarla təmin etmək üçün on milyardlarla rubl ayrılıb. Son illərdə orfan xəstələrin dərman təminatının səviyyəsi xeyli yüksəlib.

- Rusiyada istehsal olunan ceneriklərin keyfiyyətini necə xarakterizə edərdiniz? Dünyada baş verən proseslər fonunda indi Rusiya bazarında onlara nə dərəcədə tələbat var?
- Rusiya Federasiyasında dərman vasitələrinin ekspertizası, qeydiyyatı, keyfiyyəti və hərəkətinə nəzarət üzrə dövlət sistemi mövcuddur. Rusiya şirkətləri elmi və sənaye bazasının inkişafına ciddi sərmayələr qoyublar. Müəssisələrin GMP tələblərinə uyğunluğunu yoxlamaq üçün milli sistem tətbiq edilir. Xarici şirkətlərin əksəriyyəti öz istehsalını lokallaşdıraraq öz dərmanlarını de-yure və de-fakto Rusiya məhsulu kimi istehsal etməyə başlayıblar. Buna görə də, son illərdə rus ceneriklərinin keyfiyyəti mütəxəssislər və ictimaiyyət arasında xüsusi narahatlıq yaratmayıb.

- Necə düşünürsünüz, Rusiya, Azərbaycan və Mərkəzi Asiya ölkələrinin əczaçılıq şirkətləri, tibb elmi-tədqiqat müəssisələri arasında əməkdaşlığı regional səviyyəyə necə çıxarmaq olar?
- Maraq sualdır. Düşünürəm ki, əməkdaşlıq üçün potensial var. Hər şey inzibati strukturların, əczaçılıq biznesinin və bütövlükdə cəmiyyətin marağından asılı olacaq. Əməkdaşlıq həmişə yaxşıdır, həmkarların praktikalarını və ən yaxşı təcrübələrini bölüşməsi üçün fürsətdir. Xüsusilə də, mahiyyətcə mühüm sosial problemləri həll edən əczaçılıq sənayesində.

Seymur Məmmədov
AzVision.az


Teqlər: Dərman   Əczaçılıq  





Xəbər lenti