Niyə müharibə? – Eynşteynin Freydə məktubu

// İki dahi ən böyük bəşəri suala hansı cavabı veriblər

   Niyə müharibə? –    Eynşteynin Freydə məktubu
  30 Sentyabr 2022    Oxunub:3087
1931-ci ildə İntellektual Əməkdaşlıq İnstitutu, Millətlər Liqasının (BMT-nin prototipi) təklifi ilə Albert Eynşteyni özünün seçdiyi istənilən fikir adamıyla siyasi və ümumbəşəri sülhə nail olmaq yolları haqqında fikir mübadiləsi aparmağa dəvət etdi. Albert Eynşteyn əqidəli pasifist idi. Müharibələrə son qoymağın mümkün olub-olmaması sualına cavab axtararkən, insan təbiəti üzrə əsas mütəxəssis hesab etdiyi Ziqmund Freydə müraciət etmişdi. Beləcə, iki dahi arasında yazışma başladı.
Onlar 1927-ci ildə qısa müddət ərzində ünsiyyətdə olmuşdular. Böyük fizik psixoanalizə şübhə ilə yanaşmasına baxmayaraq, Freydin yaradıcılığına heyran idi.
Eynşteyn psixoloqa ilk məktubunu 1931-ci il aprelin 29-da yazıb. Freyd diskussiya dəvətini qəbul edir, lakin fikirlərinin çox pessimist görünə biləcəyini də əvvəlcədən bildirir.

İl ərzində mütəfəkkirlər bir neçə dəfə məktublaşdılar. Taleyin ironiyasına baxın ki, məktublar 1933-cü ildə, Hitler Almaniyada hakimiyyətə gəldikdən sonra nəşr olunub və nəticədə həm Freyd, həm də Eynşteyn ölkədən qovulublar.

İndi – dünyanın nüvə müharibəsinin bir addımlığında dayandığı bir vaxtda iki dahinin yazışması xüsusi maraq doğurur. AzVision.az bunu nəzərə alaraq, həmin məktubları oxucularına təqdim edəcək.

Albert Eynşteynin Ziqmund Freydə məktubu
30.07.1932, Potsdam yaxınlığı

Nə üçün müharibə?

Əziz professor Freyd!
Millətlər Liqasının və onun Parisdəki Beynəlxalq İntellektual Əməkdaşlıq İnstitutunun məni maraqlandıran məsələ ilə bağlı səmimi fikir mübadiləsinə istədiyim şəxsi dəvət etmək təklifi bu mövzunu Sizinlə müzakirə etməyim üçün əla fürsət verir. Fikrimcə, bu məsələ sivilizasiyanın qarşısında duran digər problemlər arasında ən aktualıdır. Problem belə qoyulur: bəşəriyyətin müharibə təhlükəsindən qurtulmasının yolu varmı?

Müasir elm inkişaf etdikcə bizə məlum olan sivilizasiyanın olum və ölüm məsələsini əhatə edən bu çətin sual haqqında biliklər də çoxalır; bununla belə, problemi həll etmək üçün bütün məlum cəhdlər acınacaqlı fiasko ilə başa çatıb. Üstəlik hesab edirəm ki, bu məsələni peşəkarcasına həll etməli olanlar əslində ona sadəcə daha çox aludə olur və bu səbəbdən də həlli getdikcə çətinləşən dünya əhəmiyyətli problemlərə üstün perspektiv baxışı ilə seçilən elm adamlarının qərəzsiz rəyləri ilə maraqlanmağa başlayıblar.

Mənə gəlincə, fikirlərimin vərdiş halını almış obyektivliyi insan iradəsinin və hisslərinin qaranlıq nöqtələrinə nüfuz etməyə imkan vermir. Buna görə də, təklif olunan sualı araşdırarkən bu problemlə mübarizədə insan instinktləri haqqında geniş biliklərinizi tətbiq etmənizə zəmin yaratmaq üçün yalnız müzakirənin təşkilinə cəhddən başqa nəsə edə bilmərəm. Elə psixoloji maneələr var ki, təfəkkür elmindən bixəbər insanlar onları yalnız dümanlı şəkildə təxmin edirlər. Qarşılıqlı təsir və mental hiyləgərliklərinin şıltaqlıqları onlara öz səriştəsizliklərinin dərinliyini ölçməyə imkan vermir; bununla belə əminəm ki, siz siyasətdən az-çox kənarda qalan və bu maneəni dəf etməyə imkan verəcək tərbiyə və təhsil sahəsindən müəyyən üsullar təklif etməyə qadirsiniz.

Mənsə milli suverenlik probleminin xarici (inzibati) aspektinə dair ən sadə mülahizələri nəzərdən keçirəcəyəm: məsələn, millətlər arasında yaranan hər hansı münaqişəni həll etmək üçün beynəlxalq konsensus əsasında qanunvericilik və məhkəmə orqanının yaradılmasını. Hər bir xalqın bu orqanın qərarlarına əməl etməsi, onu bütün mübahisələri həll etməyə çağırması və bu tribunalın öz dekretlərini yerinə yetirmək üçün zəruri saydığı tədbirlər görmək öhdəliyi götürməsi yaxşı olardı.

Lakin elə buradaca bir maneə ilə qarşılaşıram; tribunal insan müəssisəsidir və onun səlahiyyəti müəyyən olunmuş qərarlara nə qədər az adekvat olursa, hüquq çərçivəsindən kənar təzyiq göstərməyə bir o qədər çox meyillənir. Bu faktla hesablaşmağa məcburuq: qanun və güc istər-istəməz yanaşı gedir və cəmiyyət hüquqi idealın təntənəsi üçün gücdən nə qədər effektiv istifadə edirsə, hüquqi qərarlar da ideal ədalətə bir o qədər yaxınlaşır (lap ictimai tələb kimi səsləndi).
Hazırda biz şəksiz səlahiyyətli qərarlar çıxarmaq hüququna malik və onların həyata keçirilməsi üçün əlində mütləq hakimiyyət olan dövlətüstü bir təşkilat yaratmağa qadir deyilik. Beləliklə, ilk aksiom ortaya çıxır: beynəlxalq təhlükəsizlik istənilən xalqın hüquqlarını, fəaliyyət azadlığını və suverenliyini müəyyən şəkildə məhdudlaşdırır, ancaq müzakirə olunan mənada təhlükəsizliyi təmin edəcək başqa yolun olmadığı da aydındır.


Son on ildə bu sahədə nəticəyə nail olmaq cəhdlərinin uğursuzluğu heç bir şübhə yeri qoymur ki, istənilən səyləri iflic edən güclü psixoloji amillər hərəkətə keçir. Onlardan bəzilərini axtarmaq üçün uzağa getməyə ehtiyac yoxdur. Hər bir xalqın hakim sinfini xarakterizə edən hakimiyyət istəyi milli suverenliyin istənilən şəkildə məhdudlaşdırılmasına ziddir. Siyasət ticarətin və ya istehsalın maraqları ilə qidalanır. Mən əxlaqa və cəmiyyətin istəklərinə məhəl qoymadan öz maraqları naminə daha da güclənmək üçün müharibəni vasitə hesab edən mütəşəkkil azsaylı qrupu nəzərdə tuturam.

Bu aşkar faktın etirafı faktiki vəziyyəti qiymətləndirmək üçün sadəcə ilk addımdır. Nəticə etibarı ilə çətin sual yaranır: necə olur ki, kiçik bir qrup çoxluğun iradəsini özünə tabe edərək, şəxsi ambisiyaları naminə onu itkilərə və əzablara məcbur edə bilir? (“Çoxluq” deyəndə, müharibəni peşə kimi seçən, öz irqinin ali maraqlarını müdafiə etdiyinə və hücumun ən yaxşı müdafiə olduğuna inanan istənilən döyüşçünü də istisna etmirəm.) Bu sualın adi cavabı belədir: hazırda azlıq hakim sinifdir, onun əlinin altında mətbuat və məktəblər, ən əsası da kilsələr var. Bu, azlığa imkan verir ki, kütlənin emosiyalarını təşkil etsin və yönləndirsin, onları öz iradəsinin alətinə çevirsin.

Ancaq bu cavab problemin həllinə aparmır. Ondan yeni bir sual çıxır: niyə insan onu öz həyatını qurban verməyə məcbur edən vəhşi entuziazma sürüklənməsinə imkan verir? Yalnız bir cavab vermək olar: çünki nifrət və məhvetmə ehtirası insanın özündədir. Sakit vaxtlarda bu istək gizli formada mövcuddur və yalnız qeyri-adi şəraitdə özünü göstərir. Onunla oynamaq və onu şişirib kollektiv psixozun gücünə çevirmək də çətin deyil. Görünür, nəzərdən keçirilən bütün amillər kompleksinin gizli mahiyyəti bundadır və bu müəmmanı yalnız insan instinktləri sahəsinin mütəxəssisləri həll edə bilərlər.

Beləliklə, son suala yaxınlaşdıq. Bəşər övladının mental təkamülünü onu qəddarlıq və məhvetmə psixozlarına müqavimət göstərəcək şəkildə idarə etmək mümkündürmü? Burada mən təkcə, necə deyərlər, savadsız kütlələri nəzərdə tutmuram. Təcrübə göstərir ki, çox zaman məhz ziyalı deyilən təbəqə bu fəlakətli kollektiv təlqini qəbul etməyə meyilli olur, çünki “kobud” reallıqla birbaşa təmasda olmayan intellektual onun spiritual, süni forması ilə mətbuat səhifələrində qarşılaşır.

Bura qədər yalnız beynəlxalq münaqişələr kimi tanınan xalqlararası müharibələrdən danışırdım. Amma yaxşı bilirəm ki, aqressiv instinkt başqa formalarda və şəraitlərdə də işləyir. (Əvvəllər dini ehtiraslar, indi isə sosial faktorlar və ya irqi motivli təqiblər nəticəsində yaranan vətəndaş müharibələrini nəzərdə tuturam.)

Diqqəti qəsdən insanlararası konfliktin ən tipik, əzablı və pozğun formalarına yönəldirəm ki, hər hansı silahlı münaqişənin qarşısını almaq üçün yol və vasitələr tapmağa hazır olaq.

Bilirəm ki, Sizin yazılarınızda bu aktual və cəlbedici problemin bütün təzahürləri üçün açıq və ya eyhamlı izahlar tapa bilərik. Amma dünyada sülh problemini son araşdırmalarınızın işığında təqdim etsəniz, düşünürəm ki, o zaman yeni və səmərəli fəaliyyət yollarını həqiqət çırağı ilə işıqlandırar, hamımıza böyük xidmət etmiş olarsınız.

Səmimiyyətlə, Sizin A. Eynşteyn

Freydin Eynşteynə cavabını tezliklə AzVision.az-da oxuya biləcəksiniz.

Tərcümə: Nadir Quliyev



Teqlər: Müharibə   Fəlsəfə   Psixologiya  





Xəbər lenti