Əldən-ələ keçən şəhər: Liman niyə önəmlidir?

   Əldən-ələ keçən şəhər:    Liman niyə önəmlidir?
  02 Oktyabr 2022    Oxunub:3653
Donetsk vilayətinin şimalında yerləşən Liman şəhəri regional miqyasda strateji əhəmiyyətə malikdir. Çünki bölgənin əsas dəmiryolu xətləri oradan keçirlər və ən böyük dəmiryolu qovşağı da məhz burada yerləşir. Limanda ilk parovoz deposu hələ 1911-ci ildə tikilmişdi. Donetsk şəhərindən 136 km, Kiyevdən 674 km aralıdadır.
Liman – Ukrayna dilində “göl” deməkdir. Şəhər qədim göllərin qalıqlarının yaxınlığında yerləşdiyi üçün belə adlanır. 1923-cü ildə Liman stansiyasının “sovetləşdiyini” göstərmək üçün adının əvvəlinə “qırmızı” sözü əlavə edilib. 1938-ci ildə stansiyanın və yaxınlıqdakı eyniadlı kəndin birləşməsi nəticəsində Liman şəhəri yaradılaraq, inzibati mərkəzə çevrilib.

1942-ci ildə sovet qoşunları alman hücumlarının qarşısında geri çəkilərək, Limanı boşaldıblar. Bir il sonra şəhər Voroşilovqrad əməliyyatının gedişində hitlerçilərdən azad edilib.

1950-ci illərdən başlayaraq, burada müxtəlif sənaye obyektləri, zavodlar, fabriklər yaradılıb. Tikinti sənayesi üçün xammal istehsalı şəhərin iqtisadiyyatının əsasını təşkil edirdi.

2014-cü ilin mayında qanunsuz “Donetsk Xalq Respublikası”nın hərbi hissələri şəhəri tutub. İyunda Ukrayna ordusu Limanı geri qaytarıb. 2016-cı ildə şəhərin adından “Qırmızı” sözü götürülüb.

2022-ci ilin mayında bu dəfə rus ordusu şəhəri tutub. Britaniya kəşfiyyatının məlumatında deyilirdi ki, Limanın tutulması Donbasda hücumun genişləndirilməsini təmin edəcək. Amma alınmadı.

Oktyabrın 1-də Ukrayna Silahlı Qüvvələri Limanı yenidən azad ediblər. Şəhərin itirilməsi Rusiyada geniş müzakirələrə səbəb olub.

Samir Quliyev
AzVision.az



Teqlər: Liman  





Xəbər lenti