Yaxşı ki torpaqları sülhlə yox, hərblə azad etdik – Ədalət Verdiyevin yazısı

   Yaxşı ki torpaqları sülhlə yox, hərblə azad etdik –    Ədalət Verdiyevin yazısı
  03 Oktyabr 2022    Oxunub:2676
Əvvəllər ən çox ehtiyat etdiyim münaqişənin sülh yolu ilə həlli idi. Azadlıq mübarizəmizin ilk mərhələsində döyüşlərdə mənim də iştirakımla itirdiyimiz ərazilərimizin sülh yolu ilə qaytarılmasını heç zaman arzu etmədim. Bunün mümkünlüyünə heç zaman inanmadım da. Sülh yolu ilə minnətlə bizə qaytarılacaq ərazilərimiz nə bizim alnımızdakı ləkəni təmizləyəcəkdi, nə də çiyinimizdə daşıdığımız məğlubiyyət yükünü azaldacaqdı.
Çox şadam ki, Azərbaycan ərazilərini döyüş meydanında və “Dəmir Yumruq” hesabına azad etdi. Ləkəni erməni işğalçılarının alnına köçürdük, yükümüzü də vandalların çiyinlərinə yüklədik. Əlavə olaraq Ermənistan hakimiyyəti də öz xalqına kifayət qədər ağrı, qəm, qüssə, kədər, əzab, ah-nalə, göz yaşı, ümidsizlik, xəcalət, rüsvayçılıq, başıaşağılıq və bunlardan qaynaqlanan mənəvi ruh düşkünlüyü bəxş etdi. Erməni vətəndaşlardan kiminsə özünün və ölkəsinin Azərbaycanla münasibətləri normallaşdırmadan gələcəyinə inamı qalıbsa, onu mütləq psixoloqa göstərmək lazımdır.

Təbii ki, döyüşlərdə aslan kimi övladlarımızın şəhid olması və yaralanması bizi dərindən kədərləndirir, amma əfsuslar olsun ki, müharibə itkisiz olmur. Atəşkəs dövründə də Ermənistan təxribatları nəticəsində itkilər verirdik. Eyni itkilərlə İsrail və Türkiyə kimi dost ölkələr onillərdir ki, qarşılaşırlar. Ermənistan kimi düşmənlə qarı-qarşıya olduğumuz üçün təəssüflər olsun ki, hələlik itkilərdən sığortalanmaq mümkün deyil.

Şəhid və yaralılarımızın qəhrəmanlığı sayəsində əldə etdiyimiz Qələbə nəticəsində adımızı azsaylı qalib xalqlar sırasına yazdıra bildik. Bu gün Azərbaycan 21-ci əsrin qalib ölkəsidir. Buna nail olmaq üçün böyük bir məsafə qət etməli olduq. İlk növbədə Sialahlı Qüvvələrimizin təhsil sistemini yenilədik, silahlanmaya müasir sistem və kompleksləri qəbul etdik, dost və tərəfdaş ölkələrlə birgə təlimlər keçirdik, çox sayda təcrübə mübadiləsi apardıq. Müasir PUA-lar, idarəolunan yüksək dəqiqlikli silahlar, uzaqmənzilli artilleriya sistemlər və modernləşdirilən aviasiya vasitələri Ordumuzun döyüş imkanlarını düşmənlə müqayisəolunmaz səviyyədə yüksəltdi.

Diplomatik sahədə rəqibləri əməkdaşa, əməkdaşları tərəfdaşa, tərəfdaşları dosta, dostları isə qardaşa çevirə bildik. Bu proseslər uzun müddət tələb etsə də, sonda Ermənistanı siyasi, hərbi, iqtisadi və diplomatik sahədə dalana yerləşdirə bildik. Bu Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü dövlət strategiyası həyata keçirməsi sayəsində mümkün oldu. Qarabağ məsələsində heç bir ölkə və ya beynəlxalq ictimaiyyət aşkar şəkildə işğalçı ölkəni dəstəkləyə bilmədi.

Paşinyan kömək üçün üzv olduğu KTMT-yə on dəfədən artıq müraciət etsə də, bu təşkilat İrəvanın panikasına nəinki reaksiya vermədi, hətta bu müraciətləri müzakirə belə etmədi. Özünə azca hörmət edən istənilən müstəqil hakimiyyət 1-2 cavabsız müraciətdən sonra KTMT-ni tərk etməli, heç olmasa bu barədə bəyanat verməli idi. Ermənistanı vecinə almayan KTMT-yə cavabsız müraciətlərinin sayı artırmaqla İrəvanın nə etmək istədiyi hələ məlum deyil. Görünür hələ də anlaya bilmirlər ki, KTMT hansısa üzv ölkənin, o cümlədən Ermənistanın əvəzinə MDB üzvü olan Azərbaycana qarşı savaşmaq üçün yaradılmayıb.

Ermənistanın hazırkı dalan vəziyyətinə görə özündən başqa hər bir ölkəni, xüsusilə də Azərbaycanla münasibət quran dövlətləri günahlandırması yenilik deyil. Türkiyə, Pakistan, Rusiya kimi böyük ölkələri 2 milyonluq alçaldılmış Ermənistan tərəfindən hədəfə götürülməsi siyasi lətifələr reytinqində bəlkə də ilk yeri tutur. Dəflərlə xəbərdarlıq edilməsinə baxmayaraq, Ermənistan baş verənlərdən, xüsusilə də Vətən Müharibəsindən doğru dürüst nəticə çıxarmadıqca, bu tip komik reytinqlərdə “yeni zirvələr” əldə edəcəyi qaçılmaz olacaq.

Ədalət Verdiyev, hərbi ekspert
AzVision.az üçün


Teqlər: Zəfər   Vətən-Müharibəsi  





Xəbər lenti