Peru mətbuatında Ermənistanın son hərbi təxribatı barədə danışılıb

Peru mətbuatında Ermənistanın son hərbi təxribatı barədə danışılıb
  04 Oktyabr 2022    Oxunub:315
Perunun “La Republica” qəzetində Azərbaycanın bu ölkədəki səfiri Məmməd Talıbovun Ermənistanın Azərbaycana qarşı son hərbi təxribatları ilə bağlı müsahibəsi dərc olunub.
Ölkəmizin Meksikadakı səfirliyindən AzVision.az -a bildiriblər ki, müsahibədə sentyabrın 12-dən 13-nə keçən gecə Azərbaycan-Ermənistan dövlət sərhədinin müxtəlif istiqamətlərində Ermənistanın silahlı qüvvələri tərəfindən törədilən irimiqyaslı hərbi təxribatlar barədə məlumat verilib. Bu təxribatın son iki ayda Ermənistanın silahlı qüvvələri tərəfindən həyata keçirilən silsilə hərbi təxribatların davamı, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın kobud şəkildə pozulması olduğu vurğulanıb.

Müsahibədə Azərbaycan Ordusunun mövqelərinin intensiv atəşə tutulması nəticəsində Silahlı Qüvvələrimizin şəxsi heyəti arasında itkilərin olduğu, hərbi infrastruktura ciddi zərər vurulduğu bildirilib.

Məqalədə, həmçinin Ermənistanın 2020-ci ildə tərəflər arasında imzalanmış üçtərəfli Bəyanata məhəl qoymayaraq öz silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarmadığı, torpaqlarımzı minalamaqla irimiqyaslı təxribat və terror aktları həyata keçirdiyi, bununla da humanitar hüququn müddəalarını kobud şəkildə pozduğu qeyd olunub. Ermənistanın bu cür işğalçılıq fəaliyyətlərinin regionda münasibətlərin normallaşdırılması prosesini ləngitmək məqsədi daşıdığı vurğulanıb.

Müsahibə zamanı keçmiş münaqişənin tarixi, Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq öz ərazilərini 30 illik erməni işğalından azad etdiyi 44 günlük Vətən Müharibəsinin nəticələri, torpaqlarımızın dağıdılması, talan edilməsi, kütləvi şəkildə minalanması barədə məlumat verilib.

Ölkəmizin regionda hərbi eskalasiyada maraqlı olmadığı və hər zaman münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində sülh yolu ilə həllinin tərəfdarı olduğu vurğulanıb. Azərbaycanın Ermənistanı beynəlxalq hüquqa, dövlətlərin ərazi bütövlüyü və suverenliyi prinsiplərinə hörmət etməyə çağırdığı qeyd olunub.

Ölkə rəhbərliyi tərəfindən işğaldan azad edilmiş Azərbaycan ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa işləri, o cümlədən Azərbaycanla Ermənistan arasındakı sərhədlərin delimitasiyası və demarkasiyası, regional kommunikasiyaların açılması və sülh müqaviləsinin imzalanması istiqamətində atdığı konstruktiv addımlardan bəhs edilib.

Sonda təmsilçimiz Ermənistan tərəfinin Azərbaycana qarşı növbəti təcavüzünün davam edən normallaşma və sülh prosesinə tamamilə zidd olduğunu, həmçinin Qafqaz regionunda sabitliyə təhdid yaratdığını vurğulayıb.

AzVision.az

Teqlər:







Xəbər lenti