Tarixi abidədə aparılan təmir işlərinə görə Səfərbərlik Xidmətinə müraciət edilib

   Tarixi abidədə aparılan təmir işlərinə görə Səfərbərlik Xidmətinə müraciət edilib
  04 Oktyabr 2022    Oxunub:658
Səbail rayonu, Neftçilər prospekti 51 ünvanında yerləşən abidəyə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşları tərəfindən keçirilən baxış zamanı həmin binanın fasadında ayağaltılar qurulmaqla və dam hissəsinə qeyri-qanuni müdaxilələr edilməklə təmir-bərpa işlərinə hazırlıq görüldüyü aşkar olunub.
Bu barədə AzVision.az -a Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, görüləcək işlərin dayandırılması və həmin işlərə dair layihənin razılaşdırılması ilə bağlı 16.09.2022-ci il tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə məktub ünvanlanıb. Lakin ünvanlanmış məlumatlandırıcı məktuba rəğmən layihə razılaşdırılmadan təmir işlərinə başlanılıb və hazırda davam etdirilir.
Ümid edirik ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tarix-memarlıq abidəsinin qorunmasına həssas yanaşaraq qısa zamanda təmir-bərpa işlərinin qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirilməsini təmin edəcəkdir. Əks halda yol verilmiş müdaxilə faktına görə protokolun yazılması və aidiyyəti üzrə hüquq mühafizə orqanlarına müraciət edilməsi nəzərdə tutulur.



AzVision.az


Teqlər:





Xəbər lenti