Azərbaycanda ilk dəfə “Milli Şəhərsalma Forumu” keçiriləcək

   Azərbaycanda ilk dəfə “Milli Şəhərsalma Forumu” keçiriləcək
  04 Oktyabr 2022    Oxunub:480
Azərbaycanda ilk beynəlxalq şəhərsalma tədbiri keçiriləcək
AzVision.az Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə istinadən xəbər verir ki, beynəlxalq platformanın yaradılması məqsədilə Azərbaycanda ilk dəfə “Milli Şəhərsalma Forumu” keçiriləcək.

2 gün davam edəcək Forum 5-6 oktyabr tarixlərində Ağdam və Bakı şəhərlərində baş tutacaq.

Sözügedən Forum BMT-nin Məskunlaşma Proqramının (“UN-Habitat”) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı və Azərbaycan Diplomatik Akademiyasının (ADA Universiteti) təşkilati dəstəyi ilə həyata keçiriləcək. Post-konflikt şəraitində yenidənqurma və reabilitasiyanın, o cümlədən konflikt sonrası bərpanın əhəmiyyətini nəzərə alaraq, Azərbaycan Milli Şəhərsalma Forumunda (NUFA) diqqət təbii və texnogen xarakterli fövqəladə halların təsirinə məruz qalmış ərazilərdə yaşayış vasitələrinin bərpası və bu torpaqlara həyatın qaytarılması üçün Dayanıqlı İnkişaf Məqsədləri və Yeni Şəhər Gündəliyinin potensialından istifadəyə yönəldiləcək.

İlk Milli Şəhərsalma Forumunda 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan şəhərsalma, bərpa və quruculuq işlərinin, burada tətbiq olunan texnologiyaların, unikal təcrübənin və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına xüsusi diqqət yetiriləcəkdir.

Azərbaycan Milli Şəhərsalma Forumu şəhərlərin bərpası ilə bağlı beynəlxalq və çoxtərəfli əməkdaşlıq üçün unikal imkan yaradacaq və şəhər ərazilərində böhranların aradan qaldırılmasına dair çətinliklərin müəyyən edilməsi və həllərin müzakirəsi ilə bağlı bilik və təcrübə mübadiləsi aparmaq üçün platforma rolunu oynayacaqdır.

Forum haqqında, habelə çıxış edəcək spikerlər, gündəlik və digər detallar haqqında ətraflı məlumat əldə etmək üçün hər kəsi www.nufa.az internet səhifəsini ziyarət etməyə dəvət edirik. Məlumat üçün bildirək ki, İlk Azərbaycan Milli Şəhərsalma Forumu onlayn olaraq rəsmi internet səhifəsi üzərindən də canlı yayımlanacaqdır.

Qeyd edək ki, Azərbaycan Milli Şəhərsalma Forumu 2022-ci ilin oktyabr ayı üzrə Şəhərsalma məsələlərinə həsr olunmuş aylıq silsilə tədbirlər çərçivəsində baş tutacaq. Belə ki, 2022-ci ildə Şəhərsalma məsələlərinə həsr olunmuş aylıq silsilə tədbirlərə 3 oktyabr tarixində “Karbonsuz dünya üçün şəhərlərdə fəaliyyətin sürətləndirilməsi” mövzusuna həsr edilən Ümumdünya Yaşayış Məskənləri Günü ilə start veriləcəkdir.

AzVision.az



Teqlər:





Xəbər lenti