"Hər bir xalın bizim üçün böyük önəmi var" - Qurban Qurbanov

Qurbanov bildirib ki, Yunanıstan təmsilçisi ilə görüşdə diqqətli olmalıdırlar: "Oyun ərzində görmədiyimiz detallar ola bilər. Bizi yalnız bu amil narahat edir. Amma öz oyunumuz haqqında düşünməli, meydanda daha çox mübarizə aparmalıyıq. Çox diqqətli olmalıyıq. İnanıram ki, maraqlı görüşün şahidi olacaqsınız. Matçın mahiyyətini başa düşürük. Rəqibin müsahibələrindən də hiss olunur ki, qarşılaşmaya çox ciddi hazırlaşırlar. Onlarla ardıcıl həm burada, həm də Bakıda üz-üzə gələcəyik. Hər iki tərəf üçün vacib matçdır. Oyuna tam hazır və çox istəkliyik. Sabah yaxşı mübarizə göstərmək istəyirik. Futbolçularıma güvənirəm".
Çalışdırıcı bunu da qeyd edib ki, növbəti mərhələ üçün mübarizə son turadək davam edəcək: "Müasir futbolda istənilən komandanın qalib gəlmə və məğlub olma ehtimalı var. “Olimpiakos”la oyuna sadəcə 3-cü tur matçı kimi baxıram. Son oyuna kimi hər qarşılaşma bizim üçün vacib olacaq. Dəfələrlə olub ki, üstün çıxış etməyimizə baxmayaraq, sonda qrupda qalmışıq. PAOK-la ardıcıl iki görüşdə də 4 xal qazansaq da, qrupdan çıxa bilməmişdik. Hər bir xalın bizim üçün böyük önəmi var. Bir məğlubiyyət hər şeyi dəyişə bilər. Hazırkı nəticəmizi daha da yaxşılaşdırmaq istəyirik. Qrupdakı hər 3 komandaya eyni gözlə baxırıq. Hər matça eyni ciddiliklə hazırlaşırıq və bu, hər zaman belə olacaq".
Qeyd edək ki, sabah "Georgios Karaiskakis" stadionunda keçiriləcək "Olimpiakos" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
AzVision.az
Teqlər: